Qəpik milli valyutadır

“Heç kəsin ixtiyarı yoxdur ki, qəpikləri aşağılasın, yaxud da qəbul etmək istəməsin”
“Məhkəmə qərarının əleyhinə olan, qərara etiraz edən adamlar bəzən bu üsula əl atırlar. Bunu da qarşı tərəfə - yəni onu məhkəməyə vermiş tərəfə təhqiramiz jest hesab edirlər”


Məhkəmənin qərarından narazı qalan vətəndaş Fikrət Nəsibov təyin edilmiş 740 manatlıq cəriməni 1 qəpiklərlə ödəyib. Bununla vətəndaş məhkəmənin qərarından narazılığını ifadə etməyə çalışıb. Fakt isə budur ki, ya manat, ya qəpiklə, hər halda cərimə ödənilib. Məhkəmə vətəndaşın ödəmə seçiminə tolerant yanaşıb və 740 manatlıq qəpiklərin ondan qəbul edilməsinə razılıq verib.

Xəbəri yayan "anspress.com” saytı dünyada buna bənzər hadisələrlə bağlı da məlumat verib. Məsələn, bildirilib ki, 2012-ci ildə "Samsunc” şirkəti ilə "Apple” şirkəti arasında keçən məhkəmə prosesində birinci ikinciyə 1 milyard dollar uduzub. Və şirkət bu məbləği 5 sentlərlə ödəyib. Məbləğin ünvana çatdırılması üçün nə az, nə çox, tam 30 yük maşını gərək olub.

Maraqlı hadisəni şərh edən hüquqşünas, tanınmış vəkil Qurban Məmmədov "Şərq”ə açıqlamasında bildirdi ki, təyin edilmiş cərimələrin qəpiklərlə ödənməsi etiraz forması çoxdan mövcuddur:

- Belə bir etiraz forması var. Məhkəmə qərarının əleyhinə olan, qərara etiraz edən adamlar bəzən bu üsula əl atırlar. Bunu da qarşı tərəfə - yəni onu məhkəməyə vermiş tərəfə təhqiramiz jest hesab edirlər. Amma nə fərqi var, qəpiklə, ya manatla, nəticə budur ki, cəriməni ödəyib. Məncə, bu, təhqir sayılmamalıdır. Qurban olum, dəmir qəpiyimizə də, ucuzlaşmış manatımıza da. Hər ikisi də milli valyutamızdı. Heç kəsin ixtiyarı yoxdur ki, qəpikləri aşağılasın, yaxud da qəbul etmək istəməsin.

Bu şəxsin 740 manatlıq qəpikləri hardan əldə etməsi də, qəpiklərin necə hesablanması da maraq doğurur.

Q.Məmmədov qeyd etdi ki, qəpiklərin əldə edilməsi çətin məsələ deyil:

- Qəpikləri banklardan əldə edirlər. Manatları verib, əvəzinə qəpik alırlar. Bütün banklarda qəpik pullar olur. O ki qaldı qəpiklərin hesablanmasına, burada məhkəməlik bir iş yoxdur. Məhkəmə qərar verir, qərarın yerinə yetirilməsinə nəzarət isə iş icraçılarının vəzifəsidir. Məsələn, 20 dənə 1 qəpikliyin ağırlığını ölçürlər, bilirlər ki, bunun 100 dənəsi neçə qram gələcək və neçə qram və ya kiloqram qəpik neçə manat təşkil edəcək.

Q.Məmmədov vəkillik fəaliyyəti zamanı oxşar halla qarşılaşdığını da dedi:

- Mənim də başıma bir dəfə buna bənzər iş gəlib. Müdafiə etdiyim şəxsə yüksək məbləğdə cərimə kəsilmişdi. Dedim ki, bu məbləği biz sizə 50 manatlıqlarla ödəsək, sizin onu sayıb qurtarana qədər 120 yaşınız olar. Bəzən, məhkəmələr fantastik məbləğlərdə cərimələr təyin edirlər. Bəzən də vətəndaşlar etirazlarını bildirmək üçün müxtəlif formalara, üsullara əl atırlar. Cərimənin qəpiklə ödənməsi də belə üsullardan biridir.

Məlahət