Qəbul imtahanlarında dəyişiklik olacaq

“Şagirdlər buraxılış imtahanlarında göstərdikləri nəticənin səviyyəsinə və marağına uyğun olaraq seçdiyi ali məktəblərə yönəldilməlidir”



Növbəti il ali məktəblərə qəbul imtahanlarında müəyyən dəyişikliklər gözlənilir. 2016-cı ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə tətbiq edilməsi planlaşdırılan tələbə qəbulu modeli və digər məsələlərlə bağlı hələlik bir qərar qəbul olunmadığını vurğulayan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin sözlərinə görə, qəbul imtahanlarının yeni modellərinin hazırlanması müzakirə səviyyəsindədir: "Çox güman ki, ilin sonuna qədər, növbəti kollegiya iclaslarından birində, nəzərdə tutulan məsələlərə baxılıb konkret qərar qəbul olunacaq”.

Qeyd edək ki, bu il iyunun 22-də keçirilən TQDK-nın Kollegiyasının iclasında 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub. 2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulub. İclasda buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə bu məsələnin artıq bir neçə ildir ki, müzakirə olunduğunu deyib: "Ayrı-ayrı mütəxəssislər uzun müddətdir ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının vahid məcraya gətirilməsinin vacibliyini vurğulayırlar. Qəbul imtahanlarında edilməsi zəruri olan ən böyük dəyişiklik abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə seçim etmək imkanının yaradılmasıdır. Şagirdlər buraxılış imtahanlarında göstərdikləri nəticənin səviyyəsinə və marağına uyğun olaraq seçdiyi ali məktəblərə yönəldilməlidir. Əgər TQDK bu dəyişikliyə getsə, təqdirəlayiq haldır. Bunun modeli, maddi-texniki bazası işlənib hazırlanmalı, yüksək səviyyədə suallar tərtib olunmalıdır. Suallar hazırlanarkən ilk növbədə orta məktəb proqramı nəzərə alınmalıdır. Hətta imtahan verən şagirdin haqqı var ki, sualın qarşısına yazsın ki, bu sual proqramda yoxdur. İlk növbədə bilik obyektiv qiymətləndirilməlidir. Bu məsələnin həyata keçməsi gənclərimizi imtahan oyunundan nəhayət ki, azad edər”.

Ə.Ağayev ümumilikdə pedaqoji ictimaiyyətin bu məsələni təqdir etdiyini söyləyib.

Qəbul imtahanında fənlərin azaldılmasına gəldikdə isə ekspert bunun tərəfdarı olmadığını deyib: "Buraxılış imtahanının mahiyyəti odur ki, 11 illik təhsil müddətində öyrənilmiş biliklərin yekunudur. Bu da tədris planına əsaslanır. Dövlətin təşkil elədiyi tədris planında komponentlər var. Bir çox əsas fənlər dövlət standartlarına cavab verməlidir. Bunlar zərurətdir. 11 il müddətində təhsil alan şagirdin yekun imtahanda ana dili, riyaziyyat və xarici dildən imtahan verməsini məqbul hesab eləmirəm. Bu təcrübəni həyata keçirənlər ya pedaqogiya elmini bilmirlər, ya da ki bilərəkdən başdansovdu yanaşırlar”.

Ə.Ağayev təklif edir ki, buraxılış imtahanlarının ən azı, 4-5 fənn üzrə keçirilməsi daha yaxşı olardı. O, yeni imtahan fənlərinin Azərbaycan tarixi və coğrafiyası olmasını daha məqsədəuyğun sayır. Professorun qənaətincə, görə, həmin fənlərin əlavə edilməsi şagirdlərin Azərbaycan tarixi və coğrafiyasını daha mükəmməl öyrənməyə məcbur edəcək. Yalnız Azərbaycan özünün mülki və vətəndaş tarixini nəzərə almır. İmtahan məcburiyyəti olmadığı üçün şagirdlər tarix fənlərinə laqeyd yanaşır və nəticəsi də müəyyən fəsadlara yol açır: "Bütün ixtisaslar üzrə Azərbaycan tarixi fənni üzrə imtahan götürülməlidir. Onsuz da ki, təmayülləşmə ilə əlaqədar uşaqlara yarım

təhsil veriləcək. Heç olmasa buraxılış imtahanlarının sayını artırsınlar ki, şagirdlər keçdikləri fənlər üzrə cüzi də olsa, biliyə sahib olsunlar”.

Şəymən