ADMP parlament seçkiləri ilə bağlı bəyanat yayıb

Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, indiyə qədər Azərbaycanda Milli Məclisə keçirilən altı seçkinin hər birində namizədlər və müşahidəçilərlə iştirak etmiş Azərbaycan Demokratik Maarifçilik Partiyası bundan öncəki 3 seçkidə parlamentdə yer qazana bilib.

“Hər seçkidə təcrübəsini daha da artıran partiyamız VII çağırış Milli Məclisə seçkilərdə bir namizəd, üç mindən artıq müşahidəçi ilə təmsil olunub.

Bütün ölkə üzrə və 40 seçki dairəsində müşahidəçiləri olan Partiyamız seçkiləri qarşıya qoyulmuş məqsədlərə nail olaraq yekunlaşdırıb. Seçkilərdə partiyanın sədri Elşən Musayevin seçilməsi üçün Partiyanın üzvləri aktiv təbliğat-təşviqat işi aparıb, kütləvi və fərdi görüşlər keçirmiş, nəticədə partiyamızın namizədi seçicilərin etimadını qazana bilib.

Partiyanın müşahidəçiləri seçkini canlı izlədikləri seçki məntəqələrində apardıqları müşahidə qeydlərini seçki qərargahı ilə bölüşüb. Müşahidəçilərin qeydlərindən və rəylərindən seçkilərin sakit və sülh şəraitində keçdiyi, prosesin gözlənilənlərə adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu qənaətinə gəlinib.

Namizədlər üçün yaradılmış şərait, onların effektiv təbliğat işi aparması üçün mətbuata sərbəst çıxış imkanları, hər bir yaşayış məntəqəsində açıq və qapalı məkanlarda görüşlərin təşkili üçün yerlər ayrılması olduqca böyük səmərə verib. Açıq-aydın hiss edilib ki, Milli Məclisə seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan olduqca yaxşı təşkil olunub.

Eyni zamanda bildiririk ki, ölkənin bəzi seçki məntəqələrində məkrli qüvvələrin məqsədli şəkildə planladığı təxribatlar və seçkinin demokratikliyinə, şəffaflığına kölgə salmaq cəhdləri heç bir halda nəticə verməyəcək və 1 sentyabr seçkiləri Azərbaycan tarixində ən mükəmməl seçkilərdən biri kimi qalacaq.