Ramiz Alıyev: “ATƏT rəsmilərinin qeydləri kağız üzərində qalacaq”
"Beynəlxalq ictimaiyyət diqqəti Qarabağ münaqişəsinin siyasi həllinin vacibliyinə yönəltməlidir”. Bu sözləri ATƏT-in Baş katibi Lamberto Zanyer deyib. Son vaxtlar Ermənistan-Azərbaycan sərhədində gərginliyin artdığını söyləyən Zanyer bildirib ki, məsələyə siyasi diqqətin artırılması çox mühüm amildir. Baş katib həmçinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə daha bir görüş planlaşdırdıqlarını söyləyib:
"Beynəlxalq ictimaiyyət tərəflərə daha çox təsir göstərməlidir. Artıq münaqişə ilə bağlı regionun monitorinqini aparan xüsusi qrup fəaliyyət göstərir. Tərəflərin problemin həllinə töhfə verməsi üçün xüsusi mexanizmlər yaratmaq lazımdır. Xüsusən ağır silahlardan istifadə narahatlıq doğurur. Hesab edirəm ki, siyasi təşəbbüslər üçün zaman yetişib”. ATƏT-in Baş katibi Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün keçiriləcəyinə ümidvar olduğunu da bildirib.
Lamberto Zanyerin açıqlamalarını dəyərləndirən politoloq Mübariz Əhmədoğlu deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutma ehtimalı çox aşağıdır. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri normal vasitəçilik etməyə hazır deyillər: "Serj Sarkisyan Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırıb. Amma bu günə qədər həmin açıqlama ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vahid mövqeyi olmayıb. Çünki Sarkisyan bu bəyanatı ilə həmsədrlərin mandatını sıfıra endirərək qurumun təsirini öldürüb. Yalnız, Ceyms Uorlik münasibət bildirib. O da Dağlıq Qarabağın statusunun ATƏT-in müəyyən etməli olduğu bir orqan olduğunu deyib. Yəni amerikalı həmsədr Sarkisyana dolayı yolla cavab
verib. Həmsədrlər normal vasitəçilik missiyasından çox uzaqdırlar. Onların obyektiv vasitəçilikdən uzaqda olmasının səbəbi Ermənistanın əsassız, beynəlxalq hüquq normalarına zidd təklifini dəstəkləməsidir”. Politoloqun sözlərinə görə, Ermənistan qoşunların təmas xəttində xüsusi qurğuların quraşdırılmasını təklif edir: "Guya, həmin qurğular atəşkəs rejiminin hansı tərəfdən pozulduğunu müəyyən edəcək. Bu isə külli miqdarda vaxt və pul deməkdir. Prezidentlərin görüşü üçün hökmən Sarkisyan "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir” bəyanatına aydınlıq gətirməlidir. O, yazılı formada bildirməlidir ki, yenilənmiş "Madrid prinsipləri”ni qəbul edir. Ermənistan prezidentinin bu bəyanatı olmazsa, görüşün heç bir əhəmiyyəti yoxdur. Bu günə kimi prezidentlərin 30-a yaxın görüşü keçirilib. Sarkisyan BMT-də çıxış edərkən Azərbaycanı sivilizasiya adından, xristian dünyası adından hədələyib. Ermənistan prezidenti insanlıqdan uzaqdır. Ona görə də, prezidentlərin görüşünün baş tutma ehtimalını az hesab edirəm”.
Politoloq Ramiz Alıyev də deyib ki, əslində ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün yaradılıb və fəaliyyətləri də o istiqamətdə olmalıdır: "Ancaq təəssüflər olsun ki, bu qurum hələ də bir irəliləyişə nail ola bilməyib. Hesab edirəm ki, ATƏT rəsmilərinin qeydləri kağız üzərində qalacaq və onlar Ermənistana təsir etmək imkanlarından istifadə etməyəcəklər. Halbuki ATƏT-in sədri də daxil olmaqla orada fəaliyyət göstərən bütün nümayəndələr erməni hərbi birləşmələri tərəfindən Azərbaycan tərəfinin intensiv atəşə tutulmasını, əhalinin orada hansı təhlükəli şəraitdə olmasını çox gözəl bilirlər. Lakin buna baxmayaraq, münaqişənin həll olunmasında göstərdikləri fəaliyyətsizlikləri davam etdirirlər”.
İsmayıl