Jurnalistlər Sərdar Cəlaloğlunun dediklərinə sərt cavab verdi

Elçin Mirzəbəyli: “Sərdar bəy də həkimdir, niyə siyasətlə məşğul olur? Getsin həkim kimi ayrıca fəaliyyət göstərsin də”
Elşad Paşasoy: “O vaxt da məsələyə “jurnalist hara, parlament hara” prinsipi ilə yanaşaraq, mətbuat nümayəndələrinin seçkidə iştirakına qarşı çıxırdı”



Aqil Aslan: "Sərdar bəyin fikri ilə o zaman razılaşardım ki, həqiqətən də jurnalist parlament üzvü seçildikdən sonra yenə də jurnalistikada qalsın”

ADP sədri Sərdar Cəlaloğlu media nümayəndələrinin parlament seçkilərində namizəd kimi qatılmaq təşəbbüsünü tənqid edib. Partiya rəhbəri bunu jurnalistlərin özünə hörmətsizliyi kimi dəyərləndirib. S.Cəlaloğlunun sözlərinə görə, dördüncü hakimiyyət hesab edilən bir qüvvənin hər hansı dövlət hakimiyyətində təmsil olunması onun hər şeydən öncə öz hakimiyyətini itirməsi və ya iki hakimiyyəti birləşdirməsi deməkdir:

"Hər iki halda Azərbaycan cəmiyyətində o adamlar dördüncü hakimiyyəti, yəni mətbuatı təmsil etmək hüququna malik ola bilməzlər. Əgər bu gün kimsə qəzet redaktoru ola-ola gedib deputat olacaqsa və sonra da Milli Məclisdə qanun verəcəksə təbii ki, o, özünə sərf edən qanunların təbliği ilə məşğul olacaq. Bu, demokratiya baxımından çox ciddi bir qüsurdur”. Qurum rəhbərinin fikrincə, parlamentdə yalnız siyasilər təmsil oluna bilər. Media nümayəndələri isə S.Cəlaloğlunun fikirlərinə sərt reaksiya veriblər.

Bu barədə "Şərq”ə danışan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, ADP sədrinin dedikləri məntiqsiz və absurddur: "Sərdar bəy də həkimdir, niyə siyasətlə məşğul olur? Getsin həkim kimi ayrıca fəaliyyət göstərsin də. Diqqət etsəniz görərsiz ki, S.Cəlaloğlu həm həkimliklə, həm siyasətlə, həm fəlsəfə ilə məşğul olur, həm özünü dini cəhətdən mükəmməl biliyi olan insan kimi qələmə verir. Bu gedişlə özünü "ayətullah” elan etsə, təəccüblənmərəm. Bu şəxs o qədər qeyri-ciddi adamdır ki, mütəmadi olaraq belə açıqlamalarla gündəmdə qalmağa çalışır. Çünki başqa alternativi yoxdur. Axı nəylə qalsın gündəmdə?”.

Baş redaktorun sözlərinə görə, jurnalistlər də Azərbaycan vətəndaşlarıdır. 25 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı qanunvericiliyə görə, seçkilərdə iştirak edə bilər: "Peşə fəaliyyətinə görə konkret şəxsin fəaliyyətinin məhdudlaşdırılması demokratiyanın prinsiplərinə ziddir. Belə absurd açıqlamalar da ondan irəli gəlir ki, ADP sədri yalnız emosiyaları ilə hərəkət edir. Onun hüquq barədə heç bir anlayışı yoxdur”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı, deputatlığa namizədliyini irəli sürmüş Elşad Paşasoy da ADP sədrinin fikirlərinin onun üçün yenilik olmadığını deyib: "Mən hələ 2010-cu il parlament seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd olan zaman ADP-nin də təmsil olunduğu "Qarabağ” bloku tərəfindən müdafiə olunmuşdum. Təbii ki, mənim namizədliyimi daha çox Ümid Partiyası, onun rəhbərliyi müdafiə etmişdi. Sərdar bəy isə o vaxt da məsələyə "jurnalist hara, parlament hara” prinsipi ilə yanaşaraq, mətbuat nümayəndələrinin seçkidə iştirakına qarşı çıxırdı. Nə etmək olar, bu da ADP sədrinin baxışıdır. Ancaq gərək partiyasının adında demokrat ifadəsi olan təşkilat sədri unutmasın ki, konstitusiya ilə seçib-seçilmək hər bir normal vətəndaşın, o cümlədən də media mənsublarının müstəsna hüququ var”. E.Paşasoyun sözlərinə görə, jurnalistika kimi həm çətin bir peşə ilə məşğul olan, həm də ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən, fəaliyyəti dövründə xeyli təcrübə toplamış mətbuat işçilərinin parlament seçkilərində namizəd olaraq iştirakını yalnız təqdir etmək lazımdır: "Azərbaycan parlamentində təmsil olunan bir sıra jurnalistlər var ki, onların fəaliyyəti hətta nümunə kimi çəkilir, təqdir olunur. Elə isə nədən jurnalistlərin ali qanunverici orqanda təmsilçiliyinə bəzi siyasətçilərimiz qıcıqla yanaşır? Əgər siyasətçi fəaliyyəti dövründə parlaq uğurlara imza atmayıbsa, qarşısına qoyduğu məqsədlərə çata bilməyibsə, seçkilərdən bir qayda olaraq uğursuz nəticə ilə çıxıbsa, bunun günahını jurnalistikamızda axtarmamalıdır. Əksinə, bir sıra siyasət adamları gündəmdə qalmalarına, xalqın yadından çıxmadıqlarına görə mətbuatımıza borclu olmalıdırlar. Onların irəli getməsi üçün heç olmasa, xeyir-dualarını əskik etməməlidirlər, nəinki buna qıcıqla yanaşmalıdırlar”.

Tanınmış jurnalist deyib ki, dünya təcrübəsində də kifayət qədər jurnalistlər var ki, parlamentdə təmsil olunurlar və buna görə cəmiyyətdən, siyasət adamlarından hər hansı neqativ münasibət görmürlər: "Türkiyədə həm parlament ənənələri, həm də jurnalistikanın nə dərəcədə möhkəm təməllər üzərində qurulduğuna yəqin ki, hörmətli Sərdar bəy də şübhə etməz. Xatırladım ki, Türkiyə parlamentinə son seçkilərdə xeyli media təmsilçisi mandat qazandı. Təkcə "Radikal” qəzetindən parlamentə düşən Enis Bərbəroğlu, Barış Yarkadaş, Markar Eseyanın adını çəkmək kifayət edər. Ümumilikdə 3 aparıcı partiyanın xətti ilə 13 jurnalist Türkiyə parlamentinə mandat qazandı. Türkiyə Qəzetçilər Federasiyasının sədri

Atilla Sertel də CHP-nin xətti ilə İzmirdən namizəddir. Azərbaycanın ilk parlamentinin - Milli Şuranın sədri həm də jurnalist olan Məhəmməd Əmin Rəsulzadə idi. Gərək ADP sədri bunları unutmasın!”.

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan da ADP sədrinin mövqeyi ilə razılaşmayıb: "Mən Sərdar bəyin fikri ilə o zaman razılaşardım ki, həqiqətən də jurnalist parlament üzvü seçildikdən sonra yenə də jurnalistikada qalsın. Əgər hər hansı bir jurnalist deputat seçilib yalnız parlament fəaliyyətilə məşğul olursa, deməli, keçmiş peşəsindən ayrılıb. Yəni o artıq jurnalist deyil, millət vəkilidir. Bu mənada media nümayəndələrinin parlament seçkisinə qatılmasının tərəfdarıyam. İndi bəzi hallarda qəzet jurnalistləri, xüsusilə siyasət yazarları, parlament müxbirləri, baş redaktorlar var ki, partiya sədrlərindən, ümumiyyətlə, siyasətçilərdən, parlamentarilərdən az siyasətçi deyillər. Belə jurnalistlərin Milli Məclisə seçkilərdə iştirak edib qalib gəlmə şansları da çox ola bilər. Ona görə də ADP sədrinin mövqeyi ilə razılaşa bilmərəm”.

İsmayıl