Böyük Quruluş Partiyası seçkilərlə bağlı bəyanat yayıb

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini irəli sürmüş və bununla bağlı bütün seçki prosesində aktiv təmsil olunub.

Sherg.az xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının Milli Məclisə seçkilərlə bağlı yaydığı bəyanatda deyilir.

Bildirilib ki, seçki marafonunun bütün mərhələlərində partiyanın yüzlərlə üzvü aktiv iştirak edib, seçici imzaları qısa zamanda toplanıb:

“Partiyanın vahid namizədi Fazil Mustafa seçki dairəsinin ərazisində öncədən müəyyən edilib və kifayət qədər yaxşı şərait yaradılmış yerlərdə seçicilərlə 35-dən çox görüş keçirib, aktiv təbliğat-təşviqat işi aparıb. Seçki dairəsinin ərazisində olan şəhid ailələri, həssas əhali qrupunun digər nümayəndələri ilə də çoxsaylı görüşlər təşkil olunub. İstər imzaların toplanması, istər seçki təbliğatı zamanı hansısa maneə ilə qarşılaşmayan partiya fəalları seçki prosesini rahat və təhlükəsiz şəkildə başa çatdırıb”.

Qeyd edilib ki, bundan əlavə, seçki kampaniyası dövründə Böyük Quruluş Partiyasının başqanı, 26 saylı Sabunçu birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Fazil Mustafa ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə missiyasının rəhbəri Ditmir Buşati, missiya üzvləri Neomi Arçidiakono və Elissavet Karagiannidou, Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Viktoroviç Kuleba, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası Müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin l müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb:

“Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin uğurla keçdiyini, özünün, seçki qərargahının və başqanı olduğu partiyanın hər hansı bir problemlə qarşılaşmadığı barədə nümayəndə heyətlərini bilgiləndirib. Böyük Quruluş Partiyasının apardığı aktiv təbliğat işi nəticəsində Partiyamızın rəhbəri Fazil Mustafa seçkilərin ilkin nəticələrinə əsasən öz rəqiblərindən daha çox səs toplayıb. Partiya vahid namizədlə təmsil olunmasına baxmayaraq, 50-yə yaxın seçki dairəsində öz müşahidəçilərini qeydiyyatdan keçirmiş və onların müşahidəsini təşkil edilib.

Partiya müşahidəçilərinin təqdim etdikləri anket məlumatları və yüzlərlə beynəlxalq müşahidəçilərin də rəylərini nəzərə alaraq, VII çağırış Milli Məclisə seçkilərinin nəzarət etdiyimiz seçki dairələrində demokratik mühitdə, azad rəqabət şəraitində keçirildiyi bəyan edirik. Uğur qazanan namizədlərin hər birini Partiyamız adından təbrik edir və bizi dəstəkləyən seçicilərə öz təşəkkürlərimizi çatdırırıq”, - bəyanatda qeyd edilib.