“Azadlıq 2015” seçki blokunun 60 namizədi dəqiqləşib

Əli Əliyev: “Ölkə üzrə nəhəng siyahı ilə çıxış etmək qərarımız var”



Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev ölkəmizdə bu ilin payızında baş tutacaq parlament seçkilərindən danışıb. O "Şərq”ə açıqlamasında qeyd edib ki, rəhbərlik etdiyi qurumda marafona dair lazımi tədbirlər görülür. Təşkilat sədrinin sözlərinə görə, bu günlərdə VİP daxil olduğu "Azadlıq -2015” seçki blokunun Sədrlər Şurasının toplantısı baş tutub: "Hələ ki, təxminən 60-a yaxın namizədin prosesə qatılmasına dair razılıq əldə olunub. Lakin ölkə üzrə nəhəng siyahı ilə çıxış etmək qərarımız var. İlkin siyahımıza görə, 90-a yaxın seçki dairəsindən namizədlik irəli sürmək niyyətimiz var. Onlardan 60-ı haqqında ümumi razılıq əldə olunub. Qarşıdan gələn 10 gün ərzində siyahı dəqiqləşəcək. Bununla yanaşı, seçki proqamı hazırlamışıq. Son iclasda onu müzakirə edəcəyik. Ayın sonuna qədər hazırlığımız başa çatacaq. Blokumuz seçki qanunvericiliyinə uyğun olaraq proseslərdə iştirak edəcək”.