LDP sədrinin bəzi proqnozları Rusiya hökuməti tərəfindən icra edilir. Jirinovski illərdir Ukraynaya qarşı ərazi iddiaları qaldırır və Krımın Rusiyaya birləşdirilməsinin labüd olduğunu deyirdi
Polşa və Finlandiya iştahası...
Ona sərsəm deyirik, amma təəssüflənməliyik
LDP sədrinin bəzi proqnozları Rusiya hökuməti tərəfindən icra edilir. Jirinovski illərdir Ukraynaya qarşı ərazi iddiaları qaldırır və Krımın Rusiyaya birləşdirilməsinin labüd olduğunu deyirdi
LDP sədrinin bəzi proqnozları Rusiya hökuməti tərəfindən icra edilir. Jirinovski illərdir Ukraynaya qarşı ərazi iddiaları qaldırır və Krımın Rusiyaya birləşdirilməsinin labüd olduğunu deyirdi
Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yeni torpaq iddiası ilə çıxış edib. Onun sözlərinə görə, çar imperiyası dövründə Rusiyaya məxsus olmuş bütün torpaqlar, o cümlədən Polşa və Finlandiya Rusiyaya qaytarılmalıdır: "Çar devrildikdən sonra Polşa qanunsuz olaraq Rusiyadan ayrıldı, Finlandiyaya isə sovet hökumətinin qərarı ilə müstəqillik verildi. Sovet hökumətinin belə qərar qəbul etməyə ixtiyarı yox idi”.
Rusiyalı deputat hesab edir ki, rus xalqı parçalanıb və milyonlarla rusu yaşadığı yerlərdə yad dildə danışmağa məcbur edirlər. Duma üzvünün bu iddialarını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, zaman-zaman Jirinovskinin sərsəmləmələrini çox eşitmişik: "Bu həmin Jirinovskidir ki, bir vaxtlar iddia edirdi ki, rus əsgərinin ayağı Hind okeanına dəyməlidir. Ancaq təəssüflə qeyd etməliyəm ki, LDP sədrinin bəzi proqnozları Rusiya hökuməti tərəfindən icra edilir. Jirinovski illərdir Ukraynaya qarşı ərazi iddiaları qaldırır və Krımın Rusiyaya birləşdirilməsinin labüd olduğunu deyirdi. Biz isə artıq bunun şahidi olduq ki, Rusiya Krımı işğal edərək öz ərazisinə birləşdirdi”.
Polşa və Finlandiyanın yenidən Rusiyaya qaytarılmasına gəldikdə isə politoloq bunun mümkün olmayacağını deyib: "Jirinovskinin nəyə görə Polşanı hədəf seçməsinin səbəbləri bəllidir. Çünki Polşa Ukrayna məsələsindən sonra Rusiya siyasətinə qarşı çox sərt çıxışlar edir. Eyni zamanda, Polşa Rusiyanın Şərqə doğru genişlənməsinə də qarşıdır. Onu da deyim ki, Amerikanın Şərqi Avropada ən inanılmış müttəfiqi olan Polşanın bu siyasəti Jirinovskinin timsalında bütün Rusiya hakimiyyətində qıcıq oyadır.
Amma Jirinovskinin Polşa ilə paralel olaraq Finlandiyaya qarşı torpaq iddiası mənim üçün aydın deyil. Finlandiya hər zaman öz neytrallığını qoruyub. Hətta "soyuq müharibə” dövründə həm SSRİ, həm də Amerika ilə bərabər münasibətləri vardı. Balanslı siyasət yeridirdi və heç bir halda bu iki ölkədən birinə üstünlük vermirdi. Rəsmi Moskvada sovet vaxtı Finlandiyanın bu balanslaşdırılmış xarici siyasətini yüksək dəyərləndirirdi. İndinin özündə də Finlandiya Rusiya ilə tərs düşəcək siyasət yeritmir. Hesab edirəm ki, səbəbsiz yerə Jirinovskinin Finlandiyaya qarşı torpaq iddiaları ilə çıxış etməsi Finlandiyanın siyasi dairələrində müəyyən narazılıqlara səbəb ola bilər. Çünki bütün dünya, o cümlədən də Finlandiyanın rəsmi dairələri bilir ki, Jirinovskinin bu iddiaları əsassız deyil. Onu danışdıranlar var”.
E.Şahinoğlunun sözlərinə görə, Jirinovski beynəlxalq aləmdə Rusiya siyasətinin təlxəyi kimi tanınsa da, onun bəzi proqnozları öz təfəkkürünün məhsuludur: "O, təlxək kimi qiymətləndirilsə də, hər halda dünya geosiyasətini, tarixi, coğrafiyanı yaxşı bilir. O, müəyyən fikirləri ortaya ataraq nəbz yoxlaması aparır. Bir çox məsələlərdə isə Jirinovskinin kiminsə fikirlərini dilə gətirməsi şübhə doğurmur. Rusiya hakimiyyətində təmsil olunan müəyyən dairələr öz ideyalarını həyata keçirməzdən əvvəl təlxək dili ilə səsləndirirlər. İctimaiyyətin rəyini öyrəndikdən sonra da öz planlarını qurub, real hərəkətə keçirlər. Təbii ki, günü sabah rus ordusunun Polşa və Finlandiya torpaqlarını zəbt etməsi inandırıcı deyil. Amma 10 il bundan əvvəl kim inanardı ki, Rusiya qardaş dövlət adlandırdığı Ukraynanı parçalayıb, Krımı işğal edər? Hamı bu iddianı Jirinovskinin növbəti sərsəmləməsi kimi dəyərləndirdi və əhəmiyyət verən olmadı. Amma Rusiyanın bütün bu özbaşınalıqlarına rəğmən analoji hadisənin Polşa və Finlandiyanın başına gələcəyinə inanmıram. Onlar Ukraynada deyil, hər ikisi oturuşmuş dövlətlərdir. Polşanın arxasında isə Amerika Birləşmiş Ştatları durub. Buna əhəmiyyət vermədən Rusiyanın Polşaya hücumu artıq "qırmızı xətt”i keçməkdir. Çox güman ki, Jirinovskini danışdıranların məqsədi sadəcə həmin dövlətləri şantaj etməkdir ki, onlar Rusiyanın siyasətinə qarşı çıxsalar, hərbi əməliyyatlar istisna deyil. Əslində Rusiyanın "qırmızı xətti” keçməsi də artıq bizə təəccüblü gəlməməlidir.
Faktiki olaraq, bu gün rus əsgərləri uzaq Suriya ölkəsində İŞİD terrorçularına qarşı döyüşür. Düz yanı başımızdan, Xəzərin üstündən Suriyanı raket atəşinə tutur. Bu təkcə Suriyadakı terrorçuların zərərsizləşdirilməsi məsələsi deyil. Əsas məqsəd Xəzəryanı ölkələrə, eyni zamanda Türkiyə ilə qərbə mesaj göndərərək bölgədə əsas oyunçu olduğunu və hərbi qüdrətinin artdığını nümayiş etdirir”.
Şəymən