“Bank Technique” əmanətçilərin pulunu qaytarmır

“Mərkəzi Bank çalışmalıdır ki, çətin durumda olan banklar əmanətlərlə bağlı öhdəliklərinə əməl etsinlər”


Azərbaycanın bank sektorunda böhran davam edir. Bankların bəzisi bağlanır, səlahiyyətləri məhdudlaşdırılır, müflisləşir. Hazırkı mərhələdə "Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC) ciddi maliyyə problemləri ilə üzləşməsi səbəbindən müflis olmaq təhlükəsi qarşısındadır.

Hazırda bankda bütün əməliyyatlar dayandırılıb, kartlar bloklanıb, əhalinin depozitləri isə qaytarılmır. Həmçinin, Dövlət İpoteka Fondunun bu banka ayırdığı vəsaitin idarə olunması alınaraq "Caspian Devlopmant” bankına həvalə olunub. Qeyd edək ki, bankda əhalinin 200 milyon manatdan artıq əmanəti var. Onların bir hissəsi qorunmayan, yəni sığortalanmayan vəsaitlərdir. Bankın öz öhdəliklərini yerinə yetirə bilməməsi həmin əmanətlərin taleyini də sual altında qoyub.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı- ekspert Vüqar Bayramovun qənaətincə, ilkin mərhələdə belədir ki, bank tamamilə müflis olmayıbsa, bütün əmanətləri qaytarmalıdır: "Çünki müqaviləyə əsasən bank əmanətlərin qaytarılması və faizlərin ödənilməsi ilə bağlı öz üzərinə öhdəlik götürür. Həmin öhdəliyə isə əməl etməsi mütləq şəkildə vacibdir. Yox əgər bank müflis olursa, bu zaman bankın aktivləri və passivləri qiymətləndirilir. Əgər bankın aktivləri passivlərindən, yəni pulu borclarından çoxdursa, bu zaman əmanətlər bankın öz vəsaiti hesabına qaytarılır. Yox əgər bankın borcları çoxdursa, o zaman sığorta olunan, məbləği 30 min manatdan çox olmayan və faiz dərəcəsi 12 faizdən az olan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşlara geri qaytarılır. Yəni bankın öhdəlikləri aktiv və gəlirlərindən çox olduqda və hesabında vəsaiti olmadıqda Fond öhdəlik götürərək həmin bankda sığortalanmış əmanətlərin geri qaytarılmasını birbaşa həyata keçirir, depozitləri son qəpiyinə qədər qaytarır. Amma təəssüflə qeyd etməliyəm ki, bir sıra banklar müflisləşmədən əmanətlərin geri qaytarılması ilə bağlı ciddi problemlər yaşayırlar. Bu isə kifayət qədər neqativ mesajdır. Çünki vətəndaşların banklara depozit yatırmaları ilə bağlı inamını azaldır. Yəni bir bank lisenziyası əlindən alınmamasına rəğmən əmanətlərin qaytarılması ilə bağlı ciddi problem yaşayırsa, bu insanların digər banklara da inamını azaldır. Çünki bank sektoru həssasdır və bir bankın öz öhdəliyini yerinə yetirməməsi bütün sektora mənfi təsir göstərir. Bütün bu narahatlıqların qarşısını almaq üçün də Mərkəzi Bank çalışmalıdır ki, "Bank Technique” və ya digər çətin durumda olan banklar əmanətlərlə bağlı öhdəliklərinə əməl etsinlər. Əks halda, bu tendensiya vətəndaşların bütün banklardan əmanətlərinin geri çəkməsi ilə nəticələnə bilər.

Sığortalanmayan əmanətlərin taleyinə gəldikdə isə iqtisadçı deyib ki, əgər bankın aktivləri sığortalanmayan əmanətlərin geri qaytarmasına imkan verirsə, bu zaman heç bir problem yaşanmadan depozitlər geri qaytarılır. Yox əgər bankın aktivləri passivlərindən azdırsa, bu zaman bank maliyyə mənbəyi tapırsa, qaytarır, tapmırsa, sığortalanmayan əmanətlərin geri qaytarılması mümkün olmur.