Ziya Məmmədov kimiləri gedəcək

“Məmur övladlarının özbaşınalığına səbəb atalarının qanunsuz davranışıdır”



Son dövrlər nəqliyyat naziri və ətrafı haqqında xəbərlərə demək olar ki, hər gün rast gəlmək olur. Müəyyən qəzetlərdə, xüsusən də bir çox internet portallarında nazirin "vurulduğu”, səlahiyyətlərinin əlindən alındığı, yaxınlarına aid biznes obyektlərinə əl qoyulduğu, hətta postu ilə vidalaşdığı və s. xəbərlər qarşımıza çıxır.

Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun parlament seçkilərində namizədliyini irəli sürməməsi, "Dövlət Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil quruma çevrilməsi Məmmədovun nazir karyerasının bitməsi kimi qələmə verilir. Xüsusən, son günlər Z.Məmmədovun və qardaşı Elton Məmmədovun övladları ilə bağlı arzuolunmaz xəbərlərin tirajlanması Məmmədovlar ailəsini gərgin günlər yaşaması kimi izah olunur. Ancaq Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mətbuatda yayılanların sadəcə cəfəngiyyat olduğunu deyib. Nazirlik rəsmisinin sözlərinə görə, Ziya Məmmədov ölkədə olmadığı üçün iclaslara qatıla bilmir: "Cənab nazir oktyabrın 23-nə qədər əmək məzuniyyətindədir. Nazir Bakıda deyil, xaricdədir”.

Məsələni dəyərləndirən tanınmış jurnalist Zamin Hacı deyib ki, ölkədə müəyyən problemlər mövcuddur. Bu problemlərin fonunda Ziya Məmmədov kimiləri gedəcək: "Absurd olan budur ki, hazırda Nəqliyyat Nazirliyi mövcuddur, amma onun tabeçiliyində heç bir nəqliyyat vasitəsi yoxdur. Yəni Dəmir yolu, taksilərə lisenziyanın verilməsi və s. bu qurumum əlindən alınıb. Yəni struktur olaraq çox gülməli bir təşkilata çevrilib. Nəqliyyat Nazirliyi nəyə baxır?”.

Z.Hacı nazirin övladı və yaxınları ilə bağlı yayılan söhbətlərə də toxunub: "Gərək valideyn nümunəvi olsun ki, övlad da ondan yaxşı örnəklər götürsün. Hamımız bilirik ki, Z.Məmmədovun qardaşı uşaqları və ya yaxınları onun tabeçiliyində olan strukturlara rəhbərlik edirdilər. Əlbəttə, bu özbaşınalıq və qanunsuzluqdur. Məmur övladlarının özbaşınalığına səbəb atalarının qanunsuz davranışıdır. Ancaq son zamanlar görürük ki, Z.Məmmədov "budanır”. Fürsət düşmüşkən yəqin ki onun özbaşınalığa yol vermiş yaxınlarını məsuliyyətə cəlb edəcəklər. Çünki indi nazirin özü çətinə düşüb”.

İsmayıl