“Qarabağ” bloku dağıldı

“Ümid” və ADP seçkiyə ayrılıqda qatılacaq



Ötən gün "Ümid” Partiyasının qərargahında "Qarabağ” Blokunun iclası keçirilib. Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən məlumat verilib. Tədbirdə hər iki partiyanın qarşıdan gələn parlament seçkilərində iştirakı məsələsinə baxılıb.

"Ümid” Partiyasının "125-lər” adlı seçki bloku ilə iki illik əməkdaşlığını, bu blokda seçkilərə qatılmağa üstünlük verdiyini və ADP-nin "125-lər” bloku ilə bu günə qədər heç bir əməkdaşlıq etmədiyini əsas götürərək "Ümid” Partiyası ilə ADP seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə, müstəqil iştirak etmək haqqında razılıq əldə ediblər. Bununla da ADP seçkilərdə təklikdə iştirak etmək məsələsinə baxmaq üçün partiyanın müvafiq seçkili orqanının növbədənkənar yığıncağının çağırılması haqda qərara gəlib.

Məlumat üçün deyək ki, ADP sədri S.Cəlaloğlu bildirmişdi ki, "Qarabağ” blokuna daha bir partiya qoşulmaq istəyir. Lakin ADP və Ümid Partiyasının parlament seçkiləri ilə razılığa gələ bilməməsi onu göstərir ki, yeni partiyanın "Qarabağ” blokuna qoşulması reallaşmaya bilər.

Məsələyə aydınlıq gətirən S.Cəlaloğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, "Ümid” Partiyası "125-lər” siyasi klubu ilə birgə layihə həyata keçirir. Layihənin mahiyyəti odur ki, "125-lər”in nümayəndələrindən ibarət seçki komandası yaradılsın: "Ümid” Partiyası həmin layihə əsasında öz namizədlərini elan edib. Biz o layihədə iştirak etməmişik. Ona görə də baxdıq ki, onların namizədlərinin əksəriyyəti bizim namizədlərlə üst-üstə düşür. Fikirləşdik ki, onlar uzun müddətdir bir yerdədirlər, mane olmayaq. Bu baxımdan razılaşdıq və seçkiyə ayrı getməyi qərarlaşdırdıq”.