Cəbhədə vəziyyət gərginləşib

Ermənistan bilərəkdən təmas xəttində qarşıdurma yaradır


Cəbhədə vəziyyət yenidən gərginləşib. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlar, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 167 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Dovex, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Cəbhədə vəziyyətin gərginləşməsini şərh edən "Şərq-Qərb” Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, bu bir çox səbəblərlə əlaqəlidir: "Rusiya Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyir. Bunun üçün də bölgədəki münaqişəni qızışdırmaq yolu ilə ondan istifadə edir. Rusiyanın münaqişə tərəflərindən hər ikisinə, Azərbaycana və Ermənistana hərbi-siyasi təsirinin olduğunu nəzərə alsaq, cəbhədəki gərginliyi daha çox bu faktorla əlaqələndirmək olar.

Müəyyən fasilələrlə uzun zamandır cəbhə xəttində ciddi gərginlik yaşandığını vurğulayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri buna rəğmən indiki halda bu əməliyyatların müharibə ilə nəticələnməsini real hesab etmir: "Təmas xəttində baş verən lokal döyüşlər və erməni təxribatlarının cəmiyyətdə müharibəyə hazırlıq kimi dəyərləndirilməsi münaqişənin həlli prosesinin həddindən artıq uzanmasının göstəricisidir. Yəni uzun illərdir Dağlıq Qarabağda "status-kvo”nun qalması, torpaqlarımızın işğal altında saxlanılması insanları yorub.

20 ildən artıqdır aparılan danışıqlar prosesi heç bir nəticə vermir, Minsk Qrupunun həmsədrləri ancaq Azərbaycan tərəfindən güzəştlər tələb edir və ancaq o halda kompromisə gediləcəyini vurğulayır. Halbuki işğalda qalan torpaqlar Azərbaycan ərazisi olduğu üçün həmsədrlər Ermənistanı işğaldan çəkindirməyə çalışmalıdırlar. Əslində Dağlıq Qarabağ münaqişəsinin uzun müddət donmuş halda qalması, həm beynəxalq münasibətlərdə, həm də ölkə daxilində müəyyən dərəcədə bu problemin həlli vaxtının çatmasına dair rəy yaradıb. Sadəcə olaraq, münaqişənin həlli prosesində maraqları toqquşduğu üçün prosesi uzadır, vaxt qazanırlar. Azərbaycan tərəfi isə haqlı olaraq, artıq gözləmək yox, hansı yolla olur-olsun işğal altında qalan torpaqları azad etmək istəyir”.