Ceyhun Bayramov: Azərbaycanla Serbiya bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək göstərir

“İki ölkə arasında olan strateji əməkdaşlıq prinsiplərinin önəmini göstərən məqamlardan biri qarşılıqlı həyata keçirilən görüşlərdir”.
Sherg.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, ölkələrimiz arasında imzalanan sənədlərin icrası dünən və bu gün müzakirə predmeti olub: “Biz müzakirələrimiz kontekstində ikitərəfli münasibətlərdən əlavə beynəlxalq təşkilatlarda bir-birimizə verilən dəstəyi qeyd etdik. Azərbaycanla Serbiya bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək göstərir. Eyni zamanda, bugünkü görüşlərdə COP-29 kontekstində əməkdaşlıqla bağlı müzakirələr apardıq. Ölkəmizdə dünən keçirilən parlament seçkiləri və yeni parlament formalaşandan sonra da iki ölkənin parlamentləri qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəklər”.