Millət vəkili iddialarla razılaşmır

Nizami Cəfərov: “Azərbaycan dili dərsliyi Azərbaycan dilini öyrətməlidir” fikri yanlışdır”



"Azərbaycan dili” dərsliklərində daha çox normativ-qrammatika öyrədilir. Dərsliklərdə Azərbaycan dilini öyrətmirlər, əsasən Azərbaycan dilinin nəzəri, qrammatik əsaslarını öyrədirlər”. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov bildirib. Onun sözlərinə görə, orta məktəblərin "Azərbaycan dili” dərsliklərində canlı dil qabardılmır:

"Biz sırf canlı dili dərsliklərdə görə bilmirik. Məsələn, dərsliklərdə gələcək zamanın - "acaq”, feili bağlamanın - "ıb” şəkilçiləri əsasında nümunələr verilir və uşağa izah olunur ki, filan sözün qrammatik göstəricisi bundan ibarətdir. Ancaq çalışmaq lazımdır ki, dərsliklərdə canlı dilin özü təqdim olunsun”. Tez-tez rayonlarda olduğunu söyləyən Ş.Məmmədov qeyd edib ki, Azərbaycan dili, ədəbiyyat müəllimləri, habelə şagirdlər ləhcədə danışırlar: "Müəllim 45 dəqiqə ərzində ədəbi dildə danışmır. Məsələn, cənub bölgəsində ədəbi dildə danışan müəllimi mən çox az görmüşəm. O cümlədən də şagirdlər. Bu tək cənub bölgəsinə aid deyil. Nəticədə isə dildə həm normativ-qrammatikanın, həm ləhcə və dialekt ünsürünün üstünlük təşkil etməsi insanların fikrini səlis ifadə etməsinə maneçilik törədir”.

Məsələnin aktual olduğunu deyən millət vəkili, akademik Nizami Cəfərov bəzi iddialarla razılaşmayıb: "Azərbaycan dili dərslikləri yazılanda və proqramlar hazırlananda belə bir sual ortaya çıxır ki, Azərbaycan dili dərsliyi Azərbaycan dilinimi öyrətməlidir, yoxsa Azərbaycan dilçiliyi və yaxud dilçilik elmini? Əlbəttə, Azərbaycan dili, ədəbiyyat, fizika, kimya, riyaziyyat və biologiya da Azərbaycan dilini öyrədir. Azərbaycan məktəblərində tədris olunan bu dərsliklərin hamısı Azərbaycan dilini öyrədir. Azərbaycan dilinin öyrədilməsini yalnız Azərbaycan dili dərsliyinin üzərinə qoymaq doğru deyil. Yəni uşaqlar Azərbaycan dilini istənilən fəndən öyrənirlər. Çünki Azərbaycan dili müxtəlif üslublardan ibarətdir. Ədəbi dil müxtəlif üslublardan ibarətdir. Orta və ali məktəblərdə ilk növbədə Azərbaycan ədəbi dilinin elmi üslubu öyrədilir. Bunu mütəxəssislər bilirlər. Bütün fənlərdə Azərbaycan ədəbi dili, xüsusilə də onun elmi üslubu öyrədilir. Azərbaycan dili fənni, eləcə də dərslikləri Azərbaycan dilini öyrətməkdən daha çox Azərbaycan dilçilik elmini öyrədir. Ümumiyyətlə dilçiliyi öyrədir. Azərbaycan dili dərsliklərində müəllim Azərbaycan dilinin fonetikası, leksikası, morfologiya və sintaksisini öyrətməlidir. Bu sahələr öyrənilməlidir. Onlar nəzəri sahələrdir. Bu baxımdan "Azərbaycan dili dərsliyi Azərbaycan dilini öyrətməlidir” fikri yanlışdır. Azərbaycan dilçiliyi öyrənilməlidir”.

Müəllim və şagirdlərin dərs zamanı ləhcədə danışmasına gəlincə, akademik diqqətə çatdırıb ki, Azərbaycan çoxmillətli ölkədir: "Burada azərbaycanlılarla yanaşı, türk, talış, ləzgi və tatdilli azərbaycanlılar var. Bəzən olur ki, talış, tat və ləzgi dilli uşaqlar orta məktəbə Azərbaycan dilini yaxşı öyrənmədən gəlir. Onlarda Azərbaycan dilinin mənimsənilməsində müəyyən problemlər yaşanır. Xüsusilə ibtidai siniflərdə müəllim belə halları nəzərə almalıdır. Azərbaycan dili dərslərində Azərbaycan dilini də öyrətməlidir. Amma yuxarı siniflərdə Azərbaycan dili dərslərində üslublar öyrədilir. O da yenə nəzəriyyədir. Məsələn, Azərbaycan dili dərslərinə - bədii, elmi, publisistik və rəsmi üsluba bir neçə saat vaxt ayrılır. Həmin dərslərdə bu üslubları öyrətmək mümkün deyil. Sadəcə, onlar haqda elmi-nəzəri təsəvvür yaradılır və uşaqlar da o üslubları fərqləndirə bilirlər. Bir daha qeyd edim ki, Azərbaycan dili dərslikləri və dərsləri Azərbaycan dilindən daha çox Azərbaycan dilçilik elmini və yaxud ümumiyyətlə dilçilik elmini öyrədir”.

İlham Türksoy