Metroda kart dəyişikliyi əhalini çaş-baş salıb

“Gediş kartları dəyişdirilirsə, yeni ilə köhnə paralel olaraq uzun müddət istifadədə qalmalıdır”



Metropolitenin kart dəyişikliyi əhalini çaş-baş salıb. Baxmayaraq ki, metropoliten işçiləri sərnişinlərə yardımçı olur, kartını dəyişmək istəyənləri yönləndirir, yeni aparatlardan istifadəni göstərir, yenə də çaşqınlıq yaranır.

Metrodan hər iş günü istifadə edən şəxs kimi, insanların köhnə aparatlarla yeni aparatlar arasında gedib-gəldiyini, kartı hara təqdim edəcəklərini soruşduqlarını, "bəs, bunun pulunu kim verəcək”, "2 manat verib təzədən kart almalıyıq” tipli sualların "uçuşduğunun” şahidi oluram. Bu gün (dünən - red) səhər saatlarında orta yaşlı bir kişi metronun "Xalqlar dostluğu” stansiyasında nəzarətçi qadını sorğu-suala tutmuşdu. Qadın da, deyəsən, rusdilli olduğundan kişini doğru-düzgün başa sala bilmirdi. Kişi öz dilində danışırdı, qadın da öyrəndiyi dildə. Sorğu-sualın sonu bununla bitdi ki, qadın "sentyabrın sonunadək kartdan istifadə edə bilərsiniz” deyib, yaxasını kişidən qurtardı. Bu hal son həftələrdə tez-tez yaşanır. Sərnişinlər ödəmə aparatlarının qarşısında çaşqın-çaşqın dayanır, nəticədə basabas yaranır, ağız deyəni qulaq eşitmir, bəziləri də, "cəld” tərpənib, yeni kartı olanlardan onları keçirmələrini xahiş edirlər, bununla da yollarına davam etmiş olurlar. Amma nəticə etibarilə kart yeniliyi prosesinin hər halda ağrılı keçdiyi üzə çıxır.

Yəni, metropoliten sadə bir şəkildə davranaraq köhnə gediş kartlarını sərnişindən təhvil alıb, əvəzinə yenisini verə bilməzdimi? Al köhnə kartı, ver təzə kartı! Kimə lazım gəldi ki, illərlə əvvəl alınmış gediş kartlarının 2 manatlıq dəyəri (elə adamlar var ki, kartı baha qiymətə alıb, vaxtilə. O zaman da kart sisteminə keçid prosesi sürətli olmuşdu və sərnişinlər metroya enmək üçün mütləq yeni kart almalıydılar. Belə halda qiymətlərin süni artımı tamamilə labüddür - red.) yeni karta gediş haqqı olaraq vurulsun, vətəndaş isə yenidən 2 manat ödəyib "Bakıkart” alsın?! Bəlkə bir insan metrodan artıq istifadə etmir? "Köhnə” 2 manat onun kartının içinə niyə yüklənməlidir? Yəni, sağ qulağı qaşımaq üçün sol əlimizdən niyə istifadə etməliyik, bir halda ki, sağ əl sağ qulağın, necə deyərlər, elə qulağının dibindədir?!

İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında kart yenilənməsi prosesinin çox sadə və problemsiz icrasının mümkün olduğunu dedi:

- Əlbəttə, bu prosesi sakit və əhalinin razı qalacağı bir şəkildə də həyata keçirmək mümkün idi. Beynəlxalq praktikada bu var. Gediş kartları dəyişdirilirsə, yeni ilə köhnə paralel olaraq uzun müddət istifadədə qalır ki, insanlar əziyyət çəkməsin. Tədricən prosesi öyrənsinlər, məlumatlanmış olsunlar. Bizdə isə hər şey sanki spontan baş verir. Xəbər saytlarında, telekanallarda hansısa məlumatların verilməsi, əhalinin əksər hissəsinin məlumatlanacağı anlamına gəlməməlidir. İnsanlar var ki, nə xəbər saytlarını oxuyur, nə də televizora baxırlar. Hamı televizorun qarşısında vaxtını keçirmir. İnsanların daha ciddi problemləri var. Əhalinin məlumatlandırılması uzun müddət məhz metropolitendə və ya ictimai nəqliyyatda, əhalinin sıx toplaşdığı yerlərdə aparılmalıydı. Kart dəyişikliyinin olacağı barədə əhaliyə daha geniş məlumat verilməliydi. Bu işlər aparılmayıbsa, sərnişinlərin çaşqınlığı, çox sual vermələri, şübhəli qalmaları da təbiidir. Tamamilə mümkün idi ki, köhnə kartlar sərnişinlərdən alınsın, əvəzinə yenisi verilsin. Prosesi hazırkı şəkildə idarə etmək, "Əlinin papağını Vəlinin başına, Vəlinin papağını da Əlinin başına qoymaq” təbii ki, əhali arasında narazılığa səbəb olur.

N.Cəfərli bildirdi ki, kart yenilənməsi prosesində Metropoliten öz xeyrinə olana üstünlük verib. Halbuki Metropoliten büdcə təşkilatıdır, dövlət büdcəsindən maliyyələşir, bundan əlavə hər gün minlərlə insan metrodan istifadə edir, ona görə də normal halda vətəndaşın xeyrinə olan - heç olmazsa, vətəndaşı narazı salmayacaq, sərnişinlərin rahatlığına yönələn qərar verilməliydi. Metropolitendən dövlət müəssisəsi olaraq gözlənilən bu idi. Təsəvvür edin ki, bəlkə də paytaxt sakinlərinin üçdə biri yeni gediş kartları alacaq. Bu isə minimum 2 milyon manat deməkdir.

Ramin Rzayev