Sosial şəbəkə istifadəçilərindən biri Bakı-Quba yolunda qoyulmuş qəribə nişanla bağlı maraqlı video paylaşıb. Yol kənarındakı nişan sürətin 90 km/saat olduğunu göstərir. Amma adam nişana yaxınlaşır və "90”nın altında "110” "gizləndiyini” üzə çıxarır. Görünür ki, kimsə 110 km/saatı göstərən nişanın üstündən "90 km/saat” nişanını pərçimləyib.
Yəni, iki yol nişanı üst-üstə vurulub. Videoda görünür ki, bir nişanın üzərinə digəri sadəcə, nazik simlə bərkidilib. Videonu izləyənlər sosial şəbəkədə aktiv müzakirə açıblar və bir medalın iki üzünə bənzəyən bu sirli nişanı əsasən yol polisinin "ayağına yazırlar”. Guya ki, bunu edən yol polisidir, qəsdən yoldakı sürəti gah artırıb, gah da azaldırlar ki, daimi sürücülər çaşqınlığa düşsün və sürət həddini tənzimləyə bilməsinlər, nəticədə radara düşüb cəriməyə məruz qalsınlar.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı isə sözügedən nişan barədə məlumatlı olduğunu, rəhbərlik etdiyi saytda həmin məlumatı yerləşdirdiklərini bildirdi:
- Amma çox müsbətdir ki, biz bu məlumatı yaydıqdan sonra Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı rəsmi açıqlama verdi.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolundakı qəribə nişanla bağlı açıqlama verdi. BDYPİ-nin şöbə rəisi Kamran Əliyev avtosfer.az saytı ilə əlaqə saxlayaraq, sürücülərin narahatlığına səbəb olan müvafiq məsələyə aydınlıq gətirdi və bildirdi ki, həmin nişanı "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları qanunsuz olaraq quraşdırıb. Həmin sıradan çıxmış nişan primitiv üsullarla daimi nişanın üzərinə bərkidilib. Orada təmir işləri aparıldığından bu üsula əl atıblar. Məsələ ilə bağlı məlumat yayılandan sonra Baş Dövlət Yol Polisi İdarəsi həmin problemi aradan qaldırıb.
Kamran Əliyev onu da qeyd edib ki, daimi nişanın üzərinə sürət həddi 90 km/saat göstərilən əlavə nişan quraşdırılsa da, heç bir sürücü orda radara düşə bilməz. Çünki ordakı radar 110 km/saat-dan yuxarı sürət həddini qeydə alır.
E.Muradlı bildirdi ki, BDYPİ məsələyə aydınlıq gətirdi, lakin problem bununla bitmir:
- "Azəryolservis” özbaşına, bu cür kustar üsulla yol nişanı quraşdırmamalıdır. Bu işlər mütləq Dövlət Yol Polisinin razılığı ilə olmalıdır. Hansısa yolda təmir işləri aparılırsa, nişanları quraşdırmağın da öz üsulları var. Belə hallarda müvəqqəti nişanlar quraşdırılır, amma bunun da qaydası var. Müvəqqəti nişanlar quraşdırılarkən də "Yol hərəkəti haqqında” qanuna əməl edilməlidir. Bu cür xətalara yol verənlər məsuliyyətdən kənar qalmamalıdır. Yolda təmir aparılırsa, bunu göstərən müvafiq nişanlar qoyulmalıdır, həm də ardıcıl qaydada, qısa məsafə aralığı ilə. Sürət həddi də yolun təmir olunan hissəsinə yaxınlaşdıqca, yavaş-yavaş aşağı
düşməlidir. Əgər həmin "ikiqat nişan” qoyulmuş yolda təmir işləri aparılırsa, o yolda 90 km/saat da çoxdur. Təmir aparılan yolda sürət həddi 30,40, 50 ola bilər.
Məlahət Rzayeva