Fətva verildi, məhərrəmlik ayı başlayır

“Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil”



"Dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ ) qurum sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə tədbir keçirilib. Toplantıda QMİ-nin Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib”. Fətvada deyilir: "Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni Hicri 1437-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü islam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür. Məhərrəm ayının 10-u - Aşura günü 2015-ci il oktyabr ayının 24-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın

bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər. Dindarlarımız ölkəmizin günü-gündən bölgədə və dünya miqyasında artan nüfuzunu, din-dövlət münasibətlərinin yüksək səviyyəsini Uca Allahın lütfü kimi dəyərləndirirlər. Onlar bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçımız İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualarını əsirgəmirlər. Din xadimlərimiz moizələrində dindarları Allaha xoş gedən bu səyləri daha artıq dəyərləndirməyə, Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar”.

Məscidlərə yeni axundlar təyin olunub

Bakıdakı Əjdərbəy və Təzə Pir məscidlərinə yeni axundlar təyin olunub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, Təzə Pir məscidinə Hacı Mircəfər Eyyubov, Əjdərbəy məscidinə isə Şeyx Cavid Məmmədov təyin olunub. Qeyd edək ki, Təzə Pir məscidinin axundu Hacı Əhməd bir müddət əvvəl rəhmətə gedib. Əjdərbəy məscidində isə daha bir vakant yer olduğu üçün axund təyin olunub.

Şeyx dini radikalizmdən danışıb

A.Paşazadə məscidlərin axund və imamlarına, ruhanilərə xitabən bildirib ki, yalnız daxili vəhdəti qorumaqla, milli-mənəvi birliyi daha da möhkəmləndirməklə, vətənin maraq və mənafelərinə sadiq olmaqla bu bəlalardan qorunmaq mümkündür: "Məlumatlar daxil olur ki, yerlərdəki bəzi məscidlərə dəstə-dəstə bəzi adamlar gəlir. Kimsə hansısa fikirlərin daşıyıcılarını din adı altında başına toplayıb, yaxınlıqdakı məscidə gedir. Əvvəl görmüşdük ki, adam tək-tək məscidə gələr, indi topa-topa gəlirlər. Bizim oradakı axund və imamların bəziləri də onlar qarşısında qorxaqlıq nümayiş etdirərək səslərini çıxarmırlar. Sən nədən qorxursan axı? Qorxursansa, deməli sən ruhani deyilsən! Sənin arxanda Allah var, Azərbaycan dövləti var. Sən onlardan qorxmaqla dövlətinə, dininə xəyanət etmiş olursan”.

QMİ-də Etika komissiyası yaradılır

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, axundların davranışlarının, eləcə də yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlı QMİ-də Etika komissiyası yaradılacaq. Komissiyanın tərkibi yaxın günlərdə formalaşdırılaraq ictimaiyyətə məlumat veriləcək.

Ayyət Əhməd