“Məhkəməyə müraciət edin”

Ədliyyə Nazirliyi keçmiş müsavatçılara cavab verdi




Müsavat Partiyasının VIII qurultayının nəticələrindən narazı qalan bir qrup müsavatçı nəticələrin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişdilər. Ötən gün nazirlik müraciətə cavab verib.

Nazirlikdən bildirilib ki, partiyanın qurultayı ilə bağlı qeydiyyata alınmış dəyişikliklərin ləğvi üçün şikayətçilər məhkəməyə müraciət etməlidirlər. Müsavatın sabiq fəalı, şikayətçilərdən biri olan Əlövsət Əhədoğlu bildirib ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən onun ünvanına cavab məktubu daxil olub və məktubda məhkəməyə müraciət edilməsi məsləhət görülüb. Əhədoğlu qurultayın nəticələrinin ləğvi üçün bütün imkanlardan istifadə edəcəklərini söyləyib. Nazirlikdən gələn tövsiyəyə münasibət bildirən Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyub isə müraciətin onların yaratdığı təşkilat tərəfindən edilmədiyini deyib: "ADR adından belə bir müraciət olmadığı üçün biz onunla maraqlanmırıq. Müsavat rəhbərliyinin yeritdiyi siyasətdən narazı qalan ayrı-ayrı şəxslər Ədliyyə Nazirliyinə müraciət ediblər. Özləri necə istəyir, elə də etsinlər. Sözün düzü, biz o müraciətdə nə olduğunu, onların konkret nə istədiklərini də bilmirik”.

İsmayıl