Altı ilin gəlini üç uşağını qoyub qaçdı

Əri və övladları 24 yaşlı qadının yolunu gözləyir
“Şəlalənin telefonu olmasa da, son bir neçə ayda gizlin şəkildə telefon işlədib. Bütün hadisələr də bundan sonra baş verib”

Evli xanımların həyat yoldaşını, uşağını ataraq paytaxta və ya başqasına qoşulub qaçması cəmiyyətin qınaq obyektinə çevrilib. Amma buna rəğmən son vaxtlar bu kimi halların sayı xeyli artmaqdadır. Dədə-babadan görmüşük ki, əri və ya qayınanası ilə yola getməyən gəlinlər ən kiçik narazılıq zamanı belə pal-paltarını yığıb ata evinə üz tutar.

Amma deyəsən, artıq bu ənənə elə dədə babaların dönəmində qalıb. İndi ölkədə qəribə bir tendensiya yaranıb. Keçmiş əyyamlardan fərqli olaraq, evdən qaçanların çox az hissəsi ata evinə qayıdır. Macəra, romantika gəlinləri küçələrə salır. Azadlıq və müstəqillik axtarışına çıxan "itkin gəlin”lər əksər zaman evi tərk edəndən sonra, adətən taleyin ümidinə qalır, harada gəldi gecələyirlər. Bəzən də onlar "ovçu”ların atdığı tilova düşür. Nəticə isə çox pisdir. Yiyəsiz qalan belə gəlinlər adətən zorlanır, təzyiqlərlə üzləşir, insan alverinin qurbanına çevrilirlər. Bəs gəlinləri evdən qaçaq salan nədir? Onlar ucunu görə bilmədikləri bu yola niyə çıxırlar. Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi Ucar rayonunun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın iyulun 31-də evdən xəbərsiz getməsi və bir daha qayıtmaması ilə bağlı məlumat yayıb. Xəbərdə qeyd olunub ki, o, ailəli olub və 3 uşağı var. Onun hara getməsindən, ailə üzvlərinin xəbəri olmayıb. Qayınatası Azər Rüstəmovun sözlərinə görə, Şəlalənin yataq otağında olmadığını görəndə ilk olaraq ağıllarına gəlinin intihar etməsi və yaxud ailəni qorxutmaq üçün haradasa gizlənməsi gəlir. Gecə saatlarında Şəlaləni axtaran zaman məlum olub ki, gəlin özünə məxsus qızılları və qayınatasına məxsus mobil telefonu, həyətdə olan avtomobilin açarını götürərək evdən qaçıb.

Olay baş verən gecə ailə ilk olaraq Şəlalənin valideynlərinə xəbər verib. Qayınananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideynləri özlərini bir qədər şübhəli və sərbəst aparıblar. Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədən səhəri gün telefonla xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarını deyən ər, sevdiyi xanım onu və üç azyaşlı övadını ataraq nə vaxtsa qaçacağını ağlına gətirmədiyini deyib.

Yoldaşının sözlərinə görə, Şəlalənin telefonu olmasa da, son bir neçə ayda gizlin şəkildə telefon işlədib. Bütün hadisələr də bundan sonra baş verib. Baş verən hadisədən bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda sağ və salamat olduğunu bildirib. Bütün olanlara baxmayaraq, uşaqların xətrinə ailə gəlini qəbul edəcəyi sözünü verib. "Yetər ki gəlsin, uşaqları və ailəni gözü yaşlı qoymasın”, - deyə ailə üzvləri bildirib.

Hadisə ilə bağlı danışan "Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, konkret olaraq zərərçəkmişlə əlaqə saxlamadığımız üçün ancaq ehtimallarla danışa bilərik. Və bu ehtimallardan biri də gəlinə qarşı zorakılıq faktorudur: "Ola bilər ki, ailədə gəlinə qarşı təhdid, hədə-qorxu olub. Əri Rusiyada olduğu üçün onun tərəfindən dəstək görməyib. Ola bilsin ki, ailədəki problemlərlə bağlı heç ərinə xəbər vermək imkanı olmayıb. Belə olan halda isə həmin gəlinin evdən qaçmasına səbəb onun kifayət qədər psixoloji zorakılığa məruz qalması ola bilər. Çünki çox az halda qadınlar övladlarından imtina edərək ailəsini tərk edir. Ciddi bir səbəb olmasa, ana balasını atmaz. Dəqiq səbəbi bilmədiyim üçün də həmin gəlinin evdən qaçması ilə bağlı hadisəyə şərh verməkdə çətinlik çəkirəm. Çünki bizim bildirdiyimiz rəylər bəzi hallarda gəlinin əleyhinə, digərlərinin isə xeyrinə işləyə bilər ki, bu zaman da ortaya sui-istifadə halları çıxa bilər. Ona görə də, rəy bildirməzdən əvvəl zərərçəkənin arqumentlərini və ailədəki vəziyyəti dəqiq araşdırmaq lazımdır”.

Təşkilat rəhbəri deyib ki, ailələrdə bu cür problem yaşanmaması üçün kişilər öz xanımlarını yanında saxlamalıdır: "Zənnimcə, ər öz həyat yoldaşını və uşaqlarını özü ilə aparsa, daha yaxşı olardı. Şərait və səbəblərdən asılı olmayaraq öz işini qurduqdan və yerləşdikdən sonra ailəsini də yanına aparmaqla himayə etməli idi. Kişilər öz ailələrini himayə etmədiklərindən digərləri onları idarə eləməyə çalışır. Yəni ki, ailə öz üzvlərinin yox valideynlərin himayəsində qaldığından onlar da istədikləri formada onları idarə edir”.

Gəlinin gizli-gizli telefon işlətməsinə gəldikdə isə M.Zeynalovanın ehtimalına görə, bəlkə də gəlin həmin telefonla öz əri ilə əlaqə saxlayırmış: "Görünür, evdə vəziyyət o qədər gərgindir ki, gəlinə əri ilə danışmağa belə imkan vermirlər. O da məcbur qalıb, gizli telefon danışığı aparırmış. Bu da mümkün variantdır. Amma istənilən halda dediklərimin hər biri ehtimaldır. Çox istərdim ki, zərərçəkmişlə görüşüm və onun vəziyyətini konkret faktlar əsasında qiymətləndirim. Nəzərə alaq ki, informasiya şəxslərin öz maraqlarına uyğun yayıla bilər. Yəni, biz "filankəs uşaqlarını da atıb evdən qaçdı” ilə kifayətlənməməliyik. Niyə? Onu 3 körpəsini atıb qaçmağa vadar edən nədir? Biz bu sualların cavabını tapmalıyıq”.

Psixoloq Azad İsazadənin sözlərinə görə, ərli qadınların evdən qaçmasının səbəbləri müxtəlifdir. Onun sözlərinə görə, evdən qaçan gəlinlərin ata evinə yox, şəhərə üz tutmasının əsas səbəblərindən biri onun ata evində qəbul edilməməsi ilə bağlıdır. Yəni "gəlin paltarında gedib, kəfəndə qayıdarsan” deyə, ər evinə köçürən valideynlər qaçan övladlarını qəbul etmədən geri qaytarır: "Konkret statistika olmadığı üçün bu tendensiyanın yeni dəb halını aldığını söyləmək bir qədər çətin olar. Ola bilsin ki, bu cür hallar əvvəllər də olub, sadəcə ictimailəşməyib. Həm də o vaxtlar ər evindən ata evinə qaçanların da sayı indiki kimi çox deyildi deyə, məsələ bu qədər aktuallaşmamışdı. Hesab edirəm ki, indiki gəlinlər ər evindən ata evinə yox, şəhərə qaçmasının əsas səbəblərindən biri ata evində həmin gəlini heç kimin qəbul etməməsidir. Həm də rayon yerində qadının öz ayaqları üstündə durmasına pis baxırlar. Ər evindən qaçan gəlinin özbaşına gedib, ev tutmasına, işləməsi normal qəbul olunmur. O da təzyiqlərdən, şübhəli baxışlardan azad olmaq üçün şəhərə üz tutur. Burada iş tapmaq, kirayə ev tutmaq daha asandır. Həmçinin ailədə hansısa problemləri olan gəlin gizlənmək üçün də Bakıya qaça bilər. Olur ki, bəzən əri, ya da atası, qardaşı onu öldürəcəyi ilə təhdid edir, o da tək çıxış yolunu paytaxta gəlib, gizlənməkdə görür. Çünki həmin gəlin rayonun özündə gizlənsə, həm daha tez tapılacaq, həm də orada ev tuta, iş tapa bilməyəcək”.