İqtidarla müxalifətin növbəti görüşünün vaxtı bilinmir

Mirmahmud Mirəlioğlu: “Onlar görüşü nə zaman planlaşdırsalar, o vaxt da baş tutacaq”



Azərbaycanın bir sıra müxalifət partiyası ilə iqtidar arasında axırıncı görüş may ayının 15-də baş tutub. İqtidar-müxalifət görüşlərinin iki aydan bir keçirilməsi planlaşdırılsa da, növbəti dialoqun nə vaxt baş tutacağı və görüşdə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı hələlik heç bir informasiya yoxdur. Müxalif partiyalar da bu barədə məlumatsızdırlar.

Gözlənilən dialoq barədə danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu növbəti iqtidar-müxalifət dialoqunun gecikdiyini deyib: "Bu görüşün nə zaman keçiriləcəyi, görüşdə nə kimi yeniliklərin gözləndiyi, hansı problemlərin müzakirə ediləcəyi və digər məsələlərin müsbət cavabı iqtidardadır. Onlar görüşü nə zaman planlaşdırsalar, o vaxt da baş tutacaq. Ancaq görünən odur ki, növbəti görüşün vaxtı ötüb”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, onlar bu görüşün təşəbbüsünü könüllü şəkildə hökumətə veriblər: "İqtidar-müxalifət görüşünün zamanını və vaxtını Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müəyyən edir. Onlar nə zaman görüşlə bağlı qərar qəbul etsələr, biz də o zaman iştirak edəcəyik. Şəxsən bizim təşəbbüsümüz olsaydı, siyasi dialoqun keçiriləcəyi zamanı çoxdan müəyyən edərdik. İqtidar-müxalifət görüşündə hansı məsələnin müzakirə ediləcəyinə gəldikdə isə düşünürəm ki, hazırda ölkənin ən aktual məsələsi parlament seçkiləridir. Görüşdə də bu məsələ geniş şəkildə müzakirə ediləcək”.