“Ən bahalı Həcc ziyarətini Azərbaycan təşkil edir”

“Halbuki qiymətləri əlçatan etməyin bir çox üsulları var”




Bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılmış 2400 yerlik kvotanın nədən dolmaması hələ də müzakirə mövzusudur. Qonşu müsəlman ölkələrində insanlar Həcc ziyarətinə getmək üçün illərlə növbə gözləyir, bəzilərinin ömrü də buna yetmir. Həcc arzusu ilə gözlərini əbədi yumur. Qonşu müsəlman ölkələrində Həcc ziyarətinə sənəd qəbulu ciddi nəzarət altında aparılır.

Bir dəfə ziyarətdə olmuş insan bir də həyatı boyu müqəddəs torpaqlara ayaq basıb-basa bilməyəcəyini təxmin belə edə bilmir. Zəvvarların müəyyən olunması püşkatma ilə həyata keçirilir. Adı çıxanlar göz yaşlarını saxlaya bilmir, Allaha şükr edib, həmd-səna oxuyurlar. Bizdə isə vəziyyət tamamilə fərqlidir. 9 milyonluq ölkəyə cəmi 2400 nəfərlik kvota ayrılıb, amma heç bu da dolmayıb. Kvotanın dolmaması ilə bağlı müxtəlif mülahizələr irəli sürülüb, səbəblər göstərilir. Ən əsas səbəb kimi də, manatın məlum devalvasiyasının qiymətlərə təsiri qeyd olunur. Amma bu da sirr deyil ki, Azərbaycan digər müsəlman ölkələri arasında Həcc ziyarətini ən bahalı təşkil edən ölkədir. Özü də təkcə bu il yox, ötən illərdə də - devalvasiyadan öncə də belə olub.

Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri də "Şərq”ə açıqlamasında Həcc kvotasının dolmamasını manatın devalvasiyası və bundan irəli gələn qiymət bahalaşması ilə əlaqələndirdi:

- Bu səbəb də var, həmçinin Həcc ziyarətinin baha təşkil olunması da. Mən bundan əvvəl də demişəm ki, ən bahalı Həcc ziyarətini məhz Azərbaycan təşkil edir. Qiymətlərin ən bahalısı məhz burdadı. Halbuki qiymətləri əlçatan etməyin bir çox üsulları var, necə ki, bunu digər müsəlman ölkələri, qonşu Türkiyə, İran edir. Bizdə isə tamam başqadır. Vətəndaşların illik gəlirləri azaldığı bir vaxtda, qiymətlər durmadan artır. Heç bir güzəşt, sərfəli şərtlər də yoxdur. Belədə kvotanın dolmaması əlbəttə, təbiidir. Hətta aldığım məlumatlara görə, dolmayan yerlərin sayı açıqlanan rəqəmlərdən çoxdur (QMİ 40 yerin boş qaldığını bildirib - red.) və Qafqaz Müsəlmanları İdarəsi bu saat ayrı-ayrı şəxslərdən kvotanın doldurulması üçün xahişlər edir. Kimlərəsə Həcc ziyarətinə yollamaq üçün adam gətirmələri tapşırılır. Bilirsiz, dəqiq olan budur ki, Azərbaycandan Həcc ziyarətinə gedənlərin əksəriyyəti artıq dəfələrlə Həcdə olmuş şəxslərdir. Bunların bir qismi Həcc mövsümünə sırf ticari məqsədlərlə yanaşan adamlardır, hər il Həcc mövsümündə onlar Səudiyyə Ərəbistanına səfər edir, gəlir əldə etmək məqsədilə ticarətlə məşğul olur, ölkəyə bəlli mallar gətirirlər. Bir qisim isə maddi cəhətdən imkanlı adamlardır. Onlar üçün 4700 dollar nədir, 5000-6000 dollar ödəyib ziyarətə getməyin heç bir sıxıntısı yoxdur. Bu insanlar arasında səmimiləri də olur. Onlar həqiqətən də müqəddəs ayda, müqəddəs günlərdə Məkkədə, Mədinədə olub dünya müsəlmanları ilə birlikdə ayinləri yerinə yetirmək istəyirlər və maddi imkanları buna yetdiyindən arzularının önünə sədd çəkmirlər. Həcc ziyarətini arzulayıb gedə bilməyənlərsə kasıb təbəqənin nümayəndələridir. Amma Allah-təala "Qurani-Kərim”də yalnız imkanı çatan müsəlmanın Həcc ziyarətini yerinə yetirməsini vacib buyurur. Yəni, maddi imkanı çatmayan bir müsəlmanın özünü və ya ailəsini maddi sıxıntıya salaraq Həcc ziyarətinə getməsi məqbul deyil. Amma düşünürəm ki, Həcc kvotasının dolmamasının başqa səbəbi də ola bilər. QMİ bununla yardıma ehtiyacları olduğunu göstərmək istəyir və növbəti ildə yardımlar, endirimlər əldə etmək istəyir. Yaxşı yadımdadır ki, QMİ sədri Allahşükür Paşazadə ötən illərdə "filankəs bizə 50 min, filankəs 100 min yardım etdi” söyləyirdi. Növbəti il oxşar yardımlar, məsələn, "AZAL”dan istənilə bilər.

E.Miri ADP sədri Sərdar Cəlaloğlunun "QMİ-nin Həcc ziyarəti üçün qiymət təyin etməsini, pul toplaması dinə ziddir” fikrinə də münasibət bildirdi:

- Bizdə belə bir fikir formalaşdırıblar ki, Həcc ziyarətinə mütləq toplu, qrup halında gedilməlidir. Bu, heç də belə deyil. Düzdür, təşkilatlanma baxımından qrup halında getmək yaxşıdır. Amma şəxsən mən bu Ramazan ayında Ümrə ziyarətinə QMİ-nin köməyi, təşkilati dəstəyi olmadan özüm getdim. Zamanımızda bunu məlumatı olan hər kəs edə bilər. Burada çətin bir iş yoxdur. İnternet resurslardan istifadə edərək Məkkədə əvvəlcədən otel kirayələdim, təyyarə biletimi alıb yola çıxdım. Doğrudur, mən Həcc və Ümrə ziyarətlərinin detallarını, hansı ayinlərinin, nə zaman, harada keçirilməli olduğunu bilirəm. Amma bunları hər adam öyrənə bilər. Orada isə getmək istədiyin yerlərə avtobus və ya taksi kirayələyə bilərsən. Və bu cür təkbaşına səfər, əlbəttə, QMİ-nin təşkil etdiyi Həcc səfərlərindən qat-qat ucuz başa gəlir. İnsanlar özləri 5-10 nəfər toplaşıb, birgə səfər də edə bilər. Yoldaşlıq olsun deyə. Bunun üçün məxsusi olaraq QMİ-nin təşkilatçılığına ehtiyac duyulmur.

Məlahət