“Çox pisəm, halsızam”

Kənan Hacı: “Zahirən çox yaxşı görünə bilərəm, amma daxildə gedən proseslər heç də yaxşılığa doğru deyil”





Xəbər verdiyimiz kimi, bir müddət öncə tanınmış şair-yazıçı Kənan Hacının səhhətində ağır problemlər yaranıb. Özünün bildirdiyinə görə, o, 8 ildir Hepatit C xəstəliyindən əziyyət çəkir. Buna rəğmən yazıçı sosial şəraitin və maddi durumun ağırlığı üzündən müalicə ala bilməyib. Xəstəliyinə dair məlumatlar yayılanda isə qələm dostları yazıçını tək buraxmadı və dərhal yardım kampaniyasına başladılar.

Onlar həmkarlarını, imkanlı şəxsləri və ictimaiyyəti yazıçının müalicəsinə yardım göstərməyə çağırdı. Beləliklə, ictimaiyyət nümayəndələri, imkanlı şəxslər və Səhiyyə Nazirliyi bu çağırışa reaksiya verərək K.Hacının müalicəsinə yardım göstərdilər və hazırda yazıçı müalicə olunur. İndiki durumu və müalicəsinin effekt verib-verməməsini öyrənmək məqsədilə K.Hacının özü ilə əlaqə saxladıq və o, "Şərq”in suallarını cavablandırdı.

- Səhhətiniz nə yerdədi? Özünüzü necə hiss edirsiniz?

- Özümü yaxşı hiss etməyə çalışıram, amma bilirəm ki, yaxşı deyiləm. Mənim işim yazmaqdı, xəstəliyimə görə yazı-pozuyla ürəyim istəyən kimi məşğul ola bilmirəm.

- Müalicəniz davam etdirilirmi? İndiyədək görülən işlərin bir effekti olubmu?

- Xəstəliyim çox aldadıcıdır. Zahirən çox yaxşı görünə bilərəm, amma daxildə gedən proseslər heç də yaxşılığa doğru deyil. Hepatit C gizli xəstəlikdir və qaraciyəri tədricən sıradan çıxarır. Müalicə olunmazsa, qaraciyər xərçənginə və serroza çevirmə ehtimalı yüksəkdir. Bu cür xəstələr maksimum, 15 il yaşayırlar. Təbii, güclü müalicə və dieta olarsa, bir az artıq yaşamaq mümkündür. 10 gün 1 saylı Şəhər Klinik Xəstəxanasında yatdım. Orda xəstəni 10 gündən artıq saxlamırlar. Əsasən, vitaminlər vuruldu, immuniteti gücləndirmək üçün müəyyən iynələr vuruldu ki, bu da Hepatit C xəstəliyi üçün yetərli müalicə sayılmır. Amma görünür, bundan artığını məsləhət bilmədilər. İndi düşünürəm ki, xaricə getmək lazımdır. Buna isə heç bir maddi imkanım yoxdur.

- Həkimlərin sizə münasibətindən razı qaldınızmı? Lazımi qayğı və yardımı göstərə bildilərmi?

- Həkimlərin münasibəti çox yaxşı idi. Səhiyyə Nazirliyinə, Nazirliyin şöbə müdiri Yusif Babayevə, xəstəxananın baş həkim müavini Qətibə xanıma xüsusi minnətdarlığımı bildirirəm! Sağ olsunlar!

- Nədənsə narazılığınız varmı?

- Narazılıq demək olmaz, mənim istəyim budur ki, Hepatit C üçün lazım olan bütün müalicələri alım. Çünki virusun qandan təmizlənməsi üçün lazım olan iynələr mənə vurulmayıb. Xəstəxanada nisbətən yaxşı idim, evə gələndən yenə də özümü çox halsız hiss edirəm. Bu, xərçəng qədər ağır bir xəstəlikdir. Qaraciyərin dəyişilməsi də kömək etmir, çünki virus qandadır. Mənə pegasis iynəsi və bir də pegaferon tabletkası lazımdır. Neqativə düşənə kimi, 6 aydan bir ilə qədər davamlı olaraq bu iynələr vurulmalıdır. Əks halda, virus qaraciyəri parçalayır.

- Dostlar sizi yad edirmi?

- Dostlardan həddən artıq razıyam. Sağ olsunlar, evdə yatdığım vaxt da, xəstəxanada da məni bir an da olsun tək qoymadılar. Kamal Abdullaya, Qənirə Paşayevaya, Xanım İsmayılqızına, Aysel Əlizadəyə, gözəl şairimiz Əli Hacıya və saysız-hesabsız qələm dostlarıma, Türkiyədə yaşayan dəyərli sənətçimiz Məlahət Abbasovaya, Ceyhun Musaoğluna, Nicat Qafuroğluna, bütün media nümayəndələrinə təşəkkürümü bildirirəm.

Ayyət Əhməd