Zahid Oruc müraciət yaydı: Qalib gələn Odur!

Milli Məclisə keçirilən 1 sentyabr 2024-cü il seçkilərində 33 saylı Xətai birinci seçki dairəsindən qalib gələn Zahid Oruc seçicilərinə müraciət edib.

Axar.az xəbər verir ki, o, 2024-cü ilin ikinci yarısında keçirilən parlament seçkilərini Qarabağın 30 ildən artıq işğalına tam son verildiyi dövrün ən böyük siyasi hadisəsi adlandırıb.

“Sovetlərin dağılmasından sonra Azərbaycanda millətin təməl mövzusunu Qarabağ təşkil edib. Müxtəlif qüvvələrin ümumilli problemlərin həlli şüarları ilə siyasi hakimiyyətə gəlməsi və getməsi də torpaqların azad edilməsi faktoru ilə müəyyənləşib. “Bu seçki kampaniyası əvvəlkilərdən nə ilə fərqlənir?” sualına ən böyük cavab 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük Günü”dür.

Tariximizdə ilk dəfə, bütün partiya, hərəkat və şəxslərin, o cümlədən milyonlarla vətəndaşımızın platforma və tələblərində “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almadı. 14 fevral tarixində inaqurasiya mərasimində dövlət başçısının Yeni Tarixi Mərhələnin bəyanı erkən parlament seçkilərinin izahında əsaslı arqumentdir. Azərbaycan məğlub ölkə əsrindən Qalib ölkə Yüzilinə qədəm qoyub. Müstəqillik tariximizin ən ağır “Zəfərə qədərki” dövrü sona çatıb, “Zəfərdən sonrakı” qalibiyyət tarixi yazılır.

Əziz xətaililər!

“Oruc Allahın, seçim xalqın” və “Ağ şəhərdən yaşıl Xətaiyə” şüarları ilə çıxdığımz müqəddəs bir yolda sizinlə çiyin-çiyinə böyük məsafə qət etdik.

Zəfər meydanından başladığımız təbliğat-təşviqat kampaniyasını bizə inanan seçicilərimizin ruh yüksəkliyi və qətiyyətli inamı ilə Zəfər Meydanında da uğurla başa çatdırdıq.

Seçki təşviqatı dövründə bütün çağırışlarınıza diqqət etdik, evlərinizdə qonaq olduq. Qədirbilən Xətai sakinlərinin son 2 ay ərzində göstərdikləri yüksək səmimiyyət və doğmalıq mühiti, vətəndaşların nümayiş etdirdikləri prinsipal dövlətçilik mövqeyi, eyni zamanda tələbkarlıq, xalqa xidmətin yeni meyarlarının dilə gətirilməsi üzərimizə böyük məsuliyyət qoyur.

İstər “Qənimətlər parkı”, istərsə də “Zəfər muzeyi”nin özünə doğma ünvan tapdığı bir rayonun təmsilçisi olmaq tərcümeyi-halımızın şərəfli səhifələri olacaqdır. Vətəndaşlarımızı öz işıqlı gələcəyini birlikdə qurmağa inandırmaq və 1 sentyabrda - Qələbə ayında siyasi imtahana yalnız “seçici-namizəd” prinsipi ilə deyil, daha çox xalqımızın çoxəsrlik tarixinin yeni mərhələsinə - Yeni Yüz İlə qalibiyyətlə başladığı kimi onu davam etdirmək və möhkəmləndirmək ideyası uğur qazandı.

Sizə verdiyimiz vədlər, irəli sürdüyümüz ideyalar və baxışlar daha böyük vətəndaş gücü ilə birləşərək gələcək uğurların zəmanəti olacaqdır. Bəli, həyat fəlsəfəmiz - millətimiz ayağına gələni ucaldır!

Unutmayaq ki, uğurlar müttəfiqimiz, problemlər isə rəqibimiz olaraq qalmaqda davam edir. Sizinlə çiyin-çiyinə addımlayacağıq!

Biz hər zaman xalqımıza ləyaqətlə xidmət etməkdən qürur duyduq, millətimizi layiqincə təmsil etdik.

Bizə verilən səslər Ulu Öndərin dövlətçilik kursuna, Prezident İlham Əliyevin 8 noyabr Zəfər, 20 sentyabr “Bütövlük günü”nə verilən xeyir duadır və uğur qazanan hər kəs bu həqiqəti unutmamalıdır.

Biz heç bir ideoloj-siyasi fərq qoymadan bütün namizədlərin dövlət və millət ideyalarını həyata keçirməkdə qərarlayıq. Belə olan halda kimsə seçkilərin nəticələrinə görə özünü məğlub saymamalıdır.

Seçkilərdə qələbə çalan Qalib Azərbaycandır, Millli birliyimizdir, Böyük qayıdışdır! Qarabağda Qələbədən Ədalətin Zəfər çaldığı bir ölkə quruculuğuna doğru daha böyük hədəflər millətimizin qarşısındadır.

İşğala son qoyan dövlət və xalq bütün problemlərin həllinə qadirdir”, - o vurğulayıb.