Tarif Şurasını günahlandırmaq doğru deyil

Suallar İqtisadi İnkişaf Nazirliyi və Nazirlər Kabinetinə ünvanlanmalıdır




Tarif Şurası dünya bazarında neftin qiymətinin azalmasına rəğmən Azərbaycanda benzinin ucuzlaşması üçün əsas görmür. Şuradan verilən məlumata görə, neftin dəyərdən düşməsi fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin dəyişməməsi ilə bağlıdır: "Azərbaycanda idxal edilən "Premium Avro-95” markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır və Tarif Şurası bu markanın qiymətini tənzimləmir.

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə "Şərq”ə açıqlamasında deyib ki, Tarif Şurasının benzinin qiymətinin ucuzlaşmayacağı ilə bağlı açıqlamasını ictimaiyyət düzgün başa düşməyib: "Tarif Şurası "Trend” Agentliyinin sualını cavablandırıb və burada ciddi narazılıq doğuracaq heç nə yoxdur. Çünki jurnalistin sualı Aİ-92 markalı benzinin qiyməti ilə bağlı olub ki, faktiki olaraq həmin markalı benzinin qiyməti də dövlət tərəfindən tənzimlənir və dünya bazarı ilə heç bir

bağlılığı yoxdur. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə paralel olaraq bir çox ölkələrdə Aİ-95 markalı benzin ucuzlaşıb ki, həmin benzinin qiyməti ilə bağlı Tarif Şurasına sual ünvanlamaq da doğru deyil. Əslində sual Tarif Şurasına yox, İqtisadi İnkişaf Nazirliyi və ya Nazirlər Kabinetinə ünvanlanmalıdır ki, 11 ay ərzində Azərbaycanın daxili bazarında dövlət tərəfindən tənzimlənməyən yüksək oktanlı benzinin qiyməti dünya bazarında 2 dəfə aşağı düşsə də, niyə Azərbaycanda heç bir dəyişikliyə məruz qalmayıb? Bu, bazar iqtisadiyyatının bütün qanunlarına ziddir. Hökumətin 2014-cü il 1 aprel tarixli qərarında göstərilib ki, "Premium Avro-95” markalı benzinin qiyməti bazar tərəfindən tənzimlənəcək. Belə çıxır ki, Azərbaycanda bazar qanunları işləmir”.

Əslində bazar iqtisadiyyatının Azərbaycanın heç bir seqmetində fəaliyyətdə olmadığını vurğulayan ekspert deyib ki, nəinki yanacaq, o cümlədən dərman, turizm, kənd təsərrüfatı, ərzaq və ya digər sektorlar da monopoliyadadır: "Bir-biri ilə əvvəlcədən razılaşaraq bütün xidmət sektorları öz mallarını bazarda eyni qiymətə təqdim edir. Azərbaycanda kimi dindirsək, monopoliyadan əziyyət çəkdiyini dilə gətirir. Bəs, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Departamentinin funksiyası nədən ibarətdir?

Dövlət qeyri-neft sektorunun inkişafından danışır ki, son bir ildə neft sektorunun gəlirlərinin azalması fonunda, bu, ölkəmizə hava-su kimi lazımdır. Belə olan təqdirdə isə ortaya maraqlı bir sual çıxır ki, başdan-ayağa monopoliyada olan qeyri-neft sektoru necə inkişaf edəcək? Bax, əsas sual budur. Benzinin qiyməti ilə bağlı Tarif Şurasının şablon cümlələrinin nə əhəmiyyəti var axı? Təbii ki, buna görə Şuranı da günahlandırmaq doğru deyil. Əslində, onların cavabları tamamilə qanunidir. Yuxarıda da dediyim kimi, Aİ-92-nin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün onun qiymətinin ucuzlaşması ilə bağlı tələblər absurddur. Qiymətlərin sabit qalması normal bir şeydir. Azərbaycan müstəqillik qazanandan üzü bu yana daxili bazara nəzarət dövlətin əlindədir. İnsanlar da bunun qanundankənar olmadığını və Azərbaycanın daxili bazarı ilə dünya bazarının heç bir əlaqəsi olmadığını başa düşməlidir. Dünya bazarında neftin qiyməti istər 20 dollar, istərsə də 200 dollar olsun, bunun Azərbaycan bazarına heç bir təsiri olmamalıdır. Sözün açığı, bunun da istehlakçıya xeyri var. Çünki neftin qiyməti "oynayan”da istehlakçı təlatüm yaşamır”.

Şəymən