“Biz blok siyasəti yürütməyəcəyik”

Fərəc Quliyev: “Seçkilərdə siyasi partiya olaraq tək iştirak etmək fikrindəyik”
“Bütün partiyalar fəaliyyəti boyu seçkilərə hazır olmalıdır. Çünki məqsədimiz seçki yolu ilə hakimiyyətə gəlməkdir. Hər bir partiya öz fəaliyyətində bunu nəzərə almalıdır”.


Bunu Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev seçkilərə hazırlıq prosesi ilə bağlı danışarkən deyib. Seçkilərə qanunvericiliyə uyğun şəkildə hazırlaşdıqlarını bildirən F.Quliyev seçki prosesinə rəsmən start verilməsini gözlədiklərini bəyan edib: "İlkin hazırlıqlarımızı görmüşük. Namizədlərimizin böyük bir qismini dairələr üzrə müəyyənləşdirmişik. Məntəqələrdə olacaq adamlarımızı təsdiq etmişik. Əksər dairələrdə namizədlərimizin iştirakı nəzərdə tutulub. Artıq namizədlərin siyahısını müvafiq quruma təqdim etmişik. Lakin seçkidə konkret olaraq nə qədər namizədin iştirak edəcəyi hələlik məlum deyil”.

MDHP sədri partiyanın əsas tutduğu seçki taktikasından da söhbət açıb: "Biz seçkilərdə buqələmun siyasəti yeritmirik. Sabit mövqeyimiz var və seçicinin bəyənib bəyənmədiyindən asılı olmayaraq, azərbaycançılıq, dövlətçilik təfəkkürünə əsaslanaraq dövlətə xidmət edirik. Olduğumuz kimi görünmək istəyirik. Bizim öz proqramımız, öz düşüncələrimiz var”.

F.Quliyev blok şəklində seçkilərə qatılmaqla bağlı fikirlərini də deyib: "Biz blok siyasəti yürütməyəcəyik. Çünki bu siyasət çox zaman istənilən nəticəni vermir. Blokda təmsil olunan zaman digər üzvlərin məsuliyyətini də daşımaq məcburiyyətində qalırıq. Ona görə də seçkilərdə siyasi partiya olaraq tək iştirak etmək fikrindəyik. Amma yenə də siyasi mənsubiyyətindən asılı olmayaraq, müəyyən dairələrə dəstəyimizi verəcəyik”.