Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Suriya arasında normallaşma addımları ilə bağlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Lavrov Russia Today-ə (RT) müsahibəsində deyib ki, Rusiya, Türkiyə, Suriya və İran yaxın vaxtlarda Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün daha bir görüş keçirməyi planlaşdırır.
"Keçən il həm müdafiə, həm də xarici işlər nazirlikləri və özəl qurumların iştirakı ilə görüşlər təşkil etmək üçün çox səy göstərdik. Biz bu görüşlərdən Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına gətirib çıxara biləcək şərtləri müzakirə etmək üçün istifadə etdik. Suriyadan, Türkiyədən nümayəndələr , Rusiya və İran bu görüşlərdə iştirak edib”.
Türkiyənin Suriyadan qoşunlarının çıxarılmasını müzakirə etməyə hazır olduğunu iddia edən Lavrov, "Türklər buna hazırdırlar, lakin hələlik konkret parametrlərlə bağlı razılıq əldə olunmayıb. Söhbət qaçqınların geri qaytarılmasından və lazımi tədbirlərdən gedir. Türk əsgərlərinin varlığını gərəksiz hala gətirəcək terror təhdidi üzərində iş aparılır" deyə bildirib:
Lavrovun “Suriya hökumətinə görə, Ankara ilə münasibətləri normallaşdırmaq üçün türk əsgərlərinin Suriyadan çıxarılması ilə bağlı dəqiq qərar verilməlidir” sözləri də diqqət çəkib.