Xəzərdə “nəzarətsiz qalan” ölüm...

Əhali ölümü, dənizdə batmanı göz önünə alıb “vəhşi çimərliklərə” niyə gedir?”



Eyyub Hüseynov: "Normal çimərliklər olsa, əhalinin böyük hissəsinin maddi imkanı çatacaq səviyyədə giriş haqqı qoyulsa, insanlar niyə getməz ki?!”

Bu yay da, təəssüf ki, dənizdə boğulmalarla yadda qalır. Xəzər cavana, qocaya baxmadı. Səhvləri bağışlamadı... İnsan faciələri ilə yanaşı, yadda qalan həm də bu oldu ki, boğulmalar, dənizdə batmalar məhz nəzarətsiz ərazilərdə, Sularda Xilasetmə Xidmətinin fəaliyyət göstərmədiyi yerlərdə baş verib.

Bu günlərdə Fövqəladə Hallar Nazirliyi də məhz bu halla bağlı açıqlama yaydı.

FHN-nin məlumatında bildirilirdi ki, çimərlik mövsümü ərzində aparılan monitorinqlər və yoxlamalar, həmçinin qeyri-çimərlik ərazilərində baş vermiş araşdırmalar göstərir ki, qeyri-çimərlik ərazilərində fəaliyyət göstərən istirahət obyektləri, mövsümi kafe və restoranlar su hövzələrində boğulma hadisələrinə gətirib çıxara bilən müəyyən problemlər yaradırlar. Onlar insanları istirahət adı altında su hövzələrinə cəlb edirlər, lakin ərazidə insanların təhlükəsizliyi ilə bağlı tədbirlər görmürlər. Nəticədə isə boğulma halları baş verir.

"Nəzarətsiz” qalan ölüm...

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev "Trend”ə açıqlamasında bildirmişdi ki, DSXX qeyri-çimərlik ərazilərində yerləşən obyektlərdə mütəmadi olaraq monitorinqlər keçirir, onları qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə çağırır: "Xidmətin Sumqayıt Regional Mərkəzi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bir neçə gün əvvəl Xəzər dənizinin Sumqayıt şəhər ərazisi üzrə sahil zolağında, qeyri-çimərlik ərazilərində fəaliyyət göstərən istirahət obyektlərində monitorinqlər keçirib. Monitorinqlər zamanı sahil zolağında azyaşlı uşaqların, yeniyetmələrin, qeyri-çimərlik ərazilərində spirtli içki qəbul etmiş şəxslərin, eyni zamanda, mövsümi fəaliyyət göstərən kafe və restoranların ərazisində təhlükəsizlik tədbirləri görülmədən insanların kütləvi şəkildə istirahət etdikləri müşahidə olunub. Aşkar olunmuş nöqsanlarla bağlı vətəndaşlara və yerli icra orqanlarının əməkdaşları ilə birgə ərazidə yerləşən 30-dan artıq istirahət obyektinin hər birinin rəhbərliyinə xəbərdarlıq olunub”. M.Piriyev əlavə edib ki, 2015-ci il ərzində DSXX-nın xilasedicilərinin fəaliyyət göstərdiyi çimərliklərdə bir dəfə də olsun ölüm faktı qeydə alınmayıb. Amma təəssüf ki, qeyri-çimərlik ərazilərində baş verən boğulma halları ilə bağlı Xidmətə müraciətlər daxil olur ki, onların da əsasında əməliyyat tədbirləri həyata keçirilir: "2015-ci il yanvarın 1-dən avqustun 17-dək xilasedicilər tərəfindən 240 nəfərin həyatı xilas edilib. Hadisələrin 158-i DSXX-nın xilasetmə avadanlıqları ilə təchiz olunmuş məntəqələrində, digər 82-si isə qeyri-çimərlik ərazilərində baş verib. Onlardan da 73 nəfəri Xəzər dənizinin sahilində qeyd etdiyimiz həmin istirahət obyektlərinin qarşısında 2 nəfər, 3 nəfər göldə, 4 nəfər isə su anbarlarında xilas edilib. Xilasedicilərimiz hazırda da çimərlik mövsümi ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərməkdə davam edirlər və gün ərzində çimərlik üçün ayrılmış sahil zolağında təhlükəsizliyə ciddi nəzarət edirlər”.

Uzaq sahillərə doğru...

FHN doğru olaraq əhalini nəzarətsiz çimərliklərə getməkdən çəkindirir. Bu, FHN-nin vəzifəsidir. Bəs, nəzarətsiz istirahət obyektlərinə nəzarət etmək kimin və ya hansı qurumun vəzifəsidir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında istirahət obyektlərinin qanunun tələblərinə uyğun davranmalarını təmin etməyin da məhz FHN, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyinin səlahiyyətində olduğunu dedi:

- Mən konkret ünvan deyirəm; Novxanıda "Xəzri” istirahət mərkəzi çimərliyə gələnlərdən qapıdaca pul alır, heç bir kassa çeki də vermir.

Çimərlik ərazisində qamışdan düzəldilmiş sınıq-salxaq oturacaqlara görə 15 manat pul alırlar. Ətraf natəmizlik, antisanitariya, dəniz zibilli... Belə yerdə necə dincələsən?!. Mən FHN-nin xəbərdarlığını müsbət dəyərləndirirəm. FHN üzərinə düşəni edir. Amma gəlin görək, əhali niyə nəzarətsiz çimərliklərə üz tutur? Bunun səbəbləri var. Birincisi, özəl çimərliklərdəki soyğunçuluqdur. Bir halda ki, çimərliyə təkcə giriş üçün bəzi çimərliklərdə 10 manat, bəzilərində isə hətta 25 manat (məsələn, "Ramada” çimərliyində -red.) pul tələb edilir, sizcə, orta statistik azərbaycanlı yay mövsümü ərzində neçə dəfə dənizə çimməyə gedər? Bəlkə bir dəfə, bəlkə də heç getməz. Tutalım 25 manat verib içəri keçdin. 40 qəpiklik "Coca-Cola”nı sizə 1 manata, 80 qəpikliyi 1 manat 60 qəpiyə satırlar. Qamışdan çətir 20 manat, günəş qəbul etmək üçün üzərində uzanacağınız "lejanka”ya 5 manat alırlar. İçəri özünlə yemək də keçirə bilməzsən. Gərək mütləq orada bişirilənlərdən alasan. Özünüz deyin, varlıları çıxmaq şərtilə, kimin buna maddi imkanı çatar?! Ona görə də əhali ölümü, dənizdə batmanı göz altına alıb, "vəhşi çimərlik”lərə, nəzarətsiz - əslində isə, hələ ki, nəzarət altına alınmamış, hansısa oliqarxın, sahibkarın özəlləşdirmədiyi sahillərə - uzaq sahillərə gedir. Və bu da bəzən faciə ilə nəticələnir.

Amma normal çimərliklər olsa, təmizliyə riayət edilsə, sahil zolağı təmizlənsə, əhalinin böyük hissəsinin maddi imkanı çatacaq səviyyədə giriş haqqı qoyulsa, insanlar niyə getməz ki?! Hamı istəyər ki, təmiz, mühafizə edilən çimərlikdə çimsin, təhlükəsizliyi təmin olunsun. Amma bunlar olmadığından, əhali də çimərlik soyğunçularına bu şəkildə etiraz edir və "vəhşi ərazilərə” üz tutur. Əslində isə FHN nəzarətsiz ərazilərdə vətəndaşların dənizə baş vurmasının qarşısını almalıdır. Çünki burada söhbət insan həyatından gedir. Digər tərəfdən, fikirləşəndə isə, vətəndaşların da çıxılmaz durumda olduğunu görürsən. Özəl çimərliklərə getməyə maddi imkanı çatmayanlar zibilliklər arasında çimmək məcburiyyətində qalırlar. Nəzarətsiz sularda isə hər cür təhlükə gözləniləndir.

Hətta mahir üzgüçülər də batır...

E.Hüseynov bildirdi ki, insanların dənizdə boğulmasının da səbəbləri var. Bəzən mahir üzgüçülər də dənizdə batır. Üzə bilməyənlərsə daha təhlükəsiz olurlar, çünki özlərinə güvənib dənizin dərinliklərinə baş vurmurlar. Üzməyi bilənlərsə çox zaman özlərinə arxayın olub dalğaların qoynuna atılır, lakin düzgün hesab aparmadıqlarından boğulma təhlükəsi ilə üzləşirlər:

- Gərək çimərliklərlə bağlı, üzməklə bağlı maarifçilik aparılsın. Vətəndaşlara dənizdə çimməyin qaydaları öyrədilsin. Dəniz dəryadır. Dənizə baş vuran onu nələrin gözlədiyini bilə bilməz. Dənizin dibində o qədər dəmir qırıntıları, armaturlar, naqillərədək, hər cür əşya, taxta, daş parçası olur. Hər bir adam dənizə girəndə ehtiyatlı olmalıdır. Xüsusən də üzməyi bacaranlar. Üzməyi bacarırlar deyə, çox uzaqlara üzür, biri-biri ilə yarışırlar. Sahildən uzaqlaşdıqca isə insanın gücü tükənir, insan yorulur, bəzən suda aşağı ətrafların qıcolması baş verir. Belə halda insan müvazinətini itirir və boğulma təhlükəsi yaranır. Hər bir vətəndaş dənizdə yalnız üzməyə icazə verilən ərazidə çimməlidir. Qadağan olunmuş zolağı keçməməlidir. Mən özüm çox yaxşı üzgüçüyəm. Hətta bir dəfə bulvarda özünü dənizə atmış gənc qızı da xilas etmişəm. Hansı ölkəyə səfər etmişəmsə, dəniz olubsa, o dənizdə üzmüşəm. Hətta okean sularında da üzmüşəm. Ona görə bilirəm ki, dəniz necə təhlükəlidir. Nə qədər cazibədar, möhtəşəmdirsə, bir o qədər də qorxulu və təhlükəlidir.

İstirahətdə özünüqoruma yolları...

E.Hüseynov əhalini istirahət məkanları seçərkən də diqqətli olmağa çağırdı:

- Əksər istirahət zonalarında təhlükəsizliyə zəmanət sıfır səviyyəsindədir. Hər kəsə bəllidir ki, istirahət mərkəzlərində yoxlamalar "mən ölüm-sən ölüm”lə həll olunur. Saxta yoxlamalar aparılır. İnsanların ailəvi istirahət etdiyi mərkəzlərdə təhlükəsizlik qaydalarına əməl edilmir. İstirahət mərkəzlərində, adətən taxta evlər - kotteclər tikilir. Orada elektrik cihazlarından tutmuş, yanğından mühafizəyədək hər şeyə ciddi diqqət edilməlidir. Bütün otaqlarda yanğınsöndürən balonlar qoyulmalıdır. Elektrik naqilləri, elektrik cihazları daim yoxlamadan keçirilməlidir. Bunu edən varmı? Elektrik naqilləri ancaq işıqlar sönəndə, elektrik enerjisi kəsiləndə yada düşür ki, baxaq, görək niyə işıqlar söndü? Xarici ölkələrdə bir müəssisə, yaxud şirkət mətbuat konfransı keçirəndə də toplantıya başlamazdan öncə iştirakçıları evakuasiya xəritəsi ilə tanış edir ki, Allah eləməmiş birdən nəsə hadisə baş versə, insanlar binanı hansı yolla tərk etməlidir. Bizdə isə çox təəssüf ki, belə vacib məsələlər ən sonuncu hesab olunur. Əlbəttə, istirahət və əyləncə mərkəzlərində baş verən xoşagəlməz hadisələr insanlara mənfi təsir edir və əhali belə məkanlara getməkdən artıq ehtiyatlanır. Bir tərəfdən bahalıq, bir tərəfdən də can güvənliyi sıfır dərəcəsində. İstirahətə gedənlər ehtiyatlı olmalıdır, ehtiyatı əldən verməməlidirlər. İstirahət mərkəzlərinə gedəndə oranın vəziyyəti ilə maraqlansınlar. İstər istirahət mərkəzlərinə, istər çimərliyə gedəndə, istərsə adi gəzintiyə çıxanda. Bilməlidirlər ki, gərək birinci özünü qoruyasan, çünki sənin mühafizəni çox da düşünən yoxdu. Valideynlər var ki, sahildə uzanıb özünü günə verir, uşaq dənizdə çimir. Bir də ayılır ki, uşaq az qalır boğulsun. Xüsusən, uşaqları heç vaxt nəzarətsiz qoymaq olmaz. Attraksionlarla bağlı da ehtiyatlı olmaq lazımdır. Uzun illər fəaliyyət göstərən yelləncəklər, digər attraksionlar nasaz vəziyyətdə ola bilər. Valideynlər diqqətli olmalıdır. Yay mövsümünü sağ-salamat başa vurmaq istəyirsinizsə, ehtiyatı əldən verməyin.