İstefalar olmadı: Ankaradakı terror Türkiyənin siyasətini gec-tez tamam dəyişəcək

"Son terror hadisəsi AKP-nin təkbaşına hökumət qurma sevdasının üstündən xətt çəkir. Bu isə üfüqdə koalision hökumətin olacağından xəbər verir”




Türkiyədə yaşanan dəhşətli terror hadisəsi ölkənin təhlükəsizliyinə məsuliyyət daşıyan qurum rəhbərlərinin, xüsusən daxili işlər nazirinin istefasını gündəmə gətirib. Ölkə müxalifəti də israrla bir neçə nazirin vəzifədən getməsini tələb edib.

Ötən gün özəl telekanallardan birinin qonağı olan Baş nazir Əhməd Davudoğlu da hadisəyə görə, nazirlərin istefa verib-verməyəcəyindən danışıb. Jurnalist Əhməd Ərpatın "13 illik AKP hökumətində istefa mexanizmi işləmir” sözü üzərinə Davudoğlu indiyə kimi bir neçə istefaların olduğunu xatırladıb: "Birincisi, daxili işlər naziri Səlami Altınox ən təcrübəli nazirlərdəndir. İndiki halda vəzifədən ayrılmaq doğru qərar olmaz. İknicisi isə tənqid olunan və istefası tələb olunan Ədalət və daxili işlər nazirləri texniki vəzifə icra edirlər. Onlar AKP kimliyi daşımırlar. Kimi dəstəklədiklərini də deyə bilmərəm. Ancaq bir şeyi vurğulayım ki, bizim hakimiyyətimiz dövründə heç bir nazir 12 kresloda əyləşməyib”.

"Siyasi məsuliyyət daşıyanlar dərhal istefa verməlidir”

Malatyada cənazə mərasimlərinə qatılan CHP lideri Kamal Kılıcdaroğlu, "Cümhuriyyət tarixinin ən acı olayını yaşadıq. Bu işin siyasi günahkarları mütləq cəzalandırılmalıdır” deyib: "Deyirlər ki, guya bütün təhlükəsizlik tədbirlərini görüblər. Belə çıxır ki, onlar partlayış olan yerdə deyil, kənar yerdə mühafizəni təşkil ediblər. Bu qədər dar düşünən bir adamın nazirlik kreslosunda oturması doğrudurmu? Demokratik ölkələrdə bu cür hadisədən sonra məsuliyyət daşıyanlar dərhal vəzifəsini tərk edir. Biz də bunu tələb edirik”.

"Milli Təhlükəsizlik Təşkilatının rəhbərliyi istefa verməlidir”

Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, hazırda Türkiyədə güclü bir hökumət yoxdur. Mövcud hökumət isə müvəqqəti seçim hökumətidir: "Müvəqqəti seçim hökuməti müxtəlif qüvvələrdən təşkil olunub. Belə hökumət tam hakimiyyətsizlik olmasın deyə, konstitusiyaya uyğun olaraq formalaşdırılır. Ancaq fərqli qruplardan toplanmış şəxslərlə qurulmuş hökumətin az zamanda ölkənin təhlükəsizliyini təmin etməsi mümkün deyil. İstefaya gəlincə, hesab edirəm ki, Milli İstihbarat Təşkilatının rəhbərliyi mütləq vəzifəsindən getməlidir. Bu boyda terror hadisəsi baş verir, özü də başqa bir dövlətin təşkilatçılığı ilə hazırlanır və həyata keçirilir. MİT-in isə bundan xəbəri olmur. Bu, təhlükəsizlik sahəsində çox ciddi boşluqdur. Təcili qaydada boşluğu doldurmaq lazımdır”.

"Vaxtında koalisiya hökuməti qurulsaydı, indiki hadisələr yaşanmazdı”

Politoloqa görə, məsuliyyətin bir hissəsi Ərdoğanın üzərinə düşür: "Məhz onun sayəsində koalisiya hökuməti qurula bilmədi. Ona görə də gələcək koalisiya hökumətinin asanlıqla qurulması üçün indidən bəzi siyasi təməllər atılmalıdır. Türkiyəyə güclü bir hökumət lazımdır ki, strateji qərarlar verə bilsin və bir çox sahədə olan boşluqları yeni yanaşma ilə doldursun. Eyni zamanda xarici siyasətin yenidən qurulmasına ciddi ehtiyac var. Ona görə koalisiya hökuməti haqda danışdım ki, son terror hadisəsi AKP-nin təkbaşına hökumət qurma sevdasının üstündən xətt çəkir. Bu isə üfüqdə koalision hökumətin olacağından xəbər verir”.

İsmayıl