Qurban bayramında əfv olacaqmı?




Səadət Bənənyarlı: "Bu dəfə də dövlət başçısının növbəti dəfə humanistlik edərək əfv fərmanı imzalayacağına inanıram”

Səidə Qocamanlı: "Hələlik bizdə heç bir məlumat yoxdur”

Mirvari Qəhrəmanlı: "Hesab edirəm ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır”

Önəmli bayramlar ərəfəsində imzalanması bir növ adət halını almış əfv sərəncamı ilə bağlı söhbətlər hər bayram ərəfəsi olduğu kimi, qarşıdan gələn müsəlman dünyasının əlamətdar bayramlarından hesab olunan Qurban bayramı ərəfəsində də cəmiyyətdə müzakirə predmetinə çevrilib.

Qeyd edək ki, Qurban bayramında əfv fərmanının imzalanması ilə bağlı hüquq müdafiəçilərinin də fikirləri birmənalı deyil.

Hüquq-müdafiəçisi Səadət Bənənyarlı Qurban bayramı ərəfəsində əfv olub-olmayacağı ilə bağlı dəqiq məlumatlı olmadığını deyib: "Əfv olub-olmayacağını dəqiq deyə bilmərəm, hər şey ölkə başçısının şəxsi iradəsindən asılıdır. Amma çox istərdik ki, Qurban bayramı münasibətilə prezident məhbusları və onların ailəsini sevindirsin. Buna ümidlərimiz də var. Çünki təcrübə göstərir ki, hər il bu müqəddəs bayramqabağı prezident bu cür humanist addım ataraq əfv fərmanı imzalayıb. Bu dəfə də dövlət başçısının növbəti dəfə humanistlik edərək əfv fərmanı imzalayacağına inanıram.

Amma onu deyə bilərəm ki, Əfv Komissiyası mütəmadi olaraq işləyir. Həm də ki, sonuncu əfv fərmanının verilməsindən xeyli vaxt keçib. Bu baxımdan, Qurban bayramında əfv olacağına ümidlərimiz var”.

Siyahıya gəldikdə isə S.Bənənyarlı heç bir dəyişiklik olmadığını vurğulayıb: "Bizim siyahıda elə bir ciddi dəyişiklik yoxdur. Sadəcə məhkəməsi başa çatan QHT rəhbərlərinin adını da məhkəmə qərarları qüvvəyə mindiyi üçün tamamlanmış iş kimi öz siyahımıza əlavə etmişik”.

Məsələyə münasibət bildirən digər hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirib ki, Qurban bayramında əfv olunmaqla bağlı onlara müraciət edənlər olmayıb: "İndi yay fəsli olduğuna görə hamı məzuniyyətdədir. Buna görə də əfvlə bağlı hələlik bizdə heç bir məlumat yoxdur. Amma məlumat olmasa da, bizdə bağışlanma ilə bağlı ümid var. Tanınmış məhbusların Qurban bayramında əfv olunması haqqında Əfv Komissiyası bizdən daha məlumatlı olar. Bizim həmkarlar istirahətdədir. İşçi Qrup da hər kəs məzuniyyətdən qayıtdıqdan sonra toplaşacaq. Bundan sonra biz əfv məsələlərini müzakirə edəcəyik. Onu da deyim ki, bağışlamaq birbaşa olaraq ölkə başçısının sərəncamında olan bir məsələdir. Səlahiyyət onun əlindədir”. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı isə həmkarlarından fərqli olaraq yayılan xəbərlərin real olacağına inanmır: "Ramazan bayramında da dedim ki, əfv verilməyəcək. Bu bayrama da inanmıram. Şəxsi fikrimdir. Ola bilsin ki, prezident Ramazanda verilmədiyi üçün indi əfv imzalasın. Hesab edirəm ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır. Bu komissiyanın tərkibində aktiv insanlar olmalıdır. Onların aktivliyindən çox şey asılıdır. Bu proseslərdə 3-4 nəfərin əziyyətini görürəm. Beynəlxalq qurumlar siyasi məhbusların azad olunması istiqamətində strategiyalarında dəyişikliklər etməlidirlər. Çağırışlarına, bəyanatlarına diqqət yetirməlidilər.

Hamımız 28 May Respublika Günündə əfv gözləyirdik. Təəssüf edirəm ki, həmin ərəfədə kəskin bir bəyanat verildi. Belə bəyanatlar olanda, Azərbaycanda ona qarşı tədbirlər görülür. Düşünürəm ki, 28 mayda, məhz bu bəyanata görə əfv verilmədi. İqtidarın siyasətinin tam əksinə oldu. Beynəlxalq təşkilatlardan xahiş edirəm ki, övladları həbsdə olan analar, qardaş yolu gözləyən bacılar, nişanlısını yaxud həyat yoldaşını gözləyən insanları nəzərə alsınlar. Çox diqqətli olmaq lazımdır. Bu ilin sonuna qədər əfvin verilməsi üçün şərait yaranmalıdır. Seçkilər öncəsi əfv veriləcəyinə, açığı, ümid etmirəm”.