AMİP daha 10 namizəd irəli sürdü

“Güzəşt də, əməkdaşlıq da qarşılıqlı olmalıdır”



Ötən gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda parlament seçkisinə daha 10 namizəd irəli sürülüb. İclasda eyni zamanda AMİP-in səlahiyyətli nümayəndələri də təsdiq olunub və qanunvericiliyə müvafiq olaraq bütün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunması qərara alınıb.

AMİP-də gedən proseslərlə bağlı "Şərq”ə açıqlama verən partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib ki, builki seçkilərdə daha çox keyfiyyət nəzərə alınacaq: "Şərt deyil ki, 125 dairənin hamısından, yaxud da mütləq əksəriyyətindən namizəd irəli sürülsün. Azərbaycan reallığını və mövcud şərtləri nəzərə alaraq güc və imkanların maksimum dərəcədə parçalanmamasına çalışırıq. İndiyədək 25 seçki dairəsi üzrə Milli Məclis üzvlüyünə namizədlərimiz irəli sürülüb. Bunların arasında qurum sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadə də var”. "Namizədlərin irəli sürülməsi məsələsində digər partiyalarla əməkdaşlıq ediləcəkmi” sualına Ə.Oruclunun cavabı belə olub: "Güzəşt də, əməkdaşlıq da qarşılıqlı olmalıdır. Eyni zamanda namizədin şansları da dəyərləndirilməlidir. Əgər hansısa bir dairədə AMİP üzvünün şansı digər müxalifət partiyasının vəzifəli şəxsindən, hətta sədrindən belə yüksəkdirsə, o zaman nəyə görə güzəştə getməliyik?! Ona görə də güzəştdən söhbət gedə bilməz. Sadəcə, seçki mühitinin normallaşması, seçiciləri seçkilərə gətirməyə nail olunması istiqamətində əməkdaşlıq edilə bilər”.

İsmayıl