Avropa ölkələri qaçqınlara dininə görə fərq qoyur

Slovakiyanın müsəlman miqrantları rədd etməsi Aİ-nin öz prinsiplərinə ziddir
“Əgər insan haqlarından danışırıqsa, bu kriteriya müsəlmana da aiddir, xristiana da, buddistə də”




Slovakiya və Çexiya hökumətləri Suriyadan yalnız xristian qaçqınları qəbul edə biləcəklərini açıqlayıblar. Dini və irqi ayrı-seçkilik nümayiş etdirən Avropa dövlətlərinin rəsmiləri müxtəlif bəhanələrlə müsəlman miqrantları ölkələrinə buraxmayacaqlarını açıqlayıblar. Slovakiya hökuməti konkret olaraq bəyan edib ki, ölkəyə miqrant kimi ancaq Suriyadan olan xristian və ateist qaçqınlar qəbul ediləcək. Çexiyanın paytaxtı Praqada da etiraz xarakterli aksiyalar keçirilib. Millətçi mövqedən çıxış edən etirazçılar "Multikulturalizm genosiddir”, "Miqrasiyanı dayandırın” şüarlarını səsləndiriblər. Özlərini millətçi avropalılar adlandıran aksiyaçılar islam əleyhinə kəskin çıxışlar ediblər. Əslində bu tipli mövqelər Avropada davamlı şəkildə aparılır. Miqrantların Avropa ölkələrinə qəbulu ilə bağlı ortaya çıxan problemlər bu qitənin klassik dəyərlərdən çox-çox uzaq olduğunu göstərir. Təbii ki, insanlara milli, dini, etnik, irqi baxımdan ayrı-seçkilik qoyulması nüfuzlu beynəlxalq təşkilatların və eləcə də BMT-nin qəbul etdiyi bütün insan hüquq və azadlıqlarına ziddir. Xüsusən, dini ayrı-seçkilik bütün dünyada qəbul edilən və tətbiq edilməsi çox vacib olan fundamental təməl haqların kobud şəkildə pozulması deməkdir. Ancaq təəssüflər olsun ki, artıq xristian klubuna çevrilən Avropa İttifaqı və burada təmsil olunan dövlətlər öz məkirli niyyətlərini və islama olan düşmənçilik mövqelərini gizlətmək ehtiyacı duymurlar. Avropanın bu cür yanaşması isə haqlı olaraq ciddi etirazlara səbəb olur.

Məsələyə münasibət bildirən YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, Avropa ölkələrinin bu addımı qeyri-insani hərəkət və insan haqlarına hörmətsizlikdir: "İnsan hüquqlarından, demokratiyadan danışan bəzi dövlətlər özləri bu prinsiplərə riayət etmirlər. Şərqi Avropa ölkələrinin bəzilərində açıq-aşkar dini ayrı-seçkiliyə yol verilir. Bu yaxınlarda Avropa İttifaqının Komissiyası Yaxın Şərq və Afrikadan olan 40 min miqrantı qəbul etmək üçün müzakirələr aparıb. Nəticə çox acınacaqlı olub. Bir sıra Avropa ölkələri miqrantları qəbul etməkdən imtina ediblər, bir qismi isə dini ayrı-seçkilik siyasəti yürüdüb. Slovakiya isə Avropa Komissiyasına açıq şəkildə bildirib ki, yalnız xristian miqrantları qəbul etməyə hazırdır. Əvəzində Şimali Afrikadan, Yaxın Şərq ölkələrindən qeyri-leqal yolla ölkəyə daxil olan miqrantları hərbiçilərin və polisin gücü ilə deportasiya edib. Soruşmaq lazımdır, yeni müstəqillik qazanmış ölkələrə dini dözümsüzlüyün olduğu bəhanəsi ilə təzyiqlər edən Avropa ölkələri özləri nə işlə məşğuldur? Əgər insan haqlarından danışırıqsa, bu kriteriya müsəlmana da aiddir, xristiana da, buddistə də”. Deputat bildirib ki, əslində dini, milli və irqi ayrı-seçkiliyin kim tərəfindən salındığı hamıya bəllidir: "Bunun sübuta heç bir ehtiyacı yoxdur. Pribaltika dövlətləri müsəlman miqrantlardan tamamilə imtina edib. Bu yanaşma, islam dünyasına qarşı qərəzin nümunəsi və Avropada islamofobiyanın ən bariz nümunəsidir”. A.Mirzəzadə vurğulayıb ki, İttifaq daxilində ciddi qüsurlara malik olan Avropa dövlətlərinin başqalarından ədalət tələb etmələri təəccüblü görünür: "Onlar özlərini arbitr kimi aparırlar. Yəni, öz gözlərində tiri görməyənlər özgəsinin gözündə tük axtarırlar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropada miqrantlarla bağlı qəbul edilən qərarların çox təəssüf doğurduğunu deyib. Komitə sədrinin sözlərinə görə, bu addım Avropada siyasi elitanın ikili standartdan çıxış etdiyini bariz şəkildə nümayiş etdirir: "İnsan haqlarından, tolerantlıqdan, bərabərlikdən danışan Avropa siyasətçiləri, ATƏT-in iclaslarında ayrı-ayrı ölkələrdəki hadisələri şişirtməklə məşğul olanlar indi nə üçün susurlar? Nə üçün ikili yanaşmaya öz münasibətlərini bildirmirlər?”

M.Qurbanlının sözlərinə görə, qərar qəbul edilməmişdən əvvəl miqrantların yaranma səbəbləri araşdırılmalı idi: "Miqrantların yaranması məhz elə Avropanın, Qərb ölkələrinin apardıqları ikili siyasətin məntiqi nəticəsidir. Yəni zamanında Şimali Afrikadakı, Yaxın Şərqdəki hadisələrə ikili yanaşılmasaydı, müəyyən proseslərə süni müdaxilələr edilməsəydi, indi də bu qədər miqrant yaranmazdı. Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, o cümlədən dünyanın müxtəlif bölgələrində bütövlükdə 30-a yaxın münaqişə ocağı var. 30-a yaxın münaqişə ocağında qanlı savaşlar gedir. Bu savaşların kökündə isə iqtisadi bərabərsizlik, Avropanın başqalarını istismar siyasəti və imperializm dayanır”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Avropanın miqrantlarla bağlı qəbul etdiyi qərarı qitə adına utancverici addım adlandırıb. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən milli-etnik və dini-məhzəb savaşlarının memarı Avropadakı imperialist mərkəzlər və islamafob dairələrdir: "Təəssüf ki, bu gün Avropada mövcud olan ictimai-siyasi əhval-ruhiyyə islamafob siyasətçiləri dəstəkləyir və onları hakimiyyətə daşıyır. Bu siyasi tendensiyanın əsası 2000-ci illərin başlanğıcında qoyulub və bu günə qədər də davam edir. Avropa siyasi dairələrinin dini ayrı-seçkiliyə yol vermələrinin səbəbini də burada axtarmaq lazımdır. Bəzi siyasi dairələr bütün siyasi proseslərə sivilizasiyaların toqquşması fəlsəfəsi ilə yanaşırlar. Bu isə Avropanın mənimsədiyi və qlobal dəyərlər kimi təqdim etdiyi dini-irqi dözümlülük, dini tolerantlıq, demokratiya və digər dəyərləri küncə sıxışdırır. Əslində isə avropalı mənəviyyatının iç üzünü açır. Bəlli olur ki, çox hallarda avropalı heç də özünü təqdim etdiyi kimi deyil, daxilən dini-mədəni aqressiyaya köklənmiş islamafobdur. Ona görə də özü dünyaya demokratiya, tolerantlıq dərsi keçsə də, həqiqətdə bunları rədd edir, gücünün çatdığı hər yerdə milli iradəyə təzyiq göstərir. Bu baxımdan Avropanın belə mövqeyinə təəccüblənmək lazım deyil, əksinə buna qarşı mübarizə aparmağın yollarını düşünmək lazımdır”.