Metropoliten işçi ixtisarını təkzib etdi

“Xəzinədarların ixtisar edilməsinə dair yayılan xəbərlər şayiədən başqa bir şey deyil”



"METRO KART”-ın "BakıKART”-la əvəzlənməsi metropolitenin bir sıra işçilərini ixtisara salır. Bu barədə metropolitenin adının çəkilməsini istəməyən xəzinədarlarından biri bildirib. Onun sözlərinə görə, ixtisarla bağlı hələlik rəsmi qərar verilməyib:

"Ancaq bizim işləməyimiz üçün də səbəb yoxdur. Çünki artıq 30 sentyabr metro kartına gedişhaqqı yüklənməsi prosesi başa çatdıqdan sonra kassalara qəpik verilmir. Bütün proseslər "BakıKART”-la aparılır. "BakıKART” isə bəzən kassaları qəpiklə təmin etmir. Qəpiklər verilsə də, çox az məbləğdə olur. Elə səhər saatlarında bitir. Əvvəllər isə terminallara yığılan pullar bizə qalırdı”.

Apardığımız araşdırmalar da deyilənlərin düz olduğunu göstərdi. Belə ki, metropolitenin əksər stansiyalarında kassalarda qəpiyin tapılmadığının şahidi olduq. Məsələyə aydınlıq gətirmək məqsədilə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. Qurum sözçüsü "Şərq”ə açıqlamasında ittihamları təkzib etdi: "Bunlar həqiqəti əks etdirmir. Bizdə heç bir sahədə ixtisar aparılmır. Hər kəs öz işinin başındadır. Xəzinədarların ixtisar edilməsinə dair yayılan xəbərlər şayiədən başqa bir şey deyil. Bundan başqa qeyd edim ki, hər gün metropolitenin bütün stansiyaları xırda pulla təmin edilir”.

Ayyət Əhməd