Gürcüstandan avtomobil gətirmək daha sərf etmir

Rustavi şəhərindəki maşın bazarının bağlanmasının səbəbləri çoxdur


Gürcüstanın avtomobil bazarı satışa çıxarılıb. Məlumata görə, Ukraynanın "Privat” Maliyyə-Sənaye Qrupu obyektdəki payını hərraca çıxarıb. Rustavi şəhərində yerləşən bazarın ilkin qiyməti 30 mln. dollardır.

Hərrac iyulun 31-də keçiriləcək. Məlumat üçün bildirək ki, satışa çıxarılan "Autopapa Rustavi avtomobil bazarı” şirkətinə "Mikado-Gürcüstan” ASC (torpaq sahəsi və bir neçə bina), "Rustavi avtomobil bazarı” ASC (kommersiya obyekti və onu idarə edən şirkət), "Rustavi-terminal plyus” ASC (gömrük zonasının əməliyyat idarəçiliyi), "Rustavi-komfort” ASC (mehmanxana və iaşə obyektləri) və autopapa.ge internet portalı daxildir. Şirkətin baş direktoru Yevgeni Ustinov "Kommersant”a açıqlamasında Kiyevdəki menecerlər tərəfindən belə qərarın qəbul edilməsinin səbəblərindən məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, hazırda avtomobil bazarına maraq göstərən 3 şirkətlə danışıqlar aparılır: "Biz bütün mümkün variantları - istər şirkətin payının, istər də obyektin tam satışını nəzərdən keçiririk”. Qeyd edək ki, "Privat” Maliyyə-Sənaye Qrupu ukraynalı milyarderlər İqor Kolomoyski və Gennadi Boqolyubova məxsusdur. Bunun səbəblərinə aydınlıq gətirən "Aftosfer”.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, o bazarda Azərbaycan avtomobil bazarının da böyük payı vardı. Ancaq Avro-4 standartı tətbiq olunandan sonra həmin bazardan Azərbaycana gətirilən maşınların sayında 60 faiz azalma baş verdi: "Məlumdur ki, Gürcüstan bazarından ölkəmizə ili köhnə maşınlar gətirilirdi. Avro-4 standartı o tələbləri arxa plana keçirdi və buna görə də ili köhnə avtomobillər ölkəmizə buraxılmır. Qonşu ölkənin əsas maşın müştəriləri azərbaycanlılar olurdu. Sözügedən standart gündəmə gələndən sonra ora maşın almağa gedənlərin sayında da kəskin azalma müşahidə olundu. Bu da Gürcüstanın maşın bazarında əməlli-başlı durğunluq yaratdı”. E.Muradlı gömrük rüsumlarının da yüksək olduğunu söyləyib: "Əvvəllər 20 min manata 3 avtomobil gətirirdilər. İndi isə o pula bir avtomobili güclə əldə edirlər. Bu səbəbdən Gürcüstana gedən yoxdur”. Müsahibimizin fikrincə, Azərbaycanın da maşın bazarında böyük durğunluq yaşanır: "Müəyyən avtosalonlar bağlandı. Bəzi alverçilər gətirdikləri maşınları dəyər- dəyməzinə satıb, bazardan çıxdı. Çünki əvvəllər 10-11 minə iki maşın alıb, bazara çıxa bilirdi. Amma indi 15 min manatla heç nə etmək olmur. Bu cür insanların Gürcüstana axını azaldıqca, oranın da maşın bazarında geriləmə başladı. Bütün hallarda inanmıram ki, Gürcüstan hökuməti o bazarın tam bağlanmasına imkan versin”.

Ayyət Əhməd