Tovuz yenə atəşə tutuldu, yaralılar var

87 yaşlı İsa Musayev və 83 yaşlı Sehran Musayeva xəstəxanaya yerləşdirilib



Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və sərhədyanı kəndlərdə erməni təxribatları davam edir. Ermənistan Silahlı Qüvvələri yenidən Tovuz rayonun cəbhəyanı kəndlərini atəşə tutmağa başlayıb. Qarşı tərəfin iriçaplı silahlardan açdığı atəş nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin 2 sakini yaralanıb. Bunlar 87 yaşlı İsa Musayev və 83 Sehran Musayevadır.

Hər iki yaralı Mərkəzi Xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta ağırdır. Kənd icra nümayəndəliyinin məlumatına görə, Əlibəylidə 160-a yaxın evin dam örtüyü atışmadan zərər görüb.

Qeyd edək ki, bu hadisə son 3 gündə qarşı tərəfin açdığı atəş nəticəsində dinc sakinlərin yaralanmasına səbəb olan 3-cü faktdır.

İki gün əvvəl də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və yandırıcı silahlardan cəbhəyanı bölgələri atəşə məruz qoyması nəticəsində Qazaxın Məzəm kənd sakini Nəsib

Nəsibova məxsus fərdi yaşayış evi yanaraq, yararsız hala düşüb. Həmin gün Tovuzun Əlibəyli kəndində də qarşı tərəfin açdığı atəş nəticəsində 2 ev yanıb. Əlibəyli sakini 63 yaşlı Tofiq Kazımov isə yaralanıb.

Daha əvvəl isə Tərtərin Qapanlı kəndində toy çadırı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə üç nəfər yaralanıb.

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, son bir neçə gün ərzində Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu zonada düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə davamlı zərbələrindən ağır itkilərə məruz qalan erməni tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimizi və dinc sakinlərimizi atəşə tutmağa başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, cəbhədə uğursuzluğa düçar olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu hərəkətinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri qəti və adekvat tədbirlər görür: "Azərbaycan Silahlı Qüvvələrinin düşmənə endirəcəyi daha ağır zərbələrin gücündən ehtiyatlanan Ermənistan rəhbərliyi, guya, hərbi təlimlərin keçirilməsi adı altında sərhədboyu zonada yerləşən 20-dək yaşayış məntəqəsindən kənd sakinlərini təxliyə etməyə başlayıb. Müdafiə Nazirliyi bildirir ki, kəndlərimizin və dinc sakinlərin düşmən tərəfindən atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən atəş sistemlərindən istifadə etməklə düşməni məhv edəcək”.

Tovuz rayonunun sərhədyanı kəndlərinin ermənilər tərəfindən atəşə tutulmasına münasibət bildirən millət vəkili Qənirə Paşayeva Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verdiyini deyib: "Amma təəssüf ki, Ermənistan silahlı qüvvələri məhz mülki insanlara qarşı bir çirkin, insanlıqdan kənar əməllərindən əl çəkmirlər. Ordumuz, hərbiçilərimiz düşmənə hər zaman layiqli cavab verirlər və insanlarımızı qorumaq üçün əllərindən gələni edirlər. Mülki vətəndaşlara qarşı Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktlarına göz yuman, seyrçi yanaşan və heç bir ciddi reaksiya verməyən beynəlxalq təşkilatların Bakıdakı ofislərinə səslənərək "Niyə evi yandırılan, güllə ilə vurulan o insanlara baş çəkməyə getmirsiniz?”, deyə sual edirəm. Başqa zaman insan haqlarından danışırsınız. Beynəlxalq insan hüquqları qeyri-hökumət təşkilatları da hər zaman olduğu kimi bu mövzuda sanki heç nə görmür və eşitmir. Bəs o insanların pozulan haqlarını niyə görmürsünüz? Nədən açıqlama verib ən azı Ermənistanı qınamaq belə istəmirsiniz? O insanlar sizin səmimiyyətinizə çoxdan inanmırlar artıq. O insanlar ATƏT-in Minsk Qrupu, Avropa Şurası, BMT, ATƏT, digər beynəlxalq təşkilatları Ermənistanın bu vandalizm aktlarına artıq göz yummamağa, zərər çəkən insanların haqlarını müdafiə etməyə, belə halların yaşanmaması üçün işğalçı Ermənistana təzyiq etməyə çağırırlar. Onların səsini eşitmək sizin ilk öncə missiyanızdı. Və onlar sizi ədalətli olmağa çağırır”. Digər millət vəkili Elman Məmmədov isə deyib ki, ermənilərin dinc, əliyalın əhaliyə qarşı bu qəddar münasibəti onların tarixindən gəlir. Tarix boyu ermənilər Türkiyə, Azərbaycan ərazisində dinc əhaliyə divan tutub, kütləvi qırğınlar törədiblər. Dünyada söz sahibi olan böyük dövlətlər isə ermənilərin bu qudurğanlığına göz yumurlar. Hansı ki, cəbhəboyu rayonlarda ermənilərin mülki əhaliyə atəş açıb, evlərini dağıtmasından xəbərdardırlar: "Vaxtaşırı olaraq, ATƏT-in bölgədəki nümayəndəsi Kasprşik cəbhə xəttində atəşkəs rejiminin qorunması ilə bağlı monitorinqlər keçirir. Mən bir dəfə onun özündən də soruşmuşam ki, bu monitorinqləri keçirtməkdə sizin məqsədiniz nədir, xeyri nədir? Guya ki, bütün təmas xətti boyu ermənilərin atəşkəs rejimini pozmasından, Azərbaycanın Silahlı Qüvvələrinin mövqeyini və sərhəd kəndləri atəşə tutması barədə məlumatları yoxdur. Çox gözəl bilirlər hər şeyi. Cəbhə xəttində uçan quşdan da xəbərləri var. Ancaq tədbir görmək istəmirlər. Onların missiyası oturduqları yerdə maaş almaqdır. Arada bir də dəftərlərinin

qulağına quş qoymaq üçün monitorinq keçirib, "hesabat” verirlər. Əgər doğrudan da sizin missiyanız cəbhə xəttindəki vəziyyəti araşdırmaqdırsa, gedin monitorinqi Tovuzun Əlibəyli kəndi ərazisində aparın. Ermənilərin açdığı atəş nəticəsində yaralanan, evləri yandırılan, kənd təsərrüfatı sahələri ciddi ziyan görən insanlarla maraqlanıb, öz hesabatınıza daxil edin. Əsl, həqiqət ordadır... Başqa vaxtı Azərbaycana demokratiya dərsi keçənlər, 20 ildən artıqdır başımızın altına sülh yastığı qoyub, bizi yuxuya verməyə çalışanlar niyə bu quduzların, azğınların ipini çəkmirlər? Deməli, onları qızışdırıb, üstümüzə qısqırdan elə özləridir?”

Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər namizədi, politoloq Elman Nəsirli isə deyib ki, düşmən ordusunun bir sıra sərhədyanı kəndləri, mülki əhalini, hətta toy mərasimini belə hədəfə alması onu göstərir ki, ermənilərlə bağlı verilən proqnozlar özünü bir daha doğrultmaqdadır: "Tarix də sübut edir ki, cinayətkar öz havadarları tərəfindən şirnikləndirildikcə, onlar daha da azğınlaşır və daha böyük cinayətlərə imza atmaqda maraqlı olurlar. Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın törətdiyi bütün cinayətlərə beynəlxalq birlikdən kənardan müşahidəçi statusunda yanaşır və sadəcə prosesləri izləməklə kifayətlənir. Erməni terrorçularının da bundan ayağı yer alır”.

Şəymən