“Vağzalı” klarnetdə daha yanğılı səslənir
Zahid Qubadlı: “Bu aləti yaxşı ifa etmək üçün, gərək muğamı biləsən”
Bir həzin musiqi var. Onun səsi hər ananı, hər atanı ağladır. Bir həzin musiqi var, bu musiqi ayrılıqdan bəhs etsə də, xoşbəxtliyə aparır. Bir musiqi var, onun səsi gələndə gəlinlər göz yaşlarına sahib ola bilmirlər.
"Vağzalı” rəqsindən, musiqisindən danışmaq istədim bu gün. Bu mahnının sədaları altında ağ gəlinlikdə ata evini tərk edən gəlinlər ağlayır, bu musiqi ilə ata evindən ər evinə yola salınır. Nə qədər qəribə olsa da, bu musiqi kövrəltsə də, ağlatsa da, xoşbəxtliyin himnini xatırladır. Hər kəs arzulayır ki, evində "Vağzalı” sədaları eşidilsin, duyulsun. Qız anası-atası qızlarının məhz bu musiqinin sədaları altında ər evinə yola salınmasını arzulayır, oğul anaları bu musiqinin sədaları altında evinə gəlin gətirməyi xəyal edir. Nə qədər qəribədir... Ağladır, sızladır, kövrəldir. Amma bu sızıltı xoşdu, hər bir valideyn bu sızıltını yaşamaq, hər bir qız bu musiqinin sədaları altında ata evindən göz yaşı tökərək ayrılmağı arzulayır. Bu musiqi iki sevəni qovuşduran bir musiqidi həm də.
"Vağzalı” klarnetin ifasında daha güclü, daha təsirli səslənir. Yəqin elə ona görə də "Vağzalı”dan danışanda ilk yada düşən musiqi aləti də klarnet olur.
Maraqlı bir yanğısı var alətin. Ağlada bilir, duyğularını pərvazlada bilir.
Uşaq yaşlarında "Vağzalı” səslənəndə kənardakıların niyə ağladığını, kövrəldiyini o qədər də dərindən başa düşə bilmirdim. Ata evimdən gəlin köçən gün bu musiqinin dəyərini, yanğısını, sızıltısını hiss etdim. "Vağzalı” çalınanda böyüyüb başa çatdığım ata evindən ayrılarkən ağlamağım yadıma düşdü. Məhz o musiqinin sədaları məni həmin gün ata evimdən ayırarkən, əslində atama bir qədər də bağlamış oldu. Bu gün də sözlə ifadə edə bilməycəyim bir duyğunun əsirinə çevrildim. İlk dəfə bəlkə də məhz o gün mən atamı nə qədər çox sevdiyimi, ona nə qədər bağlı olduğumu, onun mənim üçün nə qədər dəyərli olduğunu başa düşdüm. "Vağzalı” səsləndikcə, mən ata evindən ayrılırdım, amma əslində həm də müqəddəs bildiyim atama bağlanmışdım.
O zaman anladım ki, "Vağzalı” niyə fərqli bir musiqidir. O zaman "Vağzalı”nın nədən könül dağladığını hiss etdim. Bu gün də klarnetdə "Vağzalı” səsi gələndə atamla vidalaşdığım o səhnə gözümün önünə gəlir. Sonralar mən atamı itirdim. "Vağzalı” isə məni ona ruhən bağlayan bir musiqi kimi yaddaşıma yazıldı.
Bu gün də istədim "Vağzalı”nı mükəmməl ifa edən klarnet ifaçısı Zahid Qubadlı ilə həmsöhbət olaq.
- Klarnet digər nəfəs alətlərindən hansı özəlliyi ilə seçilir?
- Klarnetin səsi daha yanıqlı bir səsdi. Klarnet ney səsidir. Çox təmiz səsdi. İlahi bir səsi xatırladır.
- Qara zurna da nəfəs alətidir. Ondan nə ilə fərqlənə bilir?
- Qara zurnanın səsi çox zildir. Klarnet orta tembrdədir. Ney səsi klarnetdən daha yumşaqdı amma. Sadəcə klarnetdə olan yanğı digərlərində yoxdu demək olar.
- Tarixi nə vaxta dayanır?
- Klarnet Avropa alətidir. Bu çoxlarına məlumdur. Bu gün isə onu özümüzünküləşdirə bilmişik. Yəni artıq milli alətə çevrilib. Düzünü desəm, tarixi barədə çox bilgim yoxdu. Amma ən azı bizim nəsildə bu alətin bir əsrlik tarixi var. Yəni mənim ata-babam bu aləti ifa edib. Mən bu mahnıların sədası ilə böyümüşəm.
- "Vağzalı” musiqisi qarmonda da ifa edilir. Amma nədənsə, klarnetdə bu musiqi daha təsirli səslənir.
- Bəli, razıyam. Bu musiqi klarnetdə daha çox yanğılı səslənir. Duyğulandırır insanı. "Vağzalı” klarnet ifasında insanın ruhunu yerindən tərpədə bilir. Əslində bu alətin adı klarnet yox, qara neydi. İnsanın ruhunu tərpədə bilən səsi var klarnetin. Doğrudan da "Vağzalı” səsini klarnetin ifasında eşidən hər kəs təsirlənir, duyğulanıb, kövrəlir.
- Türkdilli millətlər bu gün klarnetə daha çox maraq göstərir. Baxmayaraq ki, Avropa aləti sayılır.
- Bəli, bu gün türkdilli millətlər bu alətə daha çox maraq göstərmiş olurlar. Bu da ondan irəli gəlir ki, türkdilli millətlər bu aləti artıq mənimsəyə biliblər.
- Musiqiçilər arasında da rəqabət var. Klarnet ifaçıları arasında sənə rəqib olanı varmı? Kimin ifasını bəyənirsən?
- Mən özüm klarneti 30 ildi ifa edirəm. Rəhmətlik atam da məşhur klarnet ifaçısı olub. Bizim beşiyimizin başında bu klarnet səslənib. Adaşım Zahid Sabirabadlının ifasını bəyənirəm. Gözəl sənətkardı. Amma mən özümə heç kimi rəqib görmürəm.
- Sizə qarşı paxıllıq hissi var? Hiss edirsiz?
- Təbii, sənətdə rəqabət var. Amma insan var paxıllıq edir, insan da var rəqabət aparır. Mən rəqabətə açıq olmuşam. Amma mənə paxıllıq edənləri az da olsa tanıyıram. Əgər sənətdən danışırıqsa, musiqiçi ilk əvvəl muğamı bilməlidir. Mən muğamlarımızı mükəmməl bilirəm. Atam muğamlarımızı mənə tam öyrədə bilib. Adam da var muğamdan xəbərsizdi. Amma öyrənib ifa edir də. Gənc müğənnilərin 90 faizinin muğamdan xəbəri yoxdu. Mən muğamı dərindən mənimsəmişəm. Təkəbbür kimi görünməsin. Amma indiki dövrdə güclü klarnet ifaçısı tanımıram. Sadəcə kopirovka edirlər.
- Türkiyədə məşhur klarnet ifaçısı var - Hüsnü Şənləndirici. Onu Bakıya 10 min dollara gətirirlər. Sizcə, o bu qədər güclü və bahalı musiqiçidir?
- Mən Hüsnü Şənləndiricinin o qədər də güclü musiqiçi olduğunu düşünmürəm. Ən azı mənim kimi muğamı mənimsəyə bilməz. Sadəcə insanlar reklam olunan hər nə varsa, ona maraq göstərməyi sevir. Hüsnünün reklamı güclüdür. Razıyam. Amma onu özümə rəqib görmürəm. Çünki mən ondan çox güclü klarnet ifaçısıyam.
Tahirə