“Türkiyədə yaşanan proseslər, AKP-nin xeyrinədir”

“Təkrar seçkilərdə Ərdoğanın partiyası qələbə qazanacaq”



Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan təkrar parlament seçkisinə qərar verib. Bu barədə Ərdoğanın müşaviri Burhan Kuzu sosial şəbəkədəki səhifəsində yazıb. Kuzu "twitter”dəki səhifəsində parlamentdə olan partiyaların koalisiya hökuməti qurulmasına yanaşmaması səbəbindən seçkiyə gedildiyini qeyd edib: "Müxalifət partiyaları AKP ilə koalisiya hökuməti qurmağa yanaşmadılar. Ona görə də Prezident erkən seçki qərarı verdi. Qurulacaq seçki hökuməti isə bir konstitusion məcburiyyətdir. Seçki hökumətini isə Prezident qurmalıdır”.

Xatırladaq ki, Türkiyə Mərkəzi Seçki Komissiyası da seçki təqvimi layihəsini siyasi partiyalara təqdim edib. Layihəyə əsasən noyabr ayının 1-də təkrar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Türkiyədəki gərgin siyasi prosesləri dəyərləndirən əksər ekspertlərin fikrincə, artıq hər hansı koalisiya müzakirəsinin aparılması faydasızdır. Ona görə də bütün partiyalar vəziyyətdən çıxış yolunu təkrar seçkilərdə görürlər.

Türkiyənin siyasi həyatında baş verənləri şərh edən politoloq Elşən Musayev erkən seçkilərdə Ərdoğanın qələbəsinin şəksiz olduğunu deyib: "Türkiyədə yaşanan proseslər, sadəcə AKP-nin xeyrinədir. Meydan boş qaldıqca AKP-nin yeri göründü və ölkədə bu partiyaya yenidən təbii ehtiyac yarandı. Anlaşılmazlıq, xaos hakim partiyanın xeyrinə işlədi. Bu isə erkən seçkilərdə AKP-nin qələbəsinə şərait yaradacaq”. Politoloq bildirib ki, Türkiyə siyasətinin indiki vəziyyətə düşməsinin əsas səbəbi müxalifətin uğursuz siyasəti və lider çatışmazlığıdır: "80 milyonluq Türkiyədə onillər boyunca bir lider olaraq, sadəcə Ərdoğan yetişib. Fakt odur ki, Ərdoğan son illər Türkiyə siyasətinin yetişdirdiyi ən möhtəşəm liderdir. Dövlət Baxçalı və Kılıçdaroğlu kimi liderlərlə koalisiya yaratmaq yaxşı fikir deyil. Ümumiyyətlə, Türkiyə elə dövlətdir ki, orada 3-4 partiya ilə koalisiya hökuməti qurmaq olmaz. Qurulsa belə, bu hökumət 3-4 aydan o tərəfə keçməz. Bir xətdən idarə olunan dövlətçilik metodu Türkiyə üçün daha uyğundur. Tansu Çillərdən bu yana 5 illik hakimiyyət səddini aşan olmayıb. Həmişə çox kəskin fərqlə seçkiləri uduzublar. Ərdoğan Türkiyə üçün yeganə nümunədir ki, 10 ildən çox hakimiyyəti saxlayıb. Kılıçdaroğlu onunla bacara bilməz. Biz əvvəldən koalisiyanın baş tutmayacağını, Türkiyənin erkən seçkilərə gedəcəyinə əmin idik. Gözləntilərimiz də doğruldu”.

Siyasi ekspert Arzu Nağıyev isə bəyan edib ki, Türkiyədə yenidən seçkilərin keçirilməsi çox da inandırıcı görünmür. Çünki Türkiyədəki siyasi və hərbi vəziyyətin gərgin olması buna seçkinin tez zamanda keçirilməsinə imkan vermir: "Noyabr ayında təkrar seçkinin baş tutacağı, xüsusən bütün ölkə ərazisində keçiriləcəyi real görünmür. Erkən seçki keçirilsə belə, PKK-nı dəstəkləyən qurumlar və daha doğrusu siyasi partiyalar onun qeyri-legitimliyi ilə bağlı bəyanatlar səsləndirəcəklər. Eyni zamanda seçkilərin tanınmaması üçün hər bir varianta əl atacaqlar. Bu səbəbdən hesab edirəm ki, növbədənkənar seçkilər Türkiyənin daxili siyasi həyatına yalnız mənfi təsir göstərə bilər”.

Politoloq İlqar Vəlizadə isə vurğulayıb ki, Türkiyədə zəif koalisiyalar dövrü bitsə də, yeni bir dövr, yəni siyasi rəqiblərin bir-biri ilə dil tapması dövrü də hələ başlamayıb: "İndiki pat vəziyyətindən çıxmaq üçün bütün partiyalar yeni bir sistem yaratmalıdır. Əgər yaxın müddət ərzində yeni formul icad olunmazsa, onda Türkiyədə hər üç aydan bir müəmmalı vəziyyət yaranacaq. Amma, yeni sistemin yaranmasında çox mühüm əngəllər var. Artıq keçmişə yol yoxdur, amma gələcək üçün də yol müəyyənləşdirilməyib”.