Fransanın məşhur qəzeti Avropa Oyunlarından yazdı

“Açılış mərasiminə 68 min tamaşaçı təşrif buyurmuşdu. Bu, balaca rəqəm deyil”
“Azərbaycan rekorda imza ataraq bu yarışa 30 ay müddətinə hazırlaşdı”




Sherg.az xəbər verir ki, Fransanın məşhur "Le Figaro” qəzeti Azərbaycanda baş tutan ilk Avropa Oyunlarından yazıb. "Birinci Avropa Oyunları Bakı üçün böyük bir şansdır” başlığı ilə dərc olunan məqalədə qeyd olunur ki, bu tədbir Azərbaycana öz həqiqətlərini və inkişafını sübut etmək imkanı qazandırıb.

Bundan başqa, müəllif iddia edir ki, Oyunların açılış mərasimi hər şeyin çox yüksək səviyyədə təşkilindən xəbər verirdi: "Azərbaycan rekorda imza ataraq bu yarışa 30 ay müddətinə hazırlaşdı. Və 20 idman növü üzrə 50 ölkədən 600 atlet qəbul etdi. Hətta cəsarətli addım ataraq həmin atletlərin xərclərini öz üzərlərinə götürdü. Oyunlar zamanı Azərbaycan öz zəngin tarixini, mədəniyyətini və qonaqpərvərliyini nümayiş etdirə bildi. Həmişə sülh, barış, dostluq və qardaşlığın tərəfdarı olduğunu ortaya qoydu. Hətta Azərbaycan daha tolerant və demokratik addım ataraq torpaqlarını işğal etmiş Ermənistan idmançılarını da dəvət etmişdi. Şübhəsiz ki, erməni idmançılarına da dözümlü yanaşıldı. Onlara qarşı heç bir ədalətsizlik və qayda pozuntusu baş vermədi. Bununla Azərbaycan demokratik ənənələrə sadiq qaldığını bütün dünyanın diqqətinə çatdırdı”.

Eyni zamanda qəzet yazır ki, Azərbaycan xalqı bu Oyunları bayram kimi qeyd edib: "Təsəvvür edin, açılış mərasiminə 68 min tamaşaçı təşrif buyurmuşdu. Bu, balaca rəqəm deyil. Əlbəttə, onların əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Lakin izləyicilər sırasında müxtəlif irqə və dinə mənsub insanlar görmək olardı. Yəni, Azərbaycan monoetnik deyil, müxtəlif xalqarın məskunlaşdığı bir ölkədir. Bu da Azərbaycanda müxtəlif xalqlara yanaşmanın yüksək səviyyədə olmasından irəli gəlir”.

Sonda müəllif onu da əlavə edib ki, tarixən Azərbaycan şimaldan Rusiya, cənubdan İran, qərbdən isə Ermənistanın təzyiqinə məruz qalıb: "Bu ölkə çox böyük ədalətsizliklərlə üzləşib. Lakin öz siyasi, iqtisadi və sosial iradəsi sayəsində yalnız 24 il bundan əvvəl müstəqillik əldə edib. Bu gün Azərbaycan yüksələn xətt üzrə inkişaf edir. İqtisadiyyatı getdikcə zənginləşir. Biz bu tərəqqini gözümüzlə görmüşük”.

Ayyət Əhməd