XİN ermənilərin toy mərasiminin atəşə tutmasına görə BMT-yə müraciət etdi






Azərbaycanın BMT yanındakı Nümayəndəliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən Tərtər rayonunun Qapanlı kəndində keçirilmiş toy mərasimini atəşə tutması ilə əlaqədar BMT Baş katibinə məktub ünvanlanıb. XİN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının A/69/1028-S/2015/704 saylı rəsmi sənədi kimi yayılan məktubda 1 sentyabr 2015-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindəki mövqeyindən məqsədli şəkildə Tərtər rayonunun Qapanlı kəndində keçirilmiş toy mərasiminin atəşə tutulması nəticəsində bir azyaşlı uşaq da daxil olmaqla, üç mülki şəxsin yaralandığı bildirilir: "Ermənistan silahlı qüvvələri tərəfindən toy mərasiminin atəşə tutulması, birbaşa mülki şəxslərin hədəfə alınması Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və beynəlxalq cinayət hüququna əsasən hərbi cinayətdir".
Bunun yeni hal olmadığı qeyd edilərək, Azərbaycana qarşı davam edən təcavüz əsnasında Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin öldürülməsi, əsir götürmə, hərbi əsirlərə və girovlara qarşı qeyri-insani davranış və işğal edilmiş ərazilərdə etnik təmizləmə kimi bir çox cinayət əməllərinin törədildiyi haqqında məlumat verilir. Bu xüsusda, Xocalı şəhərinin mülki sakinlərinə qarşı törədilmiş amansız qırğın qeyd edilir.
Məktubda həmçinin, bu kimi cinayətlərin təsadüfi olmadığı, Ermənistan tərəfindən irqi və etnik ayrı-seçkilik, nifrət və ərazi istilası kimi məkrli ideyalar əsasında yürüdülən sistemli siyasətin tərkib hissəsi olduğu bildirilir. Atəşkəs rejiminin mütəmadi əsasda pozulması və mülki Azərbaycan əhalisinin silahlı hücumlara məruz qalmasının Ermənistanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmamasının əyani sübutu olduğu qeyd olunaraq, Ermənistanın əsl niyyətinin Azərbaycan ərazilərinin işğalını davam etdirmək və bütün vasitələrlə cari status-kvonu saxlamaq olduğu diqqətə çatdırılır.
Sənəddə bildirilir: "Mülki şəxslərin müdafiəsinin BMT Təhlükəsizlik Şurasının gündəliyində daim əsas məsələlərdən biri olması və beynəlxalq ictimaiyyətin mülki şəxslərin müdafiə dairəsini genişləndirmək və qırğınları azaltmaq istəyinin fonunda Ermənistan hüquqi öhdəliklərinə məhəl qoymur və mülki şəxslərin qətlini hədəfləyən siyasət yürüdür. Buna son qoyulmalıdır”.
Məktubda Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Ermənistanın cəzasızlığına son qoyulması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən qəti addımların atılmalı olduğu vurğulanır.