11 ay keçir...

16 yaşlı qızın nə ölüsündən xəbər var, nə dirisindən




Masallı rayonunda 16 yaşlı qız bir ilə yaxındır, itkin düşüb. Ailə üzvlərinin və rayonun hüquq-mühafizə orqanlarının axtarışları hələ ki, səmərə verməyib. Qeyd edək ki, sözügedən rayonun Təklə kənd sakini, 2000-ci il təvəllüdlü Səidə Fərhad qızı Cəfərova 2015-ci il iyul ayının 5-də səhər saat 10:00 radələrində yaşadığı evdən həyətə düşərək yoxa çıxıb. Anası Bibixanım Cəfərovanın sözlərinə görə, əkin sahəsindən evə gələrək qızından çay istəyib.

Səidə isə "İndi gətirirəm” deyərək həyətə düşüb. Ana bir müddət gözləsə də, Səidədən xəbər çıxmayıb. Bibixanım Cəfərova qızını nə qədər çağırsa da, səsinə hay verən olmayıb. O vaxtdan Səidədən bir xəbər yoxdur. Valideynlərinin sözlərinə görə, Səidə həyətə düşərkən ev paltarında olub və özü ilə heç bir əlavə əşya, ya da yeni pal-paltar götürməyib. Həmin günə kimi qız heç mobil telefon da işlətməyib. Ancaq evdən çıxarkən anasının mobil telefonunu özü ilə aparıb. Ailə üzvləri həmin mobil telefona dəfələrlə zəng vursalar da, cavab verən olmayıb. Bir saatdan sonra isə mobil telefon söndürülüb. Səidənin valideynləri qızlarının sevdiyi şəxsə qoşulub qaçması ehtimalını da mümkünsüz hesab edirlər. Çünki ötən 11 ay ərzində qızdan heç bir xəbərin çıxmaması valideynlərinin bu şübhəsini heç edib. Onlar qızlarının oğurlanaraq aparıldığını istisna etmirlər. Səidə Cəfərovanın itkin düşməsi barədə Masallı rayonunun hüquq-mühafizə orqanlarına, icra strukturlarına da məlumat verilib. Polis qızın axtarışlarını davam etdirir.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay isə kənardan bu cür hadisələrlə bağlı konkret fikir bildirməyin o qədər də asan olmadığını deyib: "Birbaşa istintaqın içərisində olmadığım üçün indiki halda sadəcə gümanlarla danışa bilərəm. Əslində bu cür hadisələr müxtəlif səbəblərdən ola bilər. Adətən evi tərk edən qızlar ailəsi ilə arasında yaşanan hansısa narazılıqdan dolayı bu addımı atır. Bəziləri ailəsindən küsüb qohumugilə sığınır. Eləsi də var ki, axtarıb tapmaq asan olmasın deyə ailəsinin tanımadığı, yaşadığı ünvandan mümkün qədər uzaqda olan rəfiqəsigildə gizlənir. 16 yaşlı qızın sevdiyi oğlana qoşulub qaçma ehtimalı da bu cür hallarda ehtimal olunandır. Amma qızın itkin düşməsinin üstündən uzun müddət keçdiyi üçün hadisəyə kriminal nöqteyi-nəzərindən yanaşmaq daha məqsədəuyğun olar. Təbii ki, həmin qızı evdən oğurlamış da ola bilərlər, hətta öldürüb bir kənara da atmış olarlar. Əgər hadisənin üzərindən 11 ay keçməsə idi, onun ailəsindən pul qopartmaq məqsədi ilə qaçırıldığını da güman etmək olardı”. Qızın hicablı olması səbəbindən kriminalist hadisənin dini aspektdən də dəyərləndirilməsini vacib hesab edib: "Bəlkə də ailəsinin xəbəri olmadan həmin qız dini radikallara qoşulub, hansısa dini cəmiyyətə üzv olub və onlarla birlikdə ölkədən çıxıb. Yuxarıda da qeyd etdiyim ki, istintaq materialları ilə tanış olmadığım üçün konkret bir ehtimal üzərində dayanmaq çətindir. Amma bütün bu ehtimallar fonunda onu deyə bilərəm ki, istənilən halda problemin kökü ailədən qaynaqlanır. Bir çox hallarda valideynlərin öz övladları, xüsusən də qız uşaqları üzərində nəzarətsizliyi sonda bu cür xoşagəlməz hallar, bəzən də dəhşətli faciələrlə nəticələnir. Odur ki, qızın itkin düşməsinin hansı zəmində baş verməsindən asılı olmayaraq, burada valideynlərin məsuliyyəti var. Görünür, həmin ailədə hansısa problemlər olub ki, qız evi tərk etmək məcburiyyətində qalıb. Bəlkə də, ilk başlarda məqsədi sadəcə evdən uzaqlaşmaq olub, amma bəzən proseslər insanın istədiyi kimi getmir”.

Şəymən