Uşaq televiziyasına ehtiyac var

Sevda Sultanova: “Kadr potensialımız yoxdur. Kadrlar isə çox şeyi həll edir”
İntiqam Soltan: “Təbii ki, bu kanal dövlət tərəfindən açıldığına görə, ictimai nəzarət də güclü olacaq”


... əvvəli ötən sayımızda

Azərbaycanda uşaq mətbuatı sahəsində ciddi problemlər mövcuddur. Həm uşaq nəşrlərinin, həm də telekanallarda yayımlanan uşaq verilişlərinin səviyyəsi qənaətbəxş deyil. Uşaqlar günlərinin çoxunu ekran qarşısında Rusiyanın, Türkiyənin müxtəlif uşaq kanalları seyr etməklə keçirirlər. Bu isə onların həm dünyagörüşünə, həm danışıq vərdişlərinin formalaşmasına, həm də düşüncə tərzinə öz təsirini göstərir. Bu kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablandığından onların təbliğ etdikləri dəyərlər də bu xalqların mentalitetinə və maraqlarına uyğun formalaşıb.

Bu baxımdan ölkəmizdə də körpələrimizin milli ruhda böyüməsinə xidmət edəcək bir uşaq kanalının yaradılması vacib hesab olunur. Hətta uşaqlarla bağlı verilişlərin azlığı və verilişlərin xaricdən gətirilərək yerli telekanallarda göstərilməsi Milli Televiziya və Radio Şurasını narahat edir. Dəfələrlə şura rəhbərliyi tərəfindən bu məsələ gündəmə gətirilib. Buna baxmayaraq, hələ də belə bir kanalın yaradılması ilə bağlı bir tərpəniş görünmür.

Teletənqidçi Sevda Sultanova da hesab edir ki, Azərbaycanda uşaqlar üçün xüsusi bir telekanalın açılması çox vacibdir: "Əlbəttə ki, uşaqlar üçün televiziyanın açılması vacibdir. Belə bir təcrübə bütün normal ölkələrdə var. Amma istənilən halda televiziya ilə bağlı valideynin uşağa nəzarəti olmalıdır. Yəni uşağı televiziya ilə təkbaşına buraxmaq olmaz. Axı uşaq verilişləri və filmlərinin özü də yaş kateqoriyalarına ayrılır. Uşaqlar üçün çəkilmiş elə film və verilişlər var ki, məsələn, 5 yaşına kimi uşaqların olanlara baxması məqbul deyil. Rus alimi, bioloq Kara-Murzanin televiziyanın uşaqlara təsiri ilə bağlı çox maraqlı bir yazısı var. Alim dünyanın müxtəlif ölkələrindən faktlar gətirir ki, tok-şoulara, realiti-şoulara baxan uşaqlar, yeniyetmələr gerçək həyatda onları təkrarlayaraq ölümlə nəticələnəcək faciə törədirlər. Yəni televiziyaya aludə olan uşaqlar virtual dünya ilə gerçək həyat arasındakı sərhədləri itirdiyindən ilk növbədə onlara valideyn tərəfindən nəzarət mexanizmi olmalıdır”. Teletənqidçi yerli telekanallardakı uşaq verilişlərinin səviyyəsindən də narazılıq edib: "Çox təəssüf ki, yerli telekanalların uşaq verilişləri keyfiyyətsiz və saxtadır. Bu verilişlər uşaqların şəxsiyyət kimi formalaşmasına əngəl törədir və zövqünü korlayır. Uşaqlar şəxsiyyət yox, imitator kimi böyüyür. Müsbət tərəf hələ ki, görmürəm. Sizə bir fakt deyim. Bu gün siz istənilən uşaqdan kimə bənzəmək istədiyini soruşun. Mütləq cavabında bir müğənni və ya meyxanaçının adını çəkəcək. Çünki uşaq verilişlərinə daha çox müğənnilər dəvət olunur. Buna görə də televiziya verilişlərində uşaq mütəxəssislərinin olması vacibdir. Psixoloqlar, pedaqoqlar, ancaq uşaqlar üçün yazan ssenaristlər və s. Bu amil peşəkar və faydalı verilişin təminatçısıdır”.

Sevda Sultanova uşaq proqramlarının əsas tələblərinin bunlar olduğunu deyib: "İlk növbədə səmimilik olmalıdır, uşaqlar üçün verilişlər başdansovdu, nəyinsə xatirinə hazırlanmamalıdır. Dediyim kimi, uşağın yaşından asılı olaraq verilişlərin spesifikası müəyyənləşir. Məsələn, kiçikyaşlı uşaqlar üçün mövzu vizuallıqla, yəni sadə, anlaşıqlı görüntülərlə çatdırılmalıdır. Mütləq müsbət dəyərlər aşılanmalıdır. Mənim arxivimdə sovet dövründə çəkilmiş cizgi filmləri var. Bəzi cizgi filmlərinə söz yoxdur, mövzu kuklaların hərəkətilə açılır. Və bunu elə keyfiyyətlə hazırlayıblar ki, uşağı istər-istəməz ekranın qarşısında saxlayır. Çünki kiçikyaşlı uşaqları hər şeydən əvvəl parlaq rənglər, dinamik görüntülər cəlb edir. Amma deyim ki, mən ümumiyyətlə uşaqların televiziyaya baxma saatlarının mümkün qədər məhdudlaşdırılmasının tərəfdarıyam. Azərbaycan ailələrində uşaqların tərbiyə metodu kökündən yanlışdır. Nəinki yanlışdır, ümumiyyətlə, belə bir metod mövcud deyil. Uşaq dünyaya gətirən ailələr onun qarşısındakı məsuliyyəti maddi, fiziki tələbatlarını ödəməklə bitmiş sayır. Amma uşağın mənəvi tələbatları, daha doğrusu, bu tələbatların düzgün istiqamətləndirilməsi haqda düşünmürlər. Uşağı başından eləmək üçün onu televizorun qarşısına itələyirlər. Uşaq da gördüyü hər şeyə baxır. Ona görə öncə valideynləri maarifləndirmək və tərbiyələndirmək lazımdır. Hər şeydən yaxşısı uşağı kitaba yönlətməkdir. Zəhmət çəkib uşaqlarına vaxt ayırsınlar, Qrem Qrinin, Sarl Perronun, Anderenin, Jül Vernin, S.S Axundovun və digərlərinin əsərlərini oxusunlar. "Bu şəhərdə”nin diskini almaqdansa, sovet dövründə çəkilmiş, eyni zamanda Avropa, Yaponiya istehsalı olan cizgi və kino filmlərinə pul xərcləsinlər. Uşaqları manipulyasiya edən, psixikasını pozan, bəsitləşdirən Hollivud istehsalı olan Harri Potter, Cumanci və bu tipli axmaq fantastik filmlərə baxmağı

qadağan etsinlər. Yeri gəlmişkən, bir faktı da deyim ki, intellektual rejissorlar bu tip filmlərin təhlükəsi haqda həyəcan təbili çalırlar.

Mən 5-6 il əvvəl oxumuşdum ki, məşhur Amerika rejissoru Stiven Spilberq uşaqlarına TV-yə baxmağı qadağan edib”. Teletənqidçi gələcəkdə Azərbaycanda uşaq televiziyasının yaradılması ideyasının reallaşa biləcəyini də düşünür: "Amma hələ ki, bunun üçün əlverişli şərait görmürəm. Hər şeydən əvvəl ona görə ki, bunun üçün kadr potensialımız yoxdur. Kadrlar isə çox şeyi həll edir”.

Uşaq Teatrının direktoru İntiqam Soltanın fikrincə, Azərbaycan ailələrinin uşaqları şüur, ağıl, dərrakə baxımından heç bir millətin övladlarından geri qalmır: "Bu, hərtərəfli inkişafın bəhrəsidir. Azərbaycanda uşaq kanalının açılması daha yaxşıdır. Bizim uşaqlar gözünü açıb Türkiyə, Rusiya və İngiltərənin uşaq kanalları ilə böyüyəndə, təbii ki, onlarda millilik müəyyən mənada az olacaq. Türkiyənin kanallarında yayımlanan verilişlərin əksəriyyəti daha çox ingilislərdən götürülmüş layihələrdir. Düzdür, bunlar bizdə də olacaq. Amma ən azından milliləşdirilmiş şəkildə, Azərbaycan dilini qorumaqla təqdim olunacaq. Bu, uşaqların milli şüur və əhval-ruhiyyədə böyüməsinə şərait yaradacaq. Təbii ki, bu kanal dövlət tərəfindən açıldığına görə, ictimai nəzarət də güclü olacaq. İnanıram ki, uşaq teatrı belə bir kanalda ən azından həftədə bir dəfə çıxış edəcək. Tamaşalarımız mütəmadi olaraq, təbliğ olunacaq. Hər halda bu, Azərbaycan uşaqlarının təlim-tərbiyəsi üçündür”.

Media eksperti Zeynal Məmmədli isə belə kanalın yaradılmasının real olmadığı məqamlara toxunub: "Düşünürəm ki, indiki şərtlər daxilində uşaq telekanalının yaradılmasına ehtiyac yoxdur. Azərbaycanın reklam bazarı, media bazarı haqqında məlumatımız yoxdur, medianın özünün müstəqillik baxımdan problemləri var. Uşaq kanalının yaradılması üçün kadrlar və ilk növbədə media psixologiyasını öyrənən, media auditoriyasının yaşına görə özəlliklərinə bələd olan kadrlar lazımdır. Bir telekanal yaratmamışdan öncə ortalıqda aktual bir veriliş olmalıdır. Necə gerçəkləşəcək, bunun üçün qüvvə varmı və cəmiyyətin buna ehtiyacı nə qədərdir”. Z.Məmmədli bildirib ki, hətta maliyyə tapılsa belə, bütün bu işlər görülmədən uşaq televiziyasının yaradılması, "Mədəniyyət” kanalının gününə düşməsi ilə nəticələnəcək: "Özünüz düşünün, "Mədəniyyət” kanalı yaranandan sonra Azərbaycan mədəniyyətində nə dəyişiklik oldu?! Deyə bilərsinizmi, hansı ciddi diskussiyalar getdi?! İnsanların mədəni potensialında artım müşahidə olundu?! Bütün bunların pərdəarxası ciddi məqamları araşdırılmalıdır. Əgər İTV-nin, AzTV-nin uşaq redaksiyaları varsa, dövlət büdcəsindən onlara böyük maliyyə vəsaiti ayrılırsa, ortaya nə çıxarırlar?! Uşaqlarla bağlı sənədli filmlərmi çəkirlər?! Uşaqlara valideynlərlə, yaşlılarla münasibətlərimi aşılayırlar?! Dünyanın bir hissəsi kimi dünya ilə ünsiyyətəmi hazırlayırlar?! Bütün bunlar olmayandan sonra bu mövzu ətrafında danışmaq "Saman çöpündən yapışmaq” təsiri bağışlayır”.

"Uşaq və Gənclər” İctimai Birliyinin sədr müavini Fidan Kərimli deyib ki, yerli istehsalın az olması və uşaqların daha çox xarici uşaq filmləri və cizgi filmlərinə baxması onlarda aqressiya yaradır: "Əvvəl heç belə hallarla qarşılaşmırdıq. Çünki indi uşaqların baxdığı yalnız cizgi

filmləridir. Əlavə hər hansı onlara informativ məlumatlar verəcək verilişlər yoxdur. Nəticədə onlarda aqressiya yaranır. Məsələn, uşaq nəyəsə hirsli olanda deyir ki, onu öldürmək istəyirəm. Səbəbini və haradan öyrəndiyini soruşanda, deyir ki, "Ben Ten”ə baxmışam”. Yəni əcnəbi cizgi filmləri onlara mənfi təsir göstərir”.

F.Kərimli uşaq televiziyasının yaradılması ilə bağlı layihələrinin olduğunu, lakin hələ həyata keçirə bilmədiklərini vurğulayıb: "Hazırda bu, layihə prosesindədir, biz onun reallaşdırılması üçün maliyyə axtarırıq. Ümumiyyətlə, gələcəkdə planımız var ki, efir televiziyası olmasa belə, internet uşaq televiziyası yaradaq. Layihə reallaşmadığı üçün o haqda geniş məlumat verə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, onlayn formatda yaradılacaq uşaq televiziyasını uşaqlar idarə edəcək”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb