Bəzi dövlət qurumları ləğv olunsun!

Deputatlar büdcə ilə bağlı maraqlı təkliflər səsləndirdi
Parlamentin iclasında müəllimlərin, həkimlərin maaşının artırılması gündəmə gətirildi



Parlamentin gələn ilin dövlət büdcəsi ilə bağlı keçirdiyi dünənki iclası günün ikinci yarısında millət vəkillərinin təklifləri ilə davam edib. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib ki, bəzi dövlət qurumları ləğv edilməlidir: "Bu qədər nazirliklərin, komitələrin fəaliyyətindənsə, təmərküzləşmə siyasəti həyata keçirilməlidir. Bir sıra komitə və nazirliyin ləğvi gündəmdə olmalıdır”.

Millət vəkili qeyd edib ki, ölkədə müəllimlərin, həkimlərin maaşı artırılmalıdır: "Böhranın nə vaxta qədər davam edəcəyinə heç kim proqnoz verə bilməz. Ona görə də hökumət bu məsələləri ciddi nəzərə almalıdır. Büdcənin keçən ilkinə nisbətən azaldılması dünyada baş verən hadisələr baxımından olduqca obyektivdir. Bu da onu göstərir ki, artıq real büdcə işləyəcək. Hər il Azərbaycanda 200 minə yaxın gündəlik ərzaq təminatı alan personal var. Bunlara dövlətdən vəsait ayrılır. Bunların ərzaq tələbatı daxili bazarın hesabına ödənilməlidir. Əhalinin işsiz qalmaması üçün bu sahədə dövlət sifarişi həyata keçirilməlidir. Tikinti sektorunu ayaqda saxlamaq üçün işlər görülməlidir. Bu sektorda yeni layihələri həyata keçirmək üçün iş adamlarına dəstək vermək lazımdır. Belə olan halda Azərbaycanda iş dayanmaz”.

"Çətinliklərə baxmayaraq ipoteka məsələsi diqqətdə saxlanmalıdır”

"Dünyada iqtisadi böhran olsa da, Azərbaycan hər hansı iqtisadi sarsıntılar keçirməyəcək, ikirəqəmli inflyasiya olmayacaq. Neft ölkəsi olsaq da, neftdən asılılıq olmayacaq”. Bu fikirləri isə millət vəkili Aydın Mirzəzadə səsləndirib. O qeyd edib ki, düşünülmüş siyasət nəticəsində Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirib: "Bundan sonrakı illərdə möhkəm bünövrəyə söykənərək digər layihələr həyata keçiriləcək. İki sahə - hərbi sahə, sosial yönümlü sahələrdə ayırmalar azalmayacaq və bir qədər də artacaq”.

Deputat qeyd edib ki, təmsil etdiyi Mingəçevirdə dövlət universitetinin yaradılması yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, o, Mingəçevirdə hərbi liseyin yaradılması təklifini də səsləndirib: "Hətta paytaxtdakı universitetlərin bəziləri, hərbi məktəblər ora köçürülə bilər. Təklif edirəm ki, Mingəçevirdə hərbi lisey yaradılsın”. A.Mirzəzadə ipoteka məsələsinə də toxunub: "Çətinliklərə baxmayaraq ipoteka məsələsi diqqətdə saxlanmalıdır. Güzəştli ipotekanın verilməsi tikinti sektorunun inkişafına, büdcəyə daxil olmaların artmasına, gənc ailələrə yardımçı olar. Təhsil kreditləri məsələsi ilə bağlı təhsil naziri bildirib ki, 11 dövlət universitetində xüsusi maarif fondu yaradaraq təhsil krediti məsələsini qismən həll edəcəklər. Nəzərə alsaq ki, 40-dan çox təhsil müəssisəsi, 10-dan çox özəl təhsil müəssisəsi var, demək, on minlərlə gəncin təhsil kreditinə ehtiyac var. Bu məsələyə də diqqət edilsə, yaxşı olardı”.

Deputat cəbhəyanı kəndlərə diqqət istədi

Xanım millət vəkili Qənirə Paşayeva isə ön cəbhədəki kəndlərin sakinlərinin təkliflərini səsləndirib və hökumətdən onların həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. O bildirib ki, ön cəbhədə yerləşən kəndlərdə yaşayan insanlar hər zaman böyük fədakarlıqla heç bir çətinlikdən və düşmən təxribatlarından çəkinməyərək öz evlərində yaşamaqda davam edərək düşmənə ən layiqli cavabı verirlər: "Bu cür kəndlərimizə dövlət tərəfindən dəstəyi daha da artırmaq yaxşı olardı. Ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması yaxşı olardı. Hər halda o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var”.

Belə kəndlərə sərmayə qoyuluşunun az olduğunu diqqətə çatdıran deputat həmin ərazilərdə iş quran adamların vergidən azad olunması təklifini də irəli sürüb: "Sosial yardımların təyin edilməsində də ön cəbhə kəndlərinə xüsusi dəstək göstərilməsi lazımdır”.

"Ordu gec-tez öz sözünü deməlidir”

"Məcburi köçkünlər üçün mənzil tikintisinə ayrılan maliyyə vəsaitinin həcminin azalmasına qətiyyən yol vermək olmaz”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib: "Ona görə ki, bu insanlar mülkiyyətlərini, iş yerlərini itiriblər. Bunların böyük bir qismi hələ də acınacaqlı vəziyyətdə yaşayır. Fikrimcə, dövlət büdcədən ilbəil bu istiqamətdəki xərcləri artırmalıdır ki, o insanlar normal mənzil şəraiti ilə təmin edilsinlər”. Deputat ildən-ilə hərbi xərclərin artırılmasının tərəfdarı olduğunu diqqətə çatdırıb: "Hərbi xərclər ildən-ilə artırılmalıdır. Bu, Qarabağ danışıqları prosesində Azərbaycanın mövqeyini gücləndirəcək. Həm də mən əminəm ki, biz müharibə etmədən torpaqların qaytarılmasına çətin nail ola bilək. Ermənistanın indiki rəhbərliyi gündən-günə azğınlaşır və daha azğın bəyanatlar verir. Məncə, ordu gec-tez öz sözünü deməlidir”.

"Cins heyvanın doğduğu buzova görə fermerə 100 manat verilir, amma insana uşaq dünyaya gətirdiyinə görə 75 manat”

Büdcə müzakirələri zamanı Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa binaların istiliklə təmin edilməsi məsələsini qaldırıb. O qeyd edib ki, xüsusilə də mənzil-istismar sahələrinin tabeliyindəki binalarda yenə problemlər var: "Adi lift məsələsi həll edilmir. Elementar məsələlərin həlli istiqamətində problemlər qalır. Qurumlar var, amma problem həllini tapmır”.

F.Mustafa Azərbaycanda yeni doğulan uşağa verilən müavinətin azlığından da danışıb: "Azərbaycanda yeni doğulan uşağa verilən müavinət 75 manatdır. Xaricdən alınan cins heyvanın doğduğu buzova görə fermerə 100 manat verilir, amma insana uşaq dünyaya gətirdiyinə görə 75 manat. Zəngin insan bunu ötüşdürə bilər. Amma kasıb ailə üçün bu çox vacibdir və uşağın xərcləri baxımından bu vəsait azdır. Təşəbbüs qaldırılaraq bunun üzərinə gedilməlidir. Bu məsələ həll edilməlidir və uşağın həyatı ilə bağlı məsələ barədə düşünməliyik”.

Deputat təhsil ala bilməyən azərbaycanlılardan da söz açıb: "İstanbulda təhsil ala bilməyən 2500-dən artıq azərbaycanlı uşaq var. Onların 500-ü məscidlərdə təhsil alır. Səhərisi gün onlar Quma gedəcək və Azərbaycana zombiləşmiş insan kimi qayıdacaqlar. Bununla da problem yaranacaq. Dövlət onların təhsil ala bilməsinə diqqətli olmalıdır. Bu təkcə Təhsil Nazirliyinin məsələsi deyil, bütün qurumlar buna diqqət etməlidir. Dövlət əlini bu məsələnin üstünə qoymasa, problem həllini tapmayacaq”. Deputat Bakıdakı yarımçıq tikililərə də diqqət çəkib: "Çox sayda sahibkar artıq müflisləşib. İpoteka ilə bağlı islahatlara gedilsə, sahibkar binanı tamamlaya, ailə isə evə yiyələnə bilər”.

Deputatlar təkliflərini birləşdirdi

İqtisadçı millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli təkliflərini birləşdirib tezis şəklində parlamentə təqdim ediblər. Deputatlar hökuməti əlavə gəlir mənbələrini axtarıb tapmaq üçün səy göstərməyə çağırıblar: "Bu mənbələri regionlarda da axtarmaq mümkündür. Ən böyük mənbələrdən biri kiçik və orta biznesin inkişaf etdirilməsidir. "Kömək etmirsənsə, heç olmasa, mane olma” prinsipi ilə yanaşmaq lazımdır. Bu, orta təbəqənin inkişafı üçün böyük bir mənbə olacaq”.

Vergi sahəsində əsaslı islahatlara gedilməsinin vaxtının çatdığını xatırladan deputatlar qeyd ediblər ki, daxili və xarici investisiyalar böyük miqdarda əlavə gəlirlər gətirə bilər: "Xərclərdə şəffaflığın, səmərəliliyin artırılması, monitorinqlərin aparılması istiqamətində işlər aparmaq və effektli nəticələr əldə etmək olar. Büdcədə əsaslı xərclər azalsa da, sosial xərclər azalmayıb. Bu, çox müsbət haldır. İcbari tibbi sığortanın tətbiqi, ipoteka, təhsil kreditləri, yerlərdə su, qaz və yol layihələrinin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilməlidir”.

"Turizm sektorunda qiymətlər yüksək, xidmət isə zəifdir”

"Dünyanın bir sıra ölkələrində gəlirlərin 70 faizini turizm sektorundan daxilolmalar təşkil edir”. Bu sözləri müzakirələrə qatılan xanım millət vəkili Elmira Axundova səsləndirib. Deputatın fikrincə, Azərbaycanda turizm sektorunda qiymətlər yüksəkdir. Yüksək qiymət müqabilində təklif edilən xidmətlər isə adekvat deyil: "Xidmətlər rəngarəng deyil, eləcə də alternativ turizm xidməti yoxdur. Reklam işi düzgün təşkil edilməyib. Bu sahəyə diqqəti artırıb turist cəlb edə, gəlir götürə bilərik”. Deputat 2016-cı ildə büdcədən Səhiyyə Nazirliyinə ayrılan vəsaitin azaldılmasına da narazılıq edib. E.Axundova digər mənbələrin azaldılması ilə səhiyyə xərclərinin saxlanması təklifini irəli sürüb. O həmçinin qeyd edib ki, kiçik sahibkarlıq inkişaf etdirilməlidir və banklar onlara kredit ayırmalıdır: "Kiçik sahibkarlığın inkişafı ilə regionlarda iş yerləri açılmalıdır ki, gənclərimiz işlə təmin edilsin və əhalinin ələ baxımlılığına son qoyulsun. Necə deyərlər, onlara balıq vermək əvəzinə, balıq tutmağı öyrətmək lazımdır”.
Bundan sonra büdcə zərfinin müzakirəsinin ilk iclası yekunlaşıb. Bu gün müzakirələr davam etdiriləcək.

Anar Bayramoğlu