Qiymət müəyyənləşdiriləndə əhalinin vəziyyəti nəzərə alınmalıdır

“Sumqayıt-Bakı qatarının gediş haqlarının 50-70 qəpik müəyyən olunması vətəndaşlar üçün də əlverişli görünür”



Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gedişhaqqı ilə bağlı Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamentinin təqdim etdiyi təkliflər Tarif (qiymət) Şurasının Katibliyində araşdırılır.

İqtisadiyyat və Sənaye nazirliyindən verilən məlumata görə, prosedura uyğun olaraq öncə Tarif Şurasının Katibliyi tərəfindən təkliflərin iqtisadi cəhətdən əsaslandırılmış olub-olmaması araşdırılır. Daha sonra isə məsələ Tarif Şurasının gündəliyinə çıxarılır və Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar verilir: "Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarında gedişhaqqı ilə bağlı təkliflərə də Tarif Şurasında kollegial qaydada baxıldıqdan sonra müvafiq qərar veriləcək”.

Qeyd edək ki, bir həftə əvvəl Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti Bakı-Sumqayıt qatarında gediş haqqının 50 və ya 70 qəpik müəyyən edilməsi ilə bağlı Tarif Şurasına müraciət edib. Sentyabrın 15-nə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir.

İqtisadçı Azər Mehdiyev isə hesab edir ki, ictimai nəqliyyatda gediş haqları müəyyənləşdirilən zaman bütün iqtisadi göstəricilər nəzərə alınmalıdır. Sadəcə qatarın çəkilməsi üçün çəkilən xərclər yox, əhalinin sosial durumu nəzərə alınmalıdır: "Qiymət müəyyənləşdirilməsi zamanı diqqətdə saxlanılmalı olan vacib məsələlərdən biri də odur ki, ictimai nəqliyyatda gedişhaqqı tam olaraq onun xərclərini ödəmirsə, xərclərin əlavə hissəsi dövlət büdcəsindən ödəniləcək, ya yox? Əgər ictimai nəqliyyata cavabdeh olan qurumlar həmin xərcləri tam ödəmək imkanında olmasalar, bu sonrakı mərhələdə çox ciddi problemlər yarada bilər. Həmçinin də korrupsiya hallarının genişlənməsinə zəmin yaratma ehtimalı var. Məsləhətli mexanizm ondan ibarətdir ki, gedişhaqqı xərcləri ödəmək iqtidarında olsun və vətəndaşlar da həmin gediş haqqını ödəməklə adekvat xidmət səviyyəsini tələb edə bilsinlər”.

A.Mehdiyevin sözlərinə görə, Sumqayıt-Bakı qatarının istifadəyə verilməsindən sonra gediş haqlarının 50-70 qəpik müəyyən olunması indiki şəraitdə vətəndaşlar üçün də əlverişli görünür: "Hazırda da Sumqayıt-Bakı arası marşrut xətlərində də qiymət təxminən həmin qiymətə uyğundur. Onu da deyim ki, Bakı-Sumqayıt qatarında gedişhaqqı müəyyənləşdirən zaman gözlənilən qiymət artımı da nəzərə alınmalıdır. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsi fonunda Azərbaycanda müəyyən olunmuş qiymətlər sərfəli həddədir”.