Neftin qiyməti hər gün düşür

Bunun Azərbaycan iqtisadiyyatına təsiri olacaq



İqtisadiyyatları təbii xammala söykənmiş ölkələr dünya bazarında gedən proseslərlə bağlı problemlər yaşaya bilər. Bundan heç bir ölkə sığortalanmayıb. Bu sözləri "Şərq”ə dünya bazarında neftin ucuzlaşmasının ölkəmizə göstərə biləcəyi təsirdən danışarkən iqtisadçı-ekspert Nazim Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda neftin çıxarılması və çatdırılmasının maya dəyəri təxminən 12-13 dollar civarındadır: "Belə olan halda neftin qiyməti 24 dollara düşsə belə, beynəlxalq investorlar Azərbaycanda neft çıxarmaqda maraqlı olacaqlar. Bu məsələnin strateji tərəfidir. Əsas odur ki, neftin çıxarılmasının maya dəyəri aşağı düşsün. Hökumət bu istiqamətdə mühüm addımlar atmalıdır. Hökumət neftin qeyri-neft sektoruna təsirini daha da yaxşılaşdırmalıdır. Əslində neft bir neçə il əvvəl bizim üçün bir vasitə olmalıydı. Cənab prezident də dəfələrlə qeyd edib ki, neft amilindən istifadə edib, qeyri-neft sektorunu inkişaf etdirməliyik. Təəssüflər olsun ki, neft hasil edən əksər ölkələrin hökumətləri bir az tənbəldir. Yəni neft gəlirləri çox olan zaman hökumətlər islahat aparmırlar”.

Ekspertin fikrincə, neftin Azərbaycan iqtisadiyyatına təsiri böyükdür: "Bu faktdır ki, neftin həm ixracatda, həm də büdcə gəlirlərinin formalaşmasında müstəsna önəmi var. Bunları nəzərə alsaq, təbii ki, dünya bazarında neftin qiyməti ucuzlaşdıqca, neft fondunun gəlirləri azalacaq. Beləliklə, hökumət bir çox layihələri məhdudlaşdıracaq ki, bu da dolayısı ilə əhalinin sosial şəraitinə mənfi təsir göstərəcək”.