Vodolazlar insanları batırırlar ki, pul alsınlar!

Oqtay Bayramov: “Bunu iddia edənlərin normal insan olduğunu düşünmürəm”



Demək olar ki, hər gün bir neçə nəfərin çimərlikdə boğulması haqda xəbərlər eşidirik: daha 8 nəfər, daha 4 nəfər, daha 2 nəfər, daha 6 nəfər...

Cavan-cavan insanlar dənizdə boğulmasının əsas səbəblərindən biri odur ki, anomal istilərlə keçən yay fəsli insanları təntidir, bişirir və onlar sərinləmək üçün axtarıb tapdıqları su hövzəsində heç bir təhlükəsizlik texnikasını gözləmədən çimmək istəyirlər.

Bəzən də gənclərin boğulmasını onların "eqo”su ilə əlaqələndirirlər ki, üzə bilmədikləri halda özlərini ətrafındakı insanlara sübut etmək üçün dərin sulara baş vururlar. Yəni batan gənclərin bir çoxu harınlığının qurbanı olur.

Bir neçə gənc həmişəki kimi höcətləşir, kimin daha uzağa üzəcəyi ilə bağlı mübahisə edir, öz eqolarını, üstünlüklərini sübut etməyə çalışırlar, mərcləşirlər, söyüş qoyurlar. Və biri üzərkən yorulur, qıc olur, təşviş-təlaş keçirir, nəfəs yoluna bir damcı su gedir və batır.

Onu da deyək ki, dənizdə batanlarla bağlı zaman-zaman səslənən bir şayiə də var: "Adamları vodolazlar (dalğıclar) çəkib aparır, suyun altında bir yerə bağlayır, sonra meyiti yiyəsinə satırlar”. Qeyd edək ki, bu günlərdə bu məsələ müxtəlif internet portalları tərəfindən yenidən gündəmə gətirilib. Yayılan məlumata görə, oxuculardan birinin Şıx çimərliyində olarkən dənizdə ayağına kəndir ilişib. O iddia edir ki, kəndir adam bağlamaq üçün istifadə olunur.

Başqa bir oxucu isə yazıb ki, bir dəfə dənizdə çiməndə ayağı qarmağa ilişib. Dənizdə adam tutmaq üçün qarmaqlar quraşdırıblar. İddia olunur ki, həmin qarmaq və kəndir vasitəsilə dənizdə insanlar məqsədli şəkildə boğulur və ailəsindən pul alaraq qazanc əldə edirlər.

Məsələ ilə bağlı "Şərq”ə danışan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Oqtay Bayramov isə bu barədə yayılan məlumatların tamamilə cəfəngiyyat və xəstə bir təxəyyülün məhsulu olduğunu deyib: "Bunu iddia edənlərin normal insan olduğunu düşünmürəm. Həmin insanları tapıb, psixiatrik müayinədən keçirmək lazımdır. Görünür, yazmağa bir şey tapmırlar deyə sensasiya xatirinə bu cür iddialar irəli sürürlər. Ya da ki, doğrudan da ağıldan kəmdirlər”.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay da dənizdə batanların dalğıclar vasitəsilə çəkib aparılması və sonra meyitlərin satılması ilə bağlı yayılan məlumatların əsassız olduğunu düşünür: "Kriminal hadisələr müxtəlif ölkələrdə müxtəlif cür olur. Yəni ölkələr fərqli olduğu kimi onların insanları, cəmiyyətləri, mentalitetləri, dövlətin nəzarət imkanları da fərqli olur. Həmçinin də hər bir ölkənin kriminal vəziyyəti onun cəmiyyətinə, mentalitetinə uyğun olur. Düşünmürəm ki, Azərbaycanda kriminal aləm bu dərəcədə inkişaf edib, harınlığa, qudurğanlığa çatsın ki, mafiya üsulu ilə dənizdə üzən insanları qəsdən boğaraq, ailələrindən pul qopartsınlar. Bu iddialar heç də inandırıcı deyil. Əvvəla, Azərbaycanda hər şey aidiyyəti qurumların ciddi nəzarəti altındadır. Ölkəmizdə asayişin qorunması istiqamətində hüquq-mühafizə orqanlarının fəaliyyəti orta səviyyədən xeyli yuxarıdır. Ona görə də, Azərbaycanda iddia olunan cinayəti törətmək üçün mütəşəkkil cinayətkar qrup lazımdır. Onlar müəyyən müddət suyun altında gizlənməli, bir-biriləri ilə əlaqədar olmalıdırlar. Tutaq ki, kəndir və ya qarmaqla insanları suyun dibinə çəkib öldürdülər. Bəs sonra onların valideynlərindən pul alıb, meyiti çıxarma prosesini necə həyata keçirirlər? Dənizdə bir adam batan kimi hadisə ictimailəşir, aləm bir-birinə dəyir. Hüquq mühafizə orqanları əməliyyatlara başlayır. Cinayət işi açılır və istintaq aparılır. Bu qədər nəzarətin fonunda "işbaz”ların dənizdə boğulan insanın yaxınları ilə danışıqlar aparıb, meyitin çıxarılması üçün külli miqdarda vəsait tələb etməsi absurddur. Azərbaycan Rusiya, Suriya deyil ki, açıq-aşkar cinayətlər törədilsin? Bir neçə dəfə mən də bu cür xəbərlərə rast gəlmişəm. Amma sözün düzü, belə hadisələri Azərbaycana yad hesab etdiyim üçün oxumadan keçmişəm. Ən azından bir kriminalist olaraq, bu cür xəbərlərin sensasiya yaratmaq xatirinə ortaya atılmış şayiədən başqa bir şey olmadığına əminəm”.