“Qaydalar bəllidir”




Elçin Mirzəbəyli: "Eyni qaydalar Müdafiə Nazirliyi ilə bağlı məsələlərə də şamil ediləcək və ona uyğun şəkildə addımlar atacağıq”

Mehman Əliyev: "Biz həmişə hərbi akkreditasiya institutunun tərəfdarı olmuşuq”

Cəbhə bölgəsinə gedən jurnalistlər akkreditasiyadan keçəcək. Belə ki, Nazirlər Kabineti "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nı təsdiq edib. Bu barədə qərarı baş nazir Artur Rəsizadə imzalayıb.

Məlumata görə, sözügedən qayda jurnalistlərin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir. Qaydaya əsasən, nümayəndələrinin akkreditə olunması üçün yerli KİV təsisçi haqqında məlumatı, akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını, iki ədəd fotoşəklini, şəxsiyyət və xidmət vəsiqələrinin sürətini, KİV orqanının ünvanını, əlaqə telefonlarını, internet saytını, elektron poçt ünvanını Müdafiə Nazirliyinə təqdim etməlidir. Azərbaycanda daimi nümayəndəliyi olan xarici KİV isə Müdafiə Nazirliyinə daimi nümayəndəliyin rəsmi müraciətini, Xarici İşlər Nazirliyinin verdiyi akkreditə kartlarını, akkreditə olunacaq əməkdaşların pasportlarının və xidməti vəsiqələrinin surətini, iki ədəd fotoşəklini, akkreditə üçün doldurulmuş anket formasını təqdim etməlidir.

Məlumat üçün deyək ki, akkreditasiya hər ilin dekabr ayında həyata keçirilir. KİV-in müraciətinə əsasən, akkreditə olunma ilin digər vaxtlarında da keçirilə bilər.

Addımın mahiyyətindən söz açan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu bütövlükdə cəbhə bölgəsindəki şəraitə tamamilə uyğundur: "Əslində, bütün dünyada hərbi əməliyyatların getdiyi ərazilərdə jurnalistlərin iştirakı müvafiq qaydalarla tənzimlənir. Qaydalar bəllidir. Biz o qaydalara əməl edəcəyik. Akkreditasiya qaydaları tək mediada deyil, digər sahələrdə - parlamentdə, Xarici İşlər Nazirliyində və başqa qurumlarda mövcuddur. Bundan sonra da eyni qaydalar Müdafiə Nazirliyi ilə bağlı məsələlərə də şamil ediləcək və ona uyğun şəkildə addımlar atacağıq. Lakin sosial şəbəkələrdə və dövlət qeydiyyatından keçməyən qurumlarda bu işlərin qarşısı necə alınacaq? Bax, bunun üzərində də iş aparılmalıdır.

"Turan” agentliyinin direktoru Mehman Əliyev də bu qaydaları təqdir edir: "Biz həmişə hərbi akkreditasiya institutunun tərəfdarı olmuşuq. Ümumiyyətlə, bütün sahələrdə peşəkar jurnalistlərin formalaşması vacibdir, ona görə də akkreditasiyanın tətbiqini qəbul etmək lazımdır. İkincisi, ordu xüsusilə həssas sahədir, cəmiyyət də orduda gedən proseslərlə daim maraqlanır. Eyni zamanda dövlət sirrinin qorunması və peşəkar jurnalistikanın olması gərəkdir. Bütövlükdə isə bu qaydalar media və ordunun əməkdaşlığını təmin edir”.

M.Əliyev bəyan edib ki, bütün nazirliklərdə peşəkar səviyyədə hazırlanan jurnalistlərin akkreditə olunması və birgə çalışması təcrübəsi xarici dövlətlərdə də var: "Biz bu məsələni illərlə qaldırmışıq. Bəzi qurumlarda belə təcrübə olsa da, formal xarakter daşıyır. Əsas məsələ jurnalistin işıqlandırdığı sahə haqqında biliklərinin olmasıdır. Elə bil ki, jurnalist ikinci peşə sahibi olur, ikinci təhsil qazanır. Yəni yazdığı materialda hansı terminləri işlətməlidir, nələri deyə bilər, nələri yox, bunu bilməlidir. Ordu elə bir sahədir ki, burada jurnalistin dövlət sirri, hərbi sirr, hərbi qulluq haqqında qanunlardan məlumatı olmalıdır”.