Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəb müəllimlərinin geyimindən narazıdır. İdarənin müdir müavini Məhəbbət Vəliyeva KİV-ə müsahibəsində bəzi müəllimlərin geyimlərindən gileylənib: "Müəllimlərin görünüşündə açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, uzun saqqal və sair kimi amillər yolverilməzdir. Bəzi müəllimlərin xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük yaradır. Bəzi müəllimlər açıq-saçıq, təhsil və tərbiyə ocağı adlanan məktəbə qətiyyən uyğun gəlməyən geyimləri, aşırı bər-bəzəkləri və davranışları ilə şagirdlərə mənfi təsir göstərirlər”.
M.Vəliyeva müəllimlərin vahid forma geyinməsinin tərəfdarı olmadığını da deyib, lakin bu açıqlamanı vahid müəllim formasına keçid istiqamətində bir addım da saymaq olar. O səbəbdən ki, müəllimlər açıq-saçıqlığa, aşırı bər-bəzəyə yol verməsin deyə, hamını bir formaya salmaq daha yaxşıdır. Necə deyərlər, belədə məsələ "obtovoy” həllini tapar.
Amma təhsil ekspertləri vahid məktəbli geyimini nə qədər alqışlayırsa, bir o qədər vahid müəllim geyiminə qarşıdırlar və bunu pedaqoji səhv hesab edirlər. Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında vahid məktəbli geyiminin lazımlı, vahid müəllim formasınınsa, gərəksiz bir iş olduğunu deyir. Bəs müəllimin geyimi necə olmalıdır?
Qeyd edək ki, paytaxtın bir neçə "bərkgedən” məktəbində vahid müəllim geyimi də çoxdan tətbiq edilir. Elə məktəblər var, müəllimlər üçün qalstuk, yaxud hansısa xüsusi atribut sifariş edir. Bununla sanki vahid geyimə başqa bir çalar, rəng qatır, həm də digər məktəblərdən fərqlənməyə çalışırlar. Bir sıra orta məktəblərdə isə xanım müəllimlərdən dərsə məhz kostyum tərzli geyimdə gəlmək tələb olunur.
Amma bu da məlumdur ki, müəllimlərin vahid geyimə keçməsi kimi bir rəsmi qərar, göstəriş yoxdur.
Təcrübəli pedaqoq Əjdər Ağayev isə bu fikirdədir ki, müəllim həm geyimi ilə, həm də davranışı, oturuşu-duruşu, danışığı, rəftarı ilə yaxşı mənada seçilməlidir:
- Müəllim elə geyimdə olmalıdır ki, şagirdin fikri onun nə geyindiyində yox, nə danışdığında olsun. Müəllim sadə, tövazökar geyimi ilə fərqlənməlidir və nümunə olmalıdır. Amma hökm deyil ki, müəllimlərə vahid geyim forması tətbiq edilsin. Məncə, müasir təhsil sistemində bu, lazımsızdır. Çar Rusiyası dövründə belə hallar vardı. O zaman gimnaziya, seminariya müəllimləri vahid geyimdə olurdular. Lakin sonralar bu üsuldan imtina edildi. Müasir dövrdə müəllimlərə eyni geyim formasının tətbiq edilməsinin hansı üstün cəhəti ola bilər, bu, nə effekt verir, deyə bilmərəm. Onu deyə bilərəm ki, müəllimlərin geyimi bu günün ən aktual məsələsi deyil. Bu günün aktual məsələsi odur ki, məktəb direktoru müəllimi işə, şagirdi isə məktəbə qəbul edərkən heç bir təmənna ummasın. Tədris ili boyunca da təmənna ummasın. Zahiri görünüşə aldanmaqdansa, insanın daxilən saflaşmasına diqqət yetirilməlidir. Hazırda bizim cəmiyyətimizdə şouya meyillilik var. Müəllimlərin vahid formaya keçirilməsi, məncə, təhsilə şou elementlərinin daşınması kimi olardı. Şagirdin eyniliyi məqbuldur, bu, bərabərlik prinsipinə uyğundur. Amma müəllimin eyniliyi monotonluq yaradır. Şagird bir dərsdən çıxıb digər dərsə gedir. Orada gördüyü "müəllimi”, burda da "görür”. Sifət başqa, saç başqa, baş başqa, səs başqa, amma geyim eyni. Sanki eyni paltarı bir adamdan çıxarıb bir başqasına geyindirirsən. Belə bir görüntü şagirdi yorur, yeknəsəklik yaradır. Vahid məktəbli formasına keçid yaxşıdır, bunun izahı da var. Vahid müəllim geyiminə isə izah vermək mümkün deyil. Müəllim müstəqil, ali təhsilli insandır. Əgər hansısa müəllim geyimdə rəqabət barədə düşünürsə, deməli o, müəllim deyil. Müəllimin geyimi ziyalı geyimidir. Ciddi, səliqəli, təvazökar. Hamını eyni rəngə bürümək olmaz. Elə insan var, hansısa rəng onun çöhrəsinə uyğun gəlmir, birinin çöhrəsinə bir rəng uyğun gəlir, bir başqasına başqa rəng. Müəllimə eyni geyim lazım deyil. Müəllimin geyimi səliqəli, ciddi olsun, yetər. Bu da doğrudur ki, hazırda müəllimlərin, xüsusən də qadın müəllimlərin geyimi ilə bağlı bəzi problem var. Bəzən qadın müəllimlər doğru geyim seçə bilmir, açıq-saçıqlığa meyl edirlər. Amma bunu aradan qaldırmaq üçün müəllimlərlə də iş aparılmalıdır, məktəb rəhbərliyi pedaqoji kollektivi bu barədə düzgün məlumatlandırmalıdır və rəhbərlik özü birinci növbədə örnək olmalıdır. Müəllimlərdə geyim, davranış, danışıq, ünsiyyət, insanlarla münasibət mədəniyyəti formalaşdırmaq lazımdı. Müəllim bilməlidir ki, işə gedir və uşaq - şagird önünə çıxacaq. Geyimini də buna uyğun seçməlidir. Əgər müəllim bunu düşünə bilmirsə, özünü idarə edə bilmirsə, ondan müəllim çıxmaz.
Məlahət Rzayeva