Britaniya XİN: “İşğala son qoyulmalı, qaçqın və köçkünlər öz torpaqlarına qayıtmalıdırlar”






Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tatham ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov görüşdə Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla üzləşməsindən danışıb.
Ə. Həsənov bildirib ki, Azərbaycan ədalətin bərpa olunmasını istəyir: "Biz regionda sülhün bərqərar olmasını, təcavüzkarın öz adı ilə çağırılmasını istəyirik. Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək. Azərbaycan öz müstəqil siyasətindən əl çəkməyəcək. Biz bu müstəqilliyi tökülən qanlar bahasına əldə etmişik”.
M. Tatham Azərbaycana ilk dəfə səfər etdiyini və Bakıda gedən inkişaf prosesinin xoş təəssüratlar yaratdığını söyləyib: "Azərbaycanın son illərdə artan beynəlxalq nüfuzu da diqqətimdədir. Böyük Britaniya Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Xüsusilə ticarət, iqtisadi, enerji sektorunda bizim çox gözəl münasibətlərimiz var. Azərbaycan həssas regionda yerləşir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər önəmli olduğunu dərk edirik, bu məsələ bizi də narahat edir. İşğala son qoyulmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətinə çox böyük dəstək veririk. Bununla belə, bizi də məyus edən odur ki, qrupun fəaliyyətində hələ ciddi irəliləyiş yoxdur.
Görüşün sonunda M. Tathama "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.