
“Məmurun, pullu kişinin qabağına qaçmamışam”
Aftandil İsrafilov: “Heç kimin stoluna yaxınlaşıb qarmonu göyə qaldırmamışam”

"Ölkədə minlərlə qarmonçalan var, hamısı sıra ilə düzülsün, mənim kimi çala bilən ola bilməz”
Bir çoxlarının həyatında, heç olmasa, ömründə bir dəfə də olsa, "Ad günü” filmində səslənən və bu gün dillər əzbəri olan "Ad günü” mahnısının bir izi var. Nə vaxtsa, hansısa doğum günündə təbriklər səslənərkən məhz bu mahnı hər birimizin ömür yolunda izini qoya bilib.
Biz bu gün bu mahnının müəllifindən danışmaq istədik. İstədik məşhur "Ad günü” filmində ifa olunan o məşhur musiqinin müəllifindən danışaq. Söhbət Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovdan gedir. Onunla çox sevdiyi qarmondan danışdıq.
- Adlı-sanlı qarmon ifaçıları olub, indi də var. Amma onların arasında Aftandil İsrafilov qarmonun simvoluna çevrilib. Bunun bir sirri var?
- Bu gün qarmon ifaçıları arasında çoxlu istedadlı sənətkarlar var. Misal üçün, yaşıdlarımdan Xanlar, Şəmsi, Faiq, cavanlardan Ənvər Sadıqovun adını çəkə bilərəm. Sirr məsələsinə gəldikdə, heç bir sirr yoxdur. Sadəcə olaraq, mən yalnız yaşıdlarımın məni sevmələri ilə kifayətlənmədim. Özümə söz vermişdim ki, məndən sonrakı nəsillər də qarmonu mənə görə sevməlidirlər.
- Aftandil müəllim, hər sahədə paxıllıq, qısqanclıq var. Ola bilməz ki, sizi qısqanan olmasın...
- Mən bunu təsdiq edirəm, əgər qısqanclıq olmasa, sənətkar passivləşər. Niyə məni gənclər tanımasınlar ki? Əvvəllər məni qocalar, 20-25 yaşlı gənclər tanıyırdısa, indi uşaqlar da tanıyırlar. Küçədə gedəndə uşaqlar yaxınlaşıb salam verirlər. Açığını deyim, bu mənə ləzzət edir.
- Bir ara xəbər yayılmışdı ki, Aşıq Ədalət, Rəmiş bir də siz birlikdə konsert verəcəksiniz...
- Rəmişlə Aşıq Ədalət bir dəfə belə bir iş görmək istədilər, alınmadı. Çünki Ədalətin üslubuna gərək uyğunlaşasan. Yoxsa mənim barmaqlarım itidir deyə, qarmonu istədiyim kimi çalım, o qalsın kənarda və mən ona qalib gəlim - bu, düzgün deyil. İnşallah, Rəmişdən, Aşıq Ədalətdən başqa bir çox virtuoz instrumental ifaçılar var, onlarla birlikdə bir konsert vermək istəyirəm. Bundan başqa, bir çox layihələr üzərində işləyirəm, bunlar barəsində ətraflı ona görə danışmıram ki, bizdə oğrular çoxdur.
- Təxminən nə qədər musiqi yazmısız?
- Mənim 100-ə qədər musiqi havam var. Amma bəzən naşı adamlar həmin musiqilərin müəllifi kimi başqasının adını yazırlar. Misal üçün, mənim "Kəmalə” rəqsimi Zeynəb xanımın musiqisi kimi verirlər bəzən. Bütün dünya bilir ki, o mənim musiqimdir. Heç bundan Zeynəb xanımın da xəbəri yoxdur. Yəni yaradıcılıq elə bir sahədir ki, sənin yaratdıqların balaların kimidir. Onların adı kimi, atası, anası da var. Mənim mahnılarımın atası mənəm. Demək, müəllif kimi adım çəkilməlidir.
- Həmin musiqilər Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıbmı?
- O musiqilərin böyük əksəriyyəti bu saat "Qızıl fond”da saxlanılır. Hamısı qeydiyyata alınıb. Mən həmin musiqilərə görə o qədər qonorar almışam ki! İndi bir az fasilə vermişəm, inşallah,
dövlətimizin vəziyyəti düzələn kimi həmin musiqilərə görə qonorar tələb edəcəyəm. Ümumiyyətlə, bundan sonra fikirləşirəm ki, televiziyadakı çıxışlarıma görə əvvəllər olduğu kimi, qonorar tələb edim. Bəzi ifaçılar var, efir üçün dəridən-qabıqdan çıxırlar. Belə sənətkarlıq lazım deyil. Vicdan haqqı, xəcalət çəkirəm, sənətkar öz mənliyini, səviyyəsini gözləməlidir. Çünki sənətkar özünü heç vaxt məcburən xalqa sevdirə bilməz. Xalqın sevdiyi sənətkara da heç kim bata bilməz. Hansı ucqar bir kənddə yaşamasına baxmayaraq, əgər istedadı varsa, xalq onu üzə çıxaracaq...
- Qarmonunuzu başdan-ayağa qızıl lövhəciklərlə bəzəmisiniz...
- Onu mən bəzəmirəm, mənim üçün ediblər. Mən heç kimə deməmişəm ki, qarmonuma qızıldan bəzək vursun. Bunları mənə hədiyyə ediblər. Doğrudur, indi artıq dəb alıb, uşaq-muşaq da qarmonunu qızılla bəzəyir...
- Amma qarmonu dilləndirən barmaqlardır, axı...
- Barmaqlarıma da qızıl taxıram... Mənim barmağımda həmişə bahalı üzüklər olub. Amma hamısına birdən taxmaq olmaz, axı. Barmağımda həmişə qızıl üzük olur... Bir də, barmağı hərəkətə gətirən ürək əsas şərtdir. Cümlə nədir? Bitmiş bir fikri ifadə edən bir və ya bir neçə sözdən ibarət söz birləşməsi... Qarmonda da gərək cümlə olsun. Yoxsa olacaq "qart-qurt”.
- Bu gün əksər qarmonçalanlar qarmonu axıra qədər uzadırlar. Qarmon ağır alətdir, heç cürə onu axıradək uzatmaqla çalmaq mümkün deyil, adam yorular. Bunun üçün neyləmək lazımdır?
- Qarmonun sol küncünü qoyursan sol dizinin üstünə, çalanda da az dartırsan ki, onu dizinlə rahat qaytarasan. Bu texnikanı indi deyirəm ki, cavanlar öyrənsinlər. Bu zaman həm qol yorulmur, həm də beyin. Qarmonçalanlar arasında böyük sənətkarlar olub. Amma qarmona ilk dəfə Heydər Əliyev qiymət verib, Aftandil İsrafilova Əməkdar artist, Xalq artisti və prezident təqaüdü verməklə. Mən deyərdim, qarmonu Azərbaycana Heydər Əliyev sevdirib. Çünki ona qədər qarmona Avropa aləti kimi baxırdılar. Gövhər Rzayeva, Kamil Vəzirov, Zakir Mirzəyev, sonra da Ənvər Sadıqov Əməkdar artist fəxri adını alıb. Kor Əhəddən tutmuş, Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, Səttar, rəhmətlik Qızxanım kimi böyük sənətkarlar fəxri adsız bu dünyadan köçdülər. Bu o demək deyil ki, onlar ada layiq olmayıblar. Sadəcə, bizim hörmətli yaşlı sənətkarlarımız, tarzən, kamanzən və xanəndələrimiz toyda qarmonçalan görəndə üz-gözlərini turşudurdular. Çünki qarmonun səsi yüksək olduğu üçün toylarda çox sevirdilər.
- Qarmonun tarixi neçənci əsrə dayanır?
- Təxminən 18-ci əsrə. Sonralar yəni 19-cu əsrdə də qarmon aləti yayılmağa başladı. Hərdən deyirlər bizim alət deyil. Yaxşı, qarmon necə bizim alət deyil ki, 19-cu əsrin əvvəllərində Kor Əhəd kimi bir sənətkarın olduğunu bilirik. Yaxşı, kor adam bunu necə tapdı, deməli, ondan əvvəl də olub da... Alətin bizim olub-olmaması şərt deyil, əsas odur ki, bizimkiləşdirmişik.
- Siz qarmon ifa etməyə necənci ildən başlamısız?
- 1958-ci ildən qarmon əlimdən düşməyib. Mən özümü tanıyandan qarmon ifa edirəm. Mənim ən yaxın dostumdu. O qədər mənə sadiqdi. Elə mən də qarmona sadiq olmuşam. Onu yüksək tutmuşam. Heç bir məmurun, pullu kişinin qarşısında özümü sındırmamışam. Heç kimin stoluna yaxınlaşıb qarmonu göyə qaldırmamışam. İndi var e, elə musiqiçilər ki, məmuru görəndə, toyda bir az imkanlı adam görəndə, yerindən durub onun qabağına qaçırlar. Mən heç kimin qabağına qaçan kişi olmamışam, mənim oturduğum yer sənətimin ziyarət yeri olub. Mənim şəxsiyyətimi də, sənətimi də heç kimi puluna satmamışam.
- Yaşınızın elə vaxtıdır ki, ustad sayılırsınız. Bəs nə üçün tələbələriniz yoxdur?
- Kim mənim yanıma övladını şagirdliyə vermək istəyirsə, beynindən keçir ki, Aftandil kimi sənətkar olacaq. Mən də onları bəri başdan başa salıram ki, Aftandilin müəllimi olmayıb. Mənim müəllimim qulağımdır, beynimdir, ürəyimdir, barmaqlarımdır... Mən notun nə olduğunu bilməmişəm. Bir də pedaqoq olmaq başqa sənətdir. Qarmonda təkcə Aftandil İsrafilov deyil ki, Zakir Mirzəyev də var. Mən həmişə söz düşəndə demişəm ki, "o qədər gözəl qarmon ifaçıları var, onlara da fəxri ad verin”. Özümün 100-dən çox bəstəm var, amma mən not bilmirəm. Mahnılarımı da əsasən gecələr yazıram. Qarmonu əlimə alanda musiqiyə elə qapılıram ki, səsinə hamı oyanır. Daxilimdən yaranıb bu mahnılarımın musiqisi. Mən not bilməsəm də, xalqın sevgisini qazanmışam. Xalqın sənətkarıyam. Görünür, elə buna görədir ki, Azərbaycanda qarmon çalanlar arasında məndən savayı heç kimə fəxri ad verilməyib. Mənim necə qarmon ustası olmağımı sübut eləməyə bu kifayət deyilmi? Mənim ifamı talantı və səviyyəsi olan insanlar dinləyir. Ulu öndərimiz Heydər Əliyevin şəxsən özü mənim pərəstişkarım olub. Ən böyük pərəstişkarım o idi. Təkcə elə bu, mənə bəsdir də. Heydər Əliyev musiqini gözəl bilirdi. Hər dəfə məni görəndə deyirdi ki, Aftandil, sənin "Kəmalə” rəqsin çox gözəldir, ürəyimcədir. Heydər Əliyev mənə daim diqqət göstərib. Bu da səbəbsiz deyildi. Ölkədə minlərlə qarmonçalan var, hamısı sıra ilə düzülsün, mənim kimi çala bilən ola bilməz. Qaldı ki tələbəyə, mənim tələbəm var. Onu kim deyir ki, tələbəm yoxdur? Var. Nizaməddin Əhmədov tələbəmdir. Milliyyətcə ləzgidir. Dəqiqliyi ilə deməkdə məqsədim odur ki, tələbəm var, özü də heç azərbaycanlı da deyil. Amma mənim mahnılarımdan ötrü sinov gedir sözün əsl mənasında.
- Özünüzü nə vaxtsa qarmondan uzaqda təsəvvür edirsinizmi?
- Ölməyimə yarım saat qalsa da, qarmon çalacağam, onsuz qalmayacam. Bu, mümkün deyil ki, Aftandil qarmondan uzaq düşsün. Qarmona toxunmasam, alınmır. Ruhum qarmonla bağlıdı. Ona toxunanda əhvalım dəyişir.
- Özünüzdən sonra sizdən yaxşı çalan qarmon ustası görürsünüz?
- İstəyirəm görüm, amma yoxdur. Hələ hazırlanırlar. Hazırda Azərbaycanda qarmon sənətkarları bütün başqa musiqi sənətkarlarından çoxdur. Səbəb mənəm, həvəsləndirən mənəm. Görürlər ki, qarmon çalmaqla ailə də dolandırmaq olur, qız qapısına gedib hörmət-izzətlə qız almaq da olur, oğul evləndirib ad-san sahibi olmaq da olur. Ona görə də çoxu qarmon ustası olmağa can atır. Kimsə bizim sahədən narazı ola bilməz ki, pul gətirməyən işdir. Əksinə, əla pullu işdir. Düzdür, Azərbaycanda məndən başqa fəxri ad alan qarmon ifaçısı yoxdur. Bəlkə gələcəkdə olacaq, amma mən birinciyəm.
Tahirə Məmmədqızı