Hatəm Cabbarlı: “Erməni dilini bilməyin üstünlükləri var”

“Müsbət rəylər aldım”




Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) fəaliyyət planına uyğun olaraq, Mərkəzin sifarişi ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin hazırladığı "Erməni dili” adlı tədris vəsaiti nəşr edilib.

Tədris vəsaitinin müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı, redaktorları tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Sərlan Həsənov, Söhbət Məmmədov və Tahirə Cabbarlıdır. SAM-ın dəstəyi ilə işıq üzü görən və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu tədris vəsaiti 4 hissədən - Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksisdən ibarətdir.

Məlumat üçün bildirək ki, sözügedən kitab Azərbaycanda nəşr edilən ilk erməni dilli tədris vəsaitidir.

Kitabın əhəmiyyəti və cəmiyyətə verəcəyi töhfələr barədə məlumat almaq məqsədilə müəlliflə əlaqə saxladıq. O, "Şərq”ə müsahibəsində qeyd etdi ki, "Erməni dili”nin nəşr edilməsi zərurəti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən sonra ortaya çıxıb: "Bu kitab Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində, erməni tarixinin orijinal dildə oxunmasında, əsassız erməni iddialarına cavab verilməsində ciddi əhəmiyyətə malikdir. Ermənistan mətbuatında iki və yaxud üç dildə nəşr olunan dövri mətbuat və internet resurslarında ermənicə verilən informasiya adətən digər dillərdə fərqli versiyalarda olur. Oxucular yanlış istiqamətləndirilir. Erməni dilinin öyrənilməsi erməni tarixinə bələd olmaq bu və digər məsələlərə aydınlıq gətirmək, hadisələri obyektiv öyrənmək və dəyərləndirmək baxımından əhəmiyyətlidir.

- Bu cür kitabların sayının çoxalmasına ehtiyac duyulurmu?

- Əlbəttə, belə kitabların bundan sonra da yazılması mümkündür. Eyni zamanda hər iki dildə lüğət kitablarına ehtiyac var.

- "Erməni dili” cəmiyyətdə necə qarşılandı?

- Kitabın çap olunmasına dair KİV-lərə məlumat verildikdən sonra olduqca müsbət rəylər aldım. Maraqlananlar zəng edir, sosial şəbəkələrdən yazaraq təbrik edir, belə bir tədris vəsaitinin yazılmasından və bu dili öyrənmək istədiklərindən bəhs edirlər. Xüsusilə informasiya mübarizəsində bu dili bilmək, Azərbaycanın mənafeyinin qorunması baxımından çox önəmlidir.

- Necə oldu ki, bu kitabı yazmaq qərarına gəldiniz? Bu, öz təşəbbüsünüzdürmü?

- Kitabın üzərində təxminən on il əmək sərf edilib. İlkin versiyası üzərində dəfələrlə işlənilib, dəyişikliklər edilib, əldə edilən müxtəlif ədəbiyyatlarla zənginləşdirilib. Daha sonra SAM ilə əməkdaşlıq çərçivəsində tədris vəsaiti üzərində son tamamlama işləri görüldü və nəşr edildi.

- Bu istək nədən qaynaqlanıb?

- 15 ildən artıqdır ki, Ermənistan üzrə mütəxəssisəm. Bu dili bilməyin müəyyən üstünlükləri var. Ermənistan üzrə peşəkar mütəxəssis olmaq istəyənlər mütləq bu dili bilməlidir. Eyni zamanda aidiyyəti qurumların, qeyri-hökumət təşkilatlarının, informasiya agentliklərinin nümayəndələrinin erməni dilini bilmələri Ermənistan haqqında daha dolğun təhlillər etməyə imkan verir. Azərbaycanda erməni dilini öyrənmək istəyənlər üçün tədris vəsaitinin olmadığını gördüm və bu vəsaiti yazmağa qərar verdim.

Qeyd edək ki, müəllif kitabın neçə tirajla çap olunması və satışının necə təşkil olunmasına dair suallarımızı cavabsız qoydu. Səbəbini isə bu haqda dəqiq məlumatının olmaması ilə izah etdi.

Ayyət Əhməd