“Köhnə hamam, köhnə tas”

Xəstəxanaların baş həkimlərinin dəyişdirilməsinin effekti olmayacaq




Bakıda bir sıra səhiyyə müəssisələrinin baş həkimləri dəyişdirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev, 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov isə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi təyin olunub.

Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq Hüseynzadə isə Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə təyinat alıb.

Əvəzlənmələri şərh edən tibb eksperti Şəmsiyyə Namazova "Şərq”ə söyləyib ki, əsasən kadrların iş qabiliyyətinə nəzər yetirmək lazımdır: "Hansısa baş həkim əvvəl işlədiyi yerdə nümunəvi olubsa, yeni müəssisədə də öz iş prinsipini davam etdirəcək. Yox əgər əvvəlki iş yerində onun bir mütərəqqi addımı olmayıbsa, bu əvəzlənmədən tərəqqi gözləməyə dəyməz. Ataların bir misalı var: "Köhnə hamam, köhnə tas” olacaq. Bəzən isə görürsən ki, bir insan çox qabiliyyətlidir. Amma işlədiyi sistem onun səlahiyyətlərini yerinə yetirməyi məhdudlaşdırır. Digər yerə gedəndə isə səlahiyyət baxımından məhdudiyyətlər götürülür. O, planlaşdırdığı prinsipləri daha geniş mənada həyata keçirə bilir. Bir daha qeyd edirəm ki, bir baş həkim haradasa köhnə sistemlə işləyibsə, o, yeni islahatlar həyata keçirməyəcək. Fəaliyyətini indiyədək çalışdığı sistemlə davam etdirəcək”.

Ayyət Əhməd